13 Mart 09:21
2 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası, Xalq artisti Afaq Bəşirqızı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Afaq xanım, teatr sizin üçün nə deməkdir?

- Teatr mənim ikinci doğma evim, rahat nəfəs alacağım ocaq, məbəddir. Teatr mənim üçün saf hisslərimdir. Teatr mənim hər şeyimdir!

- Necə düşünürsünüz, sizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrın siması hesab etmək olarmı?

- Bunu tamaşaçılar bilir və onlar daha düzgün qiymətləndirərlər. Bu suala münasibət bildirsəm düşünürəm ki, təvazökarlıqdan uzaq olar.

- Teatrların hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Mən öz teatrımdan danışmaq istəyirəm. Teatrda repertuarımda çox gözəl tamaşalar var. Yaxın günlərdə İradə Gözəlovanın quruluşunda "Qadınım" adlı tamaşanı təqdim etdik. Düzdür, tamaşa çox müzakirələrə səbəb oldu, lakin bunun nə dərəcədə düzgün və qeyri-düzgün olması haqqında danışmaq istəmirəm. Əsas odur ki, tamaşa çox xoşuma gəldi. Real qadının, hazırda cəmiyyətimizdə həyəcan təbili çaldığımız problemləri əhatə edən bir tamaşadır.

Qadının həyatda ikinciyə, kiminsə artığına çevrilməsi problemi var. Bilirsiniz ki, bəzi qızlarımız indi hansı formada ailə qururlar... Bununla yanaşı kəbin də kəsdirmirlər. Neçə uşaqla boşanma iddiası qaldırırlar. Uşaqları uşaq evlərinə verirlər. Ciddi fikirləşməliyik ki, kiminsə həyatında ikinci qadın olmaq qadının ən böyük bədbəxtçiliyidir! Bu tamaşa həmin o problemi əhatə edir.

- Afaq xanım, cəmiyyətimizdə yaşanan ən böyük problemə toxundunuz. Bu kimi həyat tərzi yaşayan xanımlarımıza səhv addım atmamaq üçün nələri tövsiyə edərsiniz?

- Mən həmin qızlara xanım olmağı arzu edirəm. Ailə qurmaq zarafat deyil. Bilin ki, kiminlə və nə üçün ailə qurursunuz... Siz həyata can verib, övlad gətirirsiniz. Axı, bizim şənimizə nə qədər təriflər deyirlər. "Cənnət anaların ayaqları altındadır", "Ana yenilməzdir", "Ana əlçatmazdır". Siz bunları qorumalısınız, nəinki kiminsə həyatında ikinci qadın olmaq, - indi ona sevgili deyirlər, - ondan uşaq dünyaya gətirmək, kəbinsiz kiminsə evində qalmaq... Bu nə deməkdir!? Bu cəmiyyətimizin böyük bəladır. Bunun üçün hamımız həyəcan təbili çalmalıyıq.

- Sizi daim güclü görürük. Maraqlıdır ki, zəif anlarınız olurmu?

- Haqqımda o qədər eşitdim ki, Afaq xanım çox güclü qadındır. Artıq bunu özümə bir xasiyyət kimi qəbul etdim və həyatımda şüara çevirdim. Şüarım belədir: "Mən güclü qadınam". Hansı qadının zəif halları yoxdur, hansı qadın göz yaşından qaça bilir?! Elə bir qadın tanımıram, amma bütün bunlar hamısı Afaq Bəşirqızının gizli sandığında olur, o açılmır, onu heç kim görə bilmir.

- Gizli sandıqda saxladıqlarınızı qorumaq nə dərəcədə çətindir?

- Bilsəydiniz, bu nə qədər çox çətindir...

- Gizli sandıqda saxladıqlarınız çoxdur?

- Elə şeylər var ki, onun mahiyyəti bir sandığın dolusuna dəyər. Sandıqda saxladıqlarım çoxdur.

- Onları hansı halda açıqlaya bilərsiniz?

- Onları özümdən başqa heç kəs həll edə bilmədiyinə görə ürək sirri kimi də açmıram. Düzdür, hərdən istəyirəm ki, ürəyimi kiməsə açım. Amma o dəqiqə özümü toparlayıram ki, bu sənə aiddir, gizli sandığındır, bunu heç kimə aça bilməzsən. Sandığın içi sənin gizli dünyandır.

- Həyatda ən çox kimə etibar edirsiniz?

- Allaha...

- Allahla daha çox nəyi bölüşürsünüz?

- Allaha həddindən ziyadə çox şükür edirəm. Arzularımı bildirəndə o dəqiqə Allahdan üzr istəyirəm ki, çox şey istədim. Sənə yalnız şükürlər olsun. Nə yaxşı ki varsan!

- Allah sizə istədiyiniz hər şeyi verib?

- Allaha çox şükürlər olsun, hazırkı şəraitim heç vaxt ağlıma gəlməzdi. Çünki elə bir şəraitdə böyüyüb, doğulmuşam ki, heç vaxt bugünkü günümü təsəvvür edə bilməzdim. Allah bunu mənə bəxş elədi!

- Uşaqlıq illərinizdə yaşadığınız çətinlik sonradan həyatınıza nə kimi təsir edib? O illər sizə nələri öyrətdi?

- Bu illər mənə bəzi insanlara güvənməməyi öyrətdi. Hər adama güvənmək, onunla ünsiyyət qurub, dost olmaq olmaz. Hər adamı özünə yaxın buraxma! Mənə qarşı sənət paxıllıqları və həyatda paxıllıqlar olub. Çox qəribədir, insanları tanıya-tanıya böyümüşəm. Məsələn, 19 yaşımda 42 yaşlı qadın tanımışam - o kimdir, sənə nə edə bilər... Özümü ondan qorumuşam və qorxmuşam. O mənə bunu edə bilər, öhdəsindən gəlib özümü dorğulda bilmərəm.

Bütün bu insanları tanıya-tanıya, həyatın bütün çətinliklərini görərək böyümüşəm. Yıxılmışam, dizlərim qanayıb. Qalxmışam, axsaya-axsaya da olsa yerişim bərpa edilənə kimi əziyyət çəkmişəm. Qarnım doyana, çörəyim olana, evimi tikənə qədər çox əziyyətlərim olub.

- Ömrünüzün hansı illəri bahardır?

- Yəqin ki, anamın bətnində olan günlər...

- Real həyat hissəsi qış fəslidir?

- Bəli, qış fəslidir.

- Afaq xanım, xoşbəxtsiniz?

- Mən o sözdən həddindən ziyadə qorxuram. Ona görə istəyirəm ki, hamı xoşbəxt olsun, mən də onların içində...

- Sizi həyata bağlayan ən önəmli faktor nədir?

- Məni həyata bağlayan doğmalarımdır, həyat yoldaşım, oğlum, nəvələrim...

- Siz bir çox tədbirlərdə həyat yoldaşınızla görürük. Maraqlıdır, həyat yoldaşınız sizə necə dəstək olur?

- Biz təkcə həyat yoldaşı yox, dost və bir-birimizə arxalanan qüvvəyik. Həyat yoldaşım ağrılarımı mənimlə birlikdə çəkir. Sevincimi onunla bölüşürəm, onu çox qoruyuram və Allahdan ən böyük arzum odur ki, ona can sağlığı versin!

- Həyatda nəyə peşmansınız?

- Peşman olduğum zaman olur, amma o hiss məndən tez keçir. Düşünürəm ki, sən bunu yenə edəcəksən, niyə peşman olursan ki... Çörəyi dizinin üstündə olan adamlardan, sənin diqqətini qiymətləndirməyən, sənin haqqını yeyən, zəhmətini başqasının adına yazan insanlar gözümün düşmənidir.

Mən nə təriflənməyi, nə də zəhmətimin itirilməsini sevirəm. Çünki bunu heç vaxt özüm qeyd etmirəm.

- Sizə qarşı nankorluq edən insanlar çox olub?

- Bəli, nankorluq edən insanlar çox olub. Onlar bir-iki nəfər olsalar da bütün qoşuna bərabərdirlər. Onların üzərində çəkdiyim əziyyət həddindən artıq çox olub.

- Bir az əvvəl sənət adamlarının paxıllığı ilə üzləşdiyinizi qeyd etdiniz. Həmin sənət adamları ilə rastlaşanda necə reaksiya göstərirsiniz?

- Mən o insana nifrət edirəm, o bunu baxışlarımdan hiss edir. Nə olsun ki, xalq artistisən, sən insan deyilsən. Sənin iddiaların var, hansısa kresloda oturmaq, məmur olmaq istəyirsən. Bunları ancaq balaca, cılız ürəyinlə istəyə bilərsən. Amma ağlı olan insan səni bu vəzifəyə yaxın buraxmamalıdır. Bu qədər insanın taleyini həll edə biləcək kresloya səni otuzdura bilməzlər. Çünki bu, incəsənət, mədəniyyət sahəsidir. Bura elə bir yerdir ki, insanlar daim yetişməlidir, gözəlliklər yaranmalıdır.

İnsanlar ki o ümidlə, arzuyla gəlirlər, onu səhnədə görür və o nağıla inanırlar, uyurlar. Onun təsirindən keçməkeşli həyat yaşayırlar. Sənin bütün bunları və yaradıcı insanları məhv etməyə haqqın yoxdur. Belə bir şeir var, "Gərəksiz oluruq biz, Səhv düşəndə yerimiz”. Heç vaxt insanların yerinin səhv düşməsini arzu etməmişəm. İstər Fəxri Xiyabanda dəfn edilənlərin, istər də real həyatda yaşayanların yerləri səhv düşməməlidir.

- Sizin oynadığınız bütün obrazlar maraqlıdır. Fikrinizcə, daha çox hansı obrazınız tariximizdə yaşayacaq?

- Oynadığım obrazların hər biri mənim bədən əzamın itirilməsi demək olub. Mən hər bir rolumda öz sağlamlığımı qram-qram itirmişəm. Mən obrazları oynamamışam, yaratmışam, onlar mənim özümünkü olub.

Əlbəttə, mənə güclə istəmədiyim rolu oynatmaq qeyri-mümkündür. Amma mənim yaratdığım obrazlar Azərbaycan mədəniyyəti tarixində yaşayacaq. Mənə belə gəlir, elə bir məqam yetişəcək ki, soruşacaqlar: Azərbaycan Dövlət Musiqili Teatrına “akademik” statusunun verilməsi necə baş tutdu?!

- Siz bu sahədə bir çox önəmli məsələlərin həyata keçməsində də rol oynamısınız...

- Bəli. İnsan kimi yaddaşlarda qalmaq istəyirəm. İstəyirəm ki, Allah mənə ömür versin, insanlara dəstək olum. Kiminsə mənzil məsələsinə, kiminsə ağır əməliyyatına kömək edim. Kiminsə balasının xaricdə oxuması üçün təhsil haqqının verilməsinə yardımçı olum. Bütün bunlara görə mən vaxtilə bu sənəti sevmədim, amma gəldim. Çünki məcbur oldum.

Allahıma dua edirəm ki, nə yaxşı, mənə bu sənəti, istedadı, qüvvəni verdin. Mən qələbə qazandım, indi onu imkansızlar və mənə işi düşən insanlar üçün xərcləyirəm. Mənə indiyə qədər hansısa məmur acı cavab verməyib. Bilirlər ki, mən səmimiyəm, özümə görə yox, kiməsə görə zəng edirəm. Heç vaxt özümə görə kiməsə ağız açmamışam. Çünki Allah mənə verib, heç vaxt diqqətdən kənar qalmamışam.

Düzdür, hansısa məmur mənim indi nail olduğum mükafatı 15 il əvvəl, öz qohumuna, sevgilisinə verib. Mənim açıq danışmağım, sözü üzə deməyimdən onun xoşu gəlməyib. Mən o mükafatı indi alıram. Halbuki bu 15 ildə mükafata çox ehtiyacım olub. Ən azından dərmanlarımın xərcini ödəməliydim.

Amma mən yenə də razıyam, çünki mükafatımı hallalıqla aldım. O, mənim alın tərimdi. Bu günə qədər heç bir dayı, əmi zəngi ilə heç nə almamışam. Ancaq öz güc-qüvvəmə, ətrafımdakı yaxşı insanların hesabına...

- Siz prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə görüşünüz zamanı aktyorların maaş məsələsinə diqqət çəkdiniz. Aktyorların maaş məsələsi həll edildi. Bu sahədə daha nələrə ehtiyac var?

- Bu sahədə ehtiyaclar çoxdur. Bütün teatrlar “akademik” teatr statusunu almayıblar. Elə aktyor var ki, 170 manat maaş alır, 50 faiz artım isə onun üçün azdır. Mən çox istərdim ki, aktyorların yenə də maaş məsəlinə baxılsın. Bəzi cavan aktyorlarımız var ki, onların evi yoxdur. Əvvələr cədvəl evlərimiz var idi, mənzil alana qədər təqdim olunurdu. Daha sonra evi olmayan hansısa aktyorlarımıza verilirdi. İndi onların hamısı ləğv olunub.

Vaxtında adamı olanlar o evlərdən istifadə etdilər, öz şəxsi mülkiyyətlərinə çevirdilər. Amma cavan aktyorlarımız var ki, onlar evlənə bilmirlər, evlənirlərsə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Kimsə axşamlar bağ evlərində mühafizəçi işləyir, kimsə yük maşınında çalışır.

Həmişə aktyorların güzəranı dövlətdən asılı olub. Dövlət olmasa aktyor var ola bilməz. Həmişə aktyoru, teatrı dövlət dolandırıb. Mən səs verdiyim, şəxsiyyətinə inandığım prezidentimdən yenə də teatrın rifahı naminə nəsə etməsini arzulayıram.

Mən istərdim ki, gözəl filmlərimiz çəkilsin. Əlbəttə, cənab prezident iki dəfə kinostudiyamıza böyük məbləğdə pul ayırıb. Kinostudiyamızın çox gözəl xəzinəsi, brilliantı, daş-qaşları, mebelləri, maşınları, həyatyanı sahəsi var. Çox istərdim cənab prezident bu sahə üçün komissiya yaratsın.

Nəyə görə kino sahəsində inkişaf baxımından çətinlik çəkirik? Nəyə görə bir obrazın çəkilməsi üçün xaricdən, qonşu ölkələrdən aktrisa və aktyorlar axtarırıq? Bizim çox istedadlı aktyorlarımız var.

- Hansısa film və serialda dramatik obrazı canlandırmaq istərdinizmi?

- Bəli, bu, aktyor Nicat Rəhimovun arzusudur. Nicat Rəhimov mənimlə tərəf müqabili olmaq istəyir. Mən də onu çox istəyirəm. Çox güman ki, filmə çəkiləcəyik.

- Hansısa ölkədən sizə iş təklifi olubmu?

- Bəli, Türkiyədən iş təklifi olub. O vaxt Kamal Sunal və rejissor Atilla Arcan tərəfindən seriala dəvət aldım. Amma biz məbləğlə bağlı razılaşa bilmədik. O vaxt oğlum Semral birinci sinifdə oxuyurdu. Uşağın dörd-beş il Türkiyədə oxuması, onların şəraiti məni qane etmədiyinə görə söhbət elə də bitdi. Düşündük ki, bu məsələyə yenidən qayıdacağıq. Üzərindən doqquz ay keçəndən sonra Kamal Sunal vəfat etdi.

- İşlərinizlə bağlı nə kimi planlarınız var?

- Bir aktrisanın xatirəsinə tamaşa həsr etmək istəyirəm. Mənə öncədən demək düşmür. Çox güman ki, bunu həyata keçirəcəyik.

- Hazırda səhhətiniz necədir?

- Allaha çox şükür, səhhətim yaxşıdır. Müalicələrim davam edir.


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova