Aparıcı Aytən Səfərova teleaparıcıların peşəkarlığından danışıb.
O, Teleqraf.com-a bildirib ki, bəzi aparıcılar qeyri-peşəkardırlar. Onun sözlərinə görə, aparıcıları işə götürərkən xarici görünüşü ilə yanaşı savadlı olmaları da nəzərə alınmalıdır: “Azərbaycan televiziya məkanında peşəkar və qeyri-peşəkar aparıcılar var. Bəzi aparıcıları elə bil ki, yoldan tutub gətiriblər. Mən demək istəmirəm ki, mən də peşəkaram, amma hər halda müqayisədə peşəkar sayıla bilərəm. Redaktorlar aparıcıları işə götürəndə yalnız xarici görünüşlərinə deyil, tarix, coğrafiya, Azərbaycan dilinə görə biliklərini yoxlasınlar. İndiyə qədər Azərbaycan telekanalında “Ukrayna” sözünü düzgün tələffüz edən aparıcı görməmişəm, üç-dörd aparıcını çıxmaq şərtilə. Bu kimi hallar biabırçılıqdır. Yaxşı ki, peşəkar aparıcılarımız da var. Televiziya işi elədir ki, orada illərin təcrübəsi rol oynayır. Amma ən əsası insan savadlı olmalıdır. Savadlı insanlar əvvəl-axır peşəkar olur. Qabında heç nə olmayan insanın peşəkarlğından söhbət gedə bilməz.
Hamı deyir ki, Azərbaycanda söz azadlığı yoxdur. Amma mən deyirəm ki, Azərbaycanda söz azadlığı var və onun da bariz nümunələrindən biri də mənim fəaliyyətimdir. Düzdür, bəzən verilişimdə bildirdiyim hər hansı sözə görə problem yaşamışam. Bir dəfə bir peşəkar jurnalist mənə demişdi ki, “bəzi məmurların səndən zəhləsi gedir”. Bildirdim ki, əgər məmurun jurnalistdən zəhləsi gedirsə, deməli, o, çox yaxşı jurnalistdir”.
Rəqsanə Həsənova