12 Oktyabr 2018 09:14
2 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus filosofu, riyaziyyatçı və yazar Aleksandr Zinovyev SSRİ lideri, əksər dünya dövlətlərinin qorxduğu və çəkindiyi İosif Stalinə sui-qəsd təşkil edib.

Teleqraf.com bir zamanlar anti-sovet fəaliyyəti göstərən və sonradan buna görə peşman olan Aleksandr Zinovievin dosyesini təqdim edir.

Aleksandr Zinoviev hələ gənc yaşlarında, 1939-cu ildə Stalinə sui-qəsd təşkil etməsi iddiası ilə həbs edilib.

Filosof zamanında Moskva Dövlət Universitetinin məntiq kafedrasında professor kimi çalışıb və müxalifətçiliyi səbəbindən böyük nüfuz qazana bilib. O, 1922-ci ildə doğulub və 2006-cı ildə vəfat edib.

Aleksandr Zinovyev anti-Stalin fəaliyyəti və Stalinə qarşı sui-qəsd planı tərtib etdiyi üçün həbs olunmasına dair maraqlı fikirləri ilə yaddaşlarda qalıb:

“Mən 17 yaşım tamam olanda artıq anti-Stalinçi idim. Stalini öldürmək fikri düşüncə və duyğularıma hakim idi. Sui-qəsdin texniki tərəflərini müzakirə etdik. Hətta bunu praktikada da sınaqdan keçirdik. Əgər 1939-cu ildə məni ölümə məhkum etsəydilər, bu, ədalətli qərar olardı. Stalini öldürmək üçün plan tərtib etmişdim. Bu bir cinayət deyildimi? Stalin hələ həyatda olduğu zaman mən məsələləri fərqli görürdüm. Ancaq illərin üzərinə illər gəldikdən sonra Stalinin bu yüz ilin ən böyük kişisi və siyasətçisi olduğunu deyə bilərəm”.

Qeyd edək ki, Aleksandr Zinovyev 1978-ci ildə SSRİ-ni tərk edib və 1999-cu ilə qədər Qərbi Avropada yaşayıb. Beləcə alimin həm SSRİ-də sosializm sistemi, həm də Qərbi Avropada kapitalizm sistemi ilə yaxından tanış olmaq imkanı olub. Aleksandr Zinovyev 1989-1991-ci illərdə SSRİ-də baş verən proseslər və imperiyanın çöküşündən sonra fikirlərində kardinal dəyişiklik edib. O, uzun illər anti-Sovet düşüncəsində olduğu üçün dərindən peşmançılıq hissi keçirdiyini deyib, hətta rus xalqından onu bağışlamasını istəyib.

Aleksandr Zinovyev əsərlərinin birində SSRİ-nin süqutunu aşağıdakı şəkildə izah edib: “Kommunizm Rusiya üçün çox təbii və rusların yaşam tərzinə, psixologiyasına güclü şəkildə daxil olub. Kommunizmin süqutu Rusiyanın və rus xalqının tarixi bir insan olaraq yox edilməsinə bərabərdir”.

Uzun illər nifrət etdiyi Stalin haqqında professor bu fikirləri söyləyib:

“Onu insanlıq tarixində ən böyük şəxsiyyətlərdən biri olaraq görürəm. Rusiyanın tarixində o mənim görüşümə görə, hətta Lenindən də böyükdür. Stalinin ölümünə qədər anti-Stalinçi olmuşam, amma onun hər zaman zəkalı bir insan kimi görürdüm”.

Qəribədir ki, Aleksandr Zinovyev sadiq marksist və ya leninçi olmayıb. Lakin SSRİ imperiyası yıxıldıqdan sonra sosialist sisteminin uğurlarını sadiq bir tərəfdar olaraq dəstəkləməyə başlayıb. Sosializm sisteminin qüsurlarına baxmayaraq, professor onu kapitalizmin vəhşiliyi ilə müqayisədə daha ədalətli hesab edib.

Zinovyev 1999-cu ildə Fransanın məşhur “Figaro” jurnalına verdiyi müsahibədə isə ilginc fikirləri ilə diqqət çəkib: “Kommunizmlə mücadilə Rusiyanı yox etmək üçün düşünülmüşdü. Bunu açıq deyirəm. Çünki özüm də bir zamanlar bu utancverici planın bir hissəsi olmuşam. Qərb rus fəlakətini istədi və bunu təbliğata çevirdi. Qeydlərdə oxudum və Rusiyanın süqutuna doğru ideoloji mübarizə qılığına girən araşdırmalarda iştirak etdim. Bu, mənim xalqımı və ölkəmi yox edənlərin yanında qala bilməyəcəyimi qaçılmaz etdi. Qərb mənim üçün ögey deyil, amma mən onu bir düşmən imperiya olaraq görürəm”.

Professor qeyd edib ki, Şərqi Avropada kommunizmin çöküşündən sonra Qərbdə vətəndaşların sosial haqları səbəbindən böyük hücumlar baş verib: “Bu gün əksər Avropa ölkələrində hakimiyyətdə olan sosialistlər sosial təhlükəsizlik sisteminin parçalanması, kapitalist ölkələrdə sosialist olan hər şeyi yox etmək üçün addım atırlar. Qərbdə artıq sadə vətəndaşları qoruyacaq bir siyasi güc yoxdur. Siyasi partiyaların varlığı formalıdır. Zaman keçdikcə az və daha az fərqliliklər göstərəcəklər. Balkanlardakı müharibə demokratik olmaq xaricində hər şeydir. Bununla yanaşı müharibə bir sıra cəhdlərə qarşı olan sosialistlər tərəfindən həyata keçirildi. Bəzi ölkələrdə iqtidarda olan çevrələr NATO-nun bombardmanına səbəb oldu, fəlakəti məmnuniyyətlə qarşıladı. Beləcə demokratiya Qərbin prioritetindən tədricən yox olur. Totalitarizm hər yerdə yayılır, çünki beynəlxalq qanunlar bəzi dövlətlər üzərində tətbiq edilir. Demokratik rəhbərliyə əmr verilir, sanksiyalar tətbiq edilir, embarqolara başlanılır, bombalar atılır və son nəticədə bunlar aclığa səbəb olur. Klinton belə zamanında buna itaət etdi. Maliyyə totalitarizmi siyasi iqtidarları zəbt edib. Duyğular, mərhəmət soyuqqanlı maliyyə totalitarizminə yaddır. Maliyyə diktatorluğu ilə müqayisədə siyasi diktatorluq insanidir. Ən acımasız diktatorluğa qarşı dirənmək mümkündür. Ancaq banklara qarşı üsyan imkansızdır”.

Sistem fərqləri haqqında danışan professor bildirib ki, SSRİ-də aktiv nüfuzun 10-12 faizi ölkənin idarə olunmasında və ya onun tərkibində fəal iştirak edib: “ABŞ-da bu, 16-20 faiz təşkil edib. Ancaq SSRİ-nin planlı iqtisadiyyatı və bürokratik aparatının yükünü tənqid ediblər. Kommunist Partiyasının Mərkəzi Komitəsində iki min insan işləyib. Kommunist Partiyası aparatında sonradan 150 min işçi fəaliyyət göstərdi. Bu gün Qərbdə sənaye və bank sektorunda daha çox insanın məşğul olduğu, hətta yüzlərlə iş yeri tapa bilərsiniz. Başqa sözlə, Sovet Kommunist Partiyasının bürokratik təşkilatı Qərbin böyük milli şirkətlərinin personalı ilə müqayisədə çox azdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər