11 Dekabr 2021 09:38
3 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk Media" prodakşının rəhbəri, aparıcı İlkin Həsəni Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Müsahibəni təqdim edirik:

- "İlk Xəbər" adlı yutub kanalınız fəaliyyətə başladı. Fəaliyyətinizi genişləndirmək və gələcəkdə kanal rəhbəri olmaq fikriniz varmı?

- 2013-cü ildə "İlk Media" şirkətini yaratdım. Həmin ərəfədə televiziyalardan təkliflər aldım, amma düşündüm ki, nə zamansa arzusunda olduğum öz işimi qurmalıyam.

Şirkəti 2013-cü ildə dövlət qeydiyyatından keçirdik. Düzdür, həmin ərəfədə bazamız yox idi ki, media kimi fəaliyyət göstərək. Amma film çəkilişlərində şirkətin loqosundan istifadə edərək rəsmi ödənişlər edir və müqavilələr bağlayırdıq.

Sonra imkanlarımız daxilində pillə-pillə böyüməyə başladıq, hazırda çəkilişlərimiz, serial, film üçün texniki bazamız formalaşıb. Bu gün öz hesabımıza olan televiziya və yutub layihələrimizdə avadanlığımızdan istifadə edirik, 20-ə yaxın əməkdaşımız var. Buraya ssenari, yaradıcı və texniki qrup daxildir. Gələcəkdə məqsədimiz işimizi daha da böyütməkdir.

O ki qaldı telekanalda rəhbər məsələsinə, bu gün sözün düzü, telekanalımın olacağına inanmıram. Özünüz bilirsiniz ki, hər şey rəqəmsallaşır, onlayn sistemə keçir. Əvvəl məlumatları, filmləri televiziyadan izləyirdiksə, indi artıq mobil telefondan, kompüterdən yararlanırıq. Növbəti işimiz onlayn televiziya yaratmaq ola bilər. Çünki onlayn televiziya yaratmaq və yayıma çıxarmaq asandır.

Bununla yanaşı insanların daha çox izləməsi üçün müəyyən imkanlarımız və auditoriyamız var. Düşünürəm ki, onlar üçün də maraqlı ola bilər. Demirəm ki, günün 24 saatını oturub, həmin kanala baxsınlar. Bu, artıq gələcəyin işidir. Düşünürəm ki, onlayn televiziya dövrüdür və keyfiyyətli onlayn TV ərsəyə gətirə bilərik.

- Bir neçə gün öncə "Speys" kanalından uzaqlaşmağınız və Xəzər TV ilə əməkdaşlığa başladığınız haqda xəbərlər yayıldı.

- Bu söhbətlər bilmirəm necə yayıldı. "Buğlama" "Speys"də yayımlanır. Bizim hazırda "Speys" televiziyası ilə yayım müqaviləmiz var. Müqavilənin müddəti ilin sonuna qədər davam edir. Müqavilənin müddəti yenilənib-yenilənməyəcəyini isə zaman göstərəcək. Görək, kanalın ümumi göstəricisi necə olacaq...

- Bu qərar maliyyə ilə bağlıdırmı?

- Maliyyə ilə bağlı deyil. Əslində "Speys" kanalına dostum Rauf Dadaşovun dəvətiylə ona dəstək üçün getmişdim, heç bir təmənna, maliyyə güdmədən.

Hətta bir neçə ay ərzində ziyana da düşdüm. Gördüm ki, mənə və Rauf Dadaşova verilən vədlər özünü doğrultmur. Ona görə düşündüm ki, dekabrın sonuna yaxın müqaviləmizin davam edib-etməyəcəyinə yenidən baxaq.

İlin əvvəlində "Speys" kanalında qalacağıq, başqa kanala gedəcəyik, hansı kanalda fəaliyyət göstərəcəyik və sair haqqında açıqlamamız olacaq. Amma həm Müşfiq Hətəmovla, həm də Murad Dadaşovla dostluq münasibətimiz var və davam edəcək.

- Xəzər televiziyası ilə danışıqlar aparmağınız haqqında yayılan xəbərlər doğrudurmu?

- Öncə deyim ki, Xəzər televiziyası ilə bağlı məsələsi haradan yayıla bilər... Yaxın günlərdə Xəzər TV-də yayımlanan verilişlərin birinə qonaq dəvət etmişdilər. Murad Dadaşov köhnə dostumuzdur, onunla da görüşdük, söhbət etdik.

Ola bilər ki, kanalda görən adamlar düşünüblər ki, İlkin Həsəni Xəzər televiziyasına gəlir. "İlk Media" müstəqil şirkətdir və istənilən kanalların təklifinə açığıq. Ciddi şəkildə araşdırıb, müzakirə edib, layihələri istənilən kanalda yayımlaya bilərik.

- Ofisinizə daxil olarkən gördük ki, ATV-dən ayrılmağınıza baxmayaraq yenə də həmin kanalı izləyirsiniz.

- Bəli, ATV kanalı mənim üçün doğmadır. 20 il əvvəl Azad Azərbaycan televiziyası ilk iş yerim olub. 106.FM radiosunda xəbər diktoru kimi işə başlamışdım.

- Yenidən ATV kanalına qayıtmaq fikriniz varmı?

- İnanmıram yenidən Azad Azərbaycan kanalına qayıdaq. Hazırda müəyyən iş təklifləri var və bu təklifləri incələyirəm.

- Deyilənə görə, Murad Dadaşov daha çox maaş vəd edir...

- Xeyr, bizdə maaş məsələsi deyil. Məsələn, ATV bizim üçün çox yaxşı şərait yaratmışdı. Yayımlanan veriliş və layihənin yayım keyfiyyəti, layihəyə olan diqqət, kanalın reytinqi, kanal rəhbərliyinin çalışdığı media şirkətləri ilə olan münasibətinin sıxlığı və sair mənim üçün çox önəmlidir. Yenə deyirəm ki, mənim üçün maliyyə məsələsi üçüncü-dördüncü plandadır.



- Şou xarakterli verilişlə məşhurlaşdınız. Bu formatdan uzaqlaşdınız və bir daha şou layihələrində yer almadınız. Sizinlə eyni vaxtda məşhurlaşan aparıcıların eyni formatda davam etdilər, Zaur Baxşəliyevdən başqa. Buna səbəb nə oldu?

- Aparıcı kimi 2001-2013-cü ilə fəaliyyət göstərdim. Sonra gördüm ki, inkişaf etmək üçün yeniliklər etməliyəm. Həmin ərəfədə aparıcı kimi öz layihəmi təqdim etməyə şərait yaranmadı. Layihələr təqdim edirdim, ATV-nin keçmiş rəhbərliyi baxırdı və bildirirdi ki, lazım deyil, bu layihə üçün sponsor tapılmayacaq.

Sonra 2013-cü ildən "Bozbash pictures"i çəkməyə başladıq. Bütün rayonları gəzdik, başımız ona qarışdı, aparıcılıq yaddan çıxdı. Aktyorluğa keçdik, hansı ki, sənətim də deyildi. Mən rejissorluq fakültəsini bitirmişəm. Hazırda çox adamın yaddaşında aktyor kimi qalmışam və təqdim edəndə də aktyor İlkin Həsəni kimi təqdim edirlər. Bu mənim üçün qəribə gəlir ki, aktyor deyiləm. Ən azından aktyorların yanında ayıbdır. Ona görə bilmirəm azdan-çoxdan alındıra bilirdik, yoxsa yox.

Azərbaycanın bütün rayonlarında, eləcə də Türkiyə, Rusiya, Dubayda "Bozbash pictures"in çəkilişlərini etdik. Sonda qərara gəldik ki, bir layihə üçün artıq hər şey etdik, bütün mövzulardan yararlandıq, ssenarilərimiz və s. Davam etsək ya etdiklərimizin təkrarı olacaq, ya da tamaşaçı deyəcək ki, bunlar bizi bezdiriblər. Bunları nəzərə alaraq layihəni dayandırmaq qərarına gəldik.

- Niyə "Buğlama" iki nəfərlə - İlkin Misgərli və Nicat Rəhimovla davam etdi?

- Çünki "Buğlama"nın formatı elə idi. "Bozbash pictures" yayımlanan zamandan artıq bu formatı planlaşdırmışdıq. Tamaşaçı düşünməsin ki, eyni obrazda görürük, standart aktyorlardır. İlkin Misgərli və Nicat Rəhimov aktyorluq sənətini bitirblər. Aktyorluq sənətini bitirdikləri üçün onlara dedim ki, dostlar, başqa rollara girə biləcəksiniz, gəlin yoxlayaq. Elə oldu ki, bir layihədə beş obraza girdilər. Bu gün də o obrazlar sevilir, davam edir və baxılır.



- "Bozbash pictures" kollektivini daim bir arada görürdük. Deyilənə görə, ailə qurduqdan sonra uzaqlaşmısınız. Bu doğrudurmu?

- Xeyr, dostlarımızdan uzaqlaşmamışıq. Əvvəl hər gün görüşürdük, təbii ki, indi imkan olmur, iş, ailə və sair. Amma ən azından həftədə bir dəfə özümüzə vaxt ayırırıq, danışırıq, deyib-gülürük. Sadəcə sosial şəbəkədə paylaşım etmədiyimizə görə kənardan elə görünür ki, ümümiyyətlə, görüşmürük, ya da gec-gec görüşürük. Ara-sıra kişi yığıncaqlarımız olur.

- Kiminlə ailəvi dostluq münasibətiniz var?

- Hər biri ilə ailəvi dostluq edirik. Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərlinin ailəsi ilə dostluq münasibətimiz var. Ayda bir-iki dəfə rayonlara istirahətə gedirik. Bütün dostlarımızla ailəvi yığıncaqlarımız olur, pandemiya vaxtı daha çox oldu. Çünki restoranlar bağlı idi.

- Elşən Orucovla küsülü olduğunuz deyilir. Nə dərəcədə doğrudur?

- Elşən Orucovla heç vaxt küsülü ola bilmərəm, heç o da mənimlə küsülü qala bilməz... Çünki digər dostlardan fərqli Elşənlə bizim başqa bağlarımız da olub. İncəsənət Universitetində təhsil alarkən ilk dəfə onunla dostluq etməyə başlamışam. Mən 28 May metrosunun yaxınlığında, o da bir az aralıda yaşayırdı.

Elşən universitet illərində evlərindən piyada bizə gəlirdi, İncəsənət Universitetinə birlikdə gedirdik. Avtobusa minəndə arxa oturacaqda əyləşirdik ki, tanışlardan kimsə bizi görməsin, onların yol pulunu verməyə pulumuz yox idi. Elşənlə bir blinçiki yarı bölürdük. Bizim belə dostluq bağlarımız olub...

- Elşən Orucovu siz tanıtdınız...

- Elşən Orucovun istedadlıdı, mən sadəcə vasitəçi oldum. Ona təkan lazım idi ki, başlasın. Özü də yenilikçidir. Mən ona deməmişəm ki, "Fəlakət" kimi belə danışmalısan, belə geyinməlisən. Hamısını özü tapıb. Elşən Orucov maraqlı obraz yaratdı və yadda qaldı.

- Aparıcı Turan İbrahimov qeyd etdi ki, Xəzər televiziyasından Zaur Kamal, Xoşqədəm Hidayətqızı ayrıldıqdan sonra reytinq aşağı düşüb. Bu iddia ilə nə dərəcədə razısınız?

- Hansısa aparıcının kanaldan ayrılması televiziyanın reytinqinə çox cüzi təsir edir. Reytinq nədir? Bu gün bir çox insanların ölçmə ilə razılaşmadığı reytinq cədvəlidir ki, təəssüf, Azərbaycan tamaşçısının zövqü onunla formalaşdırılır. Amma bu göstərici bütöv Azərbaycanın deyil. Məsələnin dərinliyinə gedib, hətta bəzi verilişlərdə açıqlamalar verildi ki, reytinq bəlli ailələrdə sayca 200-ə çatmayan insanın baxdığı veriliş və kanallardır. Bu on milyon azərbaycanlının zövqü sayıla bilməz. Çox təəssüf ki, dünyanın bir çox ölkələrində böyük reklam şirkətləri məhz o faizlərə, reytinq cədvəllərinə baxıb, reklamlarını yerləşdirirlər.

Bəlkə də Azərbaycanda reytinq ölçmə cihazı başqa cür olsaydı, həmin şirkətlər öz büdcələrini başqa səmtə yönləndirərdilər. Bu gün özünüz də bilirsiniz ki, Azərbaycan telekanallarına ayrılacaq bəlli reklam büdcəsi var və onun böyük hissəsini xarici şirkətlər ödəyirlər. Həmin reklam büdcəsi də telekanallar arasında bölünür, kiməsə az, kiməsə çox düşür. Ona görə də reytinq bu gün o şirkətlər üçün daha çox vacibdir.

Düzdür, kanal da qazanmalıdır və onun da müəyyən xərcləri var. Amma hansısa bir aparıcı əgər kanaldan çıxırsa, o, özü ilə müəyyən sayda tamaşaçını da aparır. Bu demək deyil ki, həmin kanalın reytinqi düşür. Həmin kanal səhərisi gün boşluqda elə bir layihə edə bilər ki, aparıcı ümumiyyətlə, unudular. Heç yada düşməz ki, nə vaxtsa Xəzərdə Zaur Kamal, Xoşqədəm Baxşəliyeva və yaxud digəri çalışıb.

- Ümumiyyətlə, Zaur Kamal və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi verilişləri izləyirsinizmi?

- Zaur Kamal və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi verilişlərdə hansısa hadisə baş verəndə sosial şəbəkələrdən izləyirik. Məsələn, hansısa qonaq bunu dedi, kimsə studiyadan çıxıb getdi və sair.

Amma bilirəm ki, həmin verilişlərin bəlli sayda tamaşaçılar var, hər gün gözləyirlər,görək bu dəfə verilişdə nəolacaq. Hər verilişin də öz tamaşaçısı olur.

- Sizə görə ən keyfiyyətli telekanal hansıdır?

- Mənə görə birinci yerdə Xəzər televiziyasıdır, binası və şəraitinə görə. Çünki kanalın binası sırf televiziya üçün tikilib. ATV-nin binası əvəllər holdinq şirkətinin olub, daha sonra isə televiziyaya uyğun formalaşdırıblar. Eləcə də Lider televiziyasının öz binası yox idi. "Speys" televiziyasının binası isə kinoteatr olub.

Bu gün müasir texnologiyalara və standartlara cavab verən Xəzər televiziyasıdır. Bununla yanaşı idarəçilik, kanalın üslubu, yayım keyfiyyəti, verilişləri, layihələri və sair də var. Xəzər televiziyasının yerləşdiyi məkana daxil olanda bilirsən ki, telekanal mühitinə düşürsən.



- "Speys" kanalında dəyişikliklər var. Necə düşünürsünüz, Müşfiq Hətəmov gözləntiləri doğrultdumu?

- Televiziyanı idarə etmək olduqca çətindir, xüsusilə bu gün. Televiziyalarımız sosial şəbəkələrlə, internet televiziyaları ilə mübarizə aparır ki, ayaqda qalsın.

Hazırda televiziyanı ayaqda saxlamaq çox çətindir. Kontenti o qədər maraqlı və qeyri-adi etməlisən ki, tamaşaçının interneti yadına düşməsin. Televiziyanı idarə etmək çətindir.

Müşfiq Hətəmov may ayından "Speys" televiziyasına rəhbərlik edir. Düşünürəm ki, nələrisə etmək istəyirlər. Onlara uğur arzulayıram. Görək, 2022-ci ildə nə olacaq... Müşfiq Hətəmov və Rauf Dadaşov "Speys"i hind filmlərindən xilas etdi, köhnə görüntüsü, formatı, loqosunu dəyişdi. Buna böyük vaxt sərf etməli oldular.

Sentyabr-oktyabr aylarında əl-ələ verib birləşib, nələrsə etmək istədik. "Speys"in də bəlli tamaşaçısı var idi. Sosial şəbəkədə post paylaşmışdım ki, artıq oktyabrdan ibarət yeni formata keçir, yeni loqolu, yeni heyətli, HD yayımlı, Amacisiz, Zita və Gitasız “Speys”... Tamaşaçılardan bəziləri yazdı ki, hind filmləri olmayacaq, nə pis. Buna üzülənlər də oldu.

Müşfiq Hətəmov maraqlı ideyaları olan insandır. Sadəcə ona ətrafında yaxşı bir komanda lazımdır. "Speys"i bataqlıdan yalnız komanda ilə xilas edə bilər.


Müəllif: Rəqsanə Həsənova, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər