25 Fevral 2022 21:27
2 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan aktrisa, Azərbaycanın əməkdar incəsənət xadimi Məlahət Abbasova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Məlahət xanım, Ukrayna prezidenti Vladimir Zelenski haqqında səsləndirdiyiniz fikirlər insanlar tərəfindən birmənalı qarşılanmadı. Bu haqda nə deyə bilərsiniz?

- Xocalı soyqırım ilə bağlı tədbirimiz var idi. Çox kövrək idim və sanki Xocalı soyqırımını yenidən yaşamışdım. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirirdik.

Xocalı soyqırımı Azərbaycanın qanayan yarasıdır, günahsız insanlarımız qətl edilib, bununla bağlı video-çarxlar təqdim olundu. Bu hissin təsiri ilə sosial şəbəkədə Ukrayna prezidenti haqqında rəy yazdım. Mən də qarabağlıyam. Həyat yoldaşımla NTV kanalında Rusiya-Ukrayna müharibəsini izlədik. Birgə müharibəni müzakirə etdik. Mənə dedi ki, Ukraynadakı dostları ilə danışıb və onlar da mühariyə görə çox kədərli olduqlarını bildiriblər. Müharibəyə nə ehtiyac var?!

Öncə vurğuladığım kimi NTV kanalında Volodimir Zelenskinin açıqlamalarını izlədik. Hətta türklər də bu fikirdədir ki, Zelenski bu məsələdən əliboş çıxacaq. Dağılan şəhərləri, ölən insanları, metroda yatanları görəndə daxilimdə acı çəkdim.

Vaxtilə Zelenski prezident seçiləndə təəccüblənmişdim. Düşünmüşdüm ki, nə yaxşı, sənət adamını prezident seçdilər.

Mətbuatda Zelenskinin "Biz tək qaldıq", "Avropa bizi tək qoydu", "Bizim üçün heç kim savaşmaq istəmir" kimi fikirlərini izlədim. Mən də sənətimi kənara qoyaraq bir vətəndaş kimi yazdım ki, "Volodimir Zelenski aktyor, ssenarist və rejissordur. Siyasət onun işi deyildi. Komediya aktyoru, siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar?! Adam deyərlər ki, get aktyorluğunu elə. Əlbəttə ki, müharibədə yalnız qalacaqdı".

Gözləyirsən ki, NATO gəlib, orada hərbi bazasını qursun...Ukraynada yaşananlar Amerika və Qərbin oyunudur. Mən orada ağlayan, həyatını itirən insanları görüb çox kədərlənirəm. Mən siyasətçi deyiləm, amma fikrimdə də qalıram. Sənət adamı duyğusal olur, onlardan lider olmaz. Siyasət başqa sahədir.

Hazırda siyasətdən danışıram, amma mən lider ola bilmərəm. Dediyim kimi, Ukraynadakı vəziyyəti görüb, çox pis oldum. Düşündüm ki, Ukrayna xalqına yazıq deyil?!

Onu da deyim ki, həyat yoldaşım iş adamıdır, Ukraynada 20-30 nəfərlə ailəvi səmimi dostluq münasibəti var. Onlar da müharibədən məmnun deyillər. Mən Ukrayna xalqının yanındayam, amma Zelenskinin siyasətini dəstəkləmirəm. Qərbin, Amerikanın sözünə inanır. Bu, vətəndaş kimi öz fikrimdir. Xalq əzilir. Ukraynada yaşananlar Amerikanın və Qərbin oyunudur. Ölən adamlara yazıq deyil?!

- Düşünürsünüz ki, aktyor duyğusal olduğuna görə prezident ola bilməz?

- Mirzəağa Əliyevə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbər vəzifə təklif ediləndə o, qəbul etməyib. Deyib ki, aktyor, rejissor duyğusal insanlardırlar, onlardan rəhbər olmaz.

- Aktyor Azər Aydəmir sizin fikirlərinizə irad bildirib. O, haqqınızda belə deyib: "Məlahət xanım öz seçdiyi sənətə hörmət eləmirsə, bu onun problemidir. Görünür, Məlahət xanımın həyatında möhkəm, lider və əsl kişi aktyor partnyoru olmayıb".

- Azər Aydəmiri tanımıram. Siyasət başqa sahədir. Mən pis mənada deməmişəm. Siyasət başqa, liderlik başqadır. Aktyor duyğuları ilə hərəkət edən insandır. Əksinə, mən sənətimə hörmət edən insanam.

Mən aktrisayam və sənətimin arxasınca gedirəm. Başqa vəzifə qəbul etmirəm ki... Bu sənətlə məşğulam və bu sahədə də inkişaf etməyə çalışıram. Siyasət sahəsi mənlik deyil.










Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər