14 May 2015 10:57
3 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissordan şok açıqlama: “Baş qəhrəmanların hissləri həyatda da davam edir”

Ötən gün Nizami Kino Mərkəzində çoxdan gözlənilən “Arzuların ardınca” filminin qala gecəsi keçirilib. Teleqraf.com xəbər verir ki, gecədə tanınmış gənc kino xadimləri ilə yanaşı müğənnilər də iştirak edib.

Filmin quruluşçu rejissoru Ramil Ağasiyev ekran işinin çətinliklə ərsəyə gəldiyi deyib, bu işdə ona yardımçı olan dostlarına minnətdarlığını bildirib: “Filmdə xərçəng xəstəliyə tutulan iki gənc təsvir olunur. Mənim əmim xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun vəziyyətinin hər gün bir az da ağırlaşdığını görmək və heç nə edə bilmək çox dəhşətli duyğu idi. Dostum Mehman Rəsulla ideyamı paylaşdım və qərara aldıq ki, bunu ekranlaşdıraq. Filmin büdcəsi 22 min manat idi. Dostların köməyi olmadan bu işi bacarmazdım. Bu işdə dəstək olan hamıya təşəkkür edirəm. Tammetrajlı film çəkmək mənim arzum idi. Arzum gerçəkləşdi. İlk filmimdir və ümid edirəm ki, tamaşaçıların xoşuna gələcək”. Filmdə baş rolları canlandıran aktyor və aktrisanı uzun axtarışdan sonra tapdığını qeyd edən rejissor hər ikisinin işindən razı qaldığını dilə gətirib: “Zarinanı ilk dəfə görəndə gözlərini çox bəyəndim. Ziyanı isə görəndə artıq Kamil obrazına başqa bir namizəd var idi. Amma buna baxmayaraq Ziyanı seçdim və onu çəkdim”.

Jurnalistlərin “Filmdə iki sevgili arasında yaranan hisslər həyatda da davam edə bilərmi” sualına filmin baş qəhrəmanları ilə rejissorunun cavabı tamamilə fərqli olub. Filmin Kamili Ziya Ağa və Arzusu Zarina Qurbanova birmənalı şəkildə “Biz çox yaxşı dostuq” deyə cavab versələr də Ramil Ağasiyev görün nə deyib: “Hisslər indi də davam edir. Onlar gizlədə bilərlər, amma onları daha yaxından tanıyıram. Və bilirəm ki, hisslər edir”.

Filmin ssenari müəllifi Mehman Rəsul, operator Şahmar Səfəroğlu, quruluşçu rəssam Əlgül Vəliyev, rejissoru Asif Rəhimovdur. Filmdə baş qəhrəmanlar Ziya Ağa, Zarina Qurbanova ilə yanaşı Vaqif Əsədov, Rasim Cəfər, Aynur Hüseyn, Flora Hüseynova da çəkiliblər.

Filmin süjet xəttinə gəlincə, hələ uşaq ikən atası tərəfindən atılmış Kamil tənha yaşayır. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir. Xəstəxanada xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin Arzu ilə görüşü yeni həyatın başlanğıcı olur. Evli olan Arzu da Kamil kimi ölümcül xəstəliyin caynağında çarpışır. Xəstəxanada Kamillə toqquşan Arzu səhvən Kamilin analizlərini götürüb evinə qayıdır. Xəyalları alt-üst olan Arzu xəstəliyini ərindən gizlətmək qərarına gəlir. İlk görüşdə bir-birini, düşdükləri vəziyyəti anlamağa çalışan gəncləri daha bir xüsusiyyət birləşdirir. Onların həyata keçirmək istədikləri sonsuz arzuları var. Arzu ailəli olduğu üçün görüşdən yayınmaq istəsə də daxilən arzularını həyata keçirmək istəyir. Kamil və Arzu ölmədən öncə bir-birinin istəkləri üçün yaşamağa qərar verirlər.

Qeyd edək ki, melodram janrında lentə alınmış “Arzuların ardınca” filminin informasiya dəstəkçisi Publika.az saytıdır.

Nərmin

Foto: Rəşad Abbasov


Müəllif: