8 May 14:44
4 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gövhər Həsənzadə “Avroviziya-2024” təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətovun müsaqinənin final mərhələsinə keçə bilməməsinə münasibət bildirib.

Gövhər Həsənzadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Heyif ki, müsabiqənin birinci yarımfinalından keçə bilmədik. Bu, mənim üçün hamıdan daha çox, ikiqat ağrılıdır. Əsrlərdir bizim musiqimiz var və xarici ölkədən gələn hər kəsi feyziyab edir. Muğamımız UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycanımız dünyada muğam və milli musiqimiz ilə yüksək səviyyədə təbliğ olunur. “Avroviziya-2008” mahnı müsabiqəsində “Day after day” mahnısı ilə çıxış edən Elnur Hüseynov və Samir Cavadzadənin ifası möhtəşəm idi. Orada da muğam çalarlarımızdan istifadə olunub. Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətovun “Özünlə apar” mahnısını da yüksək səviyyədə ifa edəcəyinə əmin idim. Sadəcə olaraq axşamkı çıxışlarını izləyə bilmədim. Düşünürəm ki, müsabiqənin final mərhələsinə təmsilçilərimizin çıxa bilməməsində başqa məsələlər olub. Ona isə müsabiqənin birinci yarımfinalını izlədikdən sonra daha düzgün fikir bildirə bilərəm”.

Xalq artisti Faiq Sücəddinov isə təmsilçilərimizin müsabiqənin birinci yarımfinalından keçə bilməməsinin səbəbini belə izah edib: “Doğrusu, “Özünlə apar” mahnısını bir dəfə radioda dinləmişəm. Mahnı yaxşı idi. Amma daha dəqiq fikir bildirmək üçün mahnını iki-üç dəfə dinləmək lazımdır. Bu, müsabiqədir və bu kimi hallar olur. Orada qüsur axtarmaq lazım deyil. Təmsilçilərimizə uğur diləmək lazımdır. Onlarda hər şey qabaqdadır. Mahnının Azərbaycan dilində səslənməsi və muğam çalarlarından istifadə çox gözəl haldır. Məsələn, Samirə Əfəndi və Dilarə Kazımovanın “Avroviziya” mahnı müsabiqəsində çıxışları çox yaxşı idi. Amma onlar birinci yerə çıxa bilmədilər. O demək deyil ki, yaxşı oxumadılar. Yəni bu bir yarışmadır”.


Müəllif: Rəqsanə Həsənova