30 Yanvar 2022 15:28
90 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Səbahəddin Ərbuğa 1954-cü il yanvarın 1-də Qars şəhərində anadan olub. Ərbuğa Türkiyənin Azərbaycan kökənli məşhurlarından biridir.

Futbol üzrə Türkiyə millisinin formasını geyinən Ərbuğa uzun illər “Altay” klubunda oynayıb. “Altay”la qazandığı uğurlarına görə bu klubun və Türkiyənin əfsanəvi futbolçuları sırasında yer alıb. Sağ cinah müdafiəçisi olmasına baxmayaraq, oyun quruculuğunu üzərinə götürərək, hücumda da iştirak edirdi. Bu, həmin illərdə futbolda müdafiəçilər üçün qeyri-adi hal sayılırdı.

Komanda yoldaşı Novruz Şərif 1978-ci ildə - o dövrdə TRT-də yayımlanan “Köklər” serialının baş qəhrəmanı Kunta Kintedən ilhamlanaraq onu “Altay Kunta Kinte Səbahəddin” adlandırmışdı. Serialdakı qəhrəman saf, xeyirxah və zəhmətkeş zənci kölədir. Bu ləqəb də Ərbuğaya qarabuğdayı və arı zəhmətinə görə verilmişdi. Azarkeşlər arasında da bu adla məşhurlaşmışdı, yaddaşlarda da belə qalıb. Novruz Şəriflə dostluğu o qədər yaxın idi ki, oğluna Novruz Əralp adını vermişdi. Oğlu da onun kimi peşəkar futbolçu olub.

Rəşid Çətinərin Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi olduğu dönəmdə onun köməkçisi olub. O günlərdə - 1999-cu il noyabrın 25-də 45 yaşında İzmiridəki evində infarkt keçirərək vəfat edib. Cənazəsi bir gün sonra İzmirdə dəfn olunub.

Səbahəddin Ərbuğanın futbol karyerası “Ankara Şəkərspor”da başlayıb. İstedadlı oyunçu öz qeyri-adi bacarığı ilə ən qısa vaxtda əsas heyətdə forma geyinməyi bacarıb. Buradakı uğurlu çıxışlarından sonra Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət edilib. Bununla daha geniş auditoriya onu tanımağa başladıqdan sonra bir çox belə komandaların transfer siyahısına düşüb.

Ərbuğanı öz rənglərinə bağlamaq istəyən ilk nəhəng isə “Fənərbağça” olub. Beləliklə, 1975-76-cı illər mövsümünün əvvəlində “Fənərbağça”ya transfer edilib. Ərbuğa iki mövsüm İstanbul təmsilçisinin formasını geyinib. Burada bir çox oyunda çıxış etsə də, ilk 11-liyin oyunçusu ola bilməmişdi.

Səbahəddin Ərbuğa 1977-78-ci illər mövsümündə Türkiyə Superliqa komandalarından olan “Altay”a transfer olunub. Buraya gəlişi ilə istədiyi mühiti tapıb, uzun illər ilk 11-liyin dəyişməz futbolçusu kimi klubun qazandığı uğurlarda böyük rol oynayıb. 1983-84-cü illər mövsümünün sonunda komandası ilə Birinci Liqa çempionluğunu qazanıb və Superliqaya yüksəlməyi bacarıb. Ərbuğa “Altay”ın bu uğurunda əsas pay sahibi kimi göstərilib.

1985-86-cı illər mövsümünü “Altay”la başa vuran Ərbuğa bundan sonra oyunçu karyerasına son qoyub.

On iki dəfə Türkiyə milli komandalarına çağırılan Səbahəddin Ərbuğa 4 dəfə 21 yaşadək, 7 dəfə isə əsas yığmanın formasını geyinib. 21 yaşadək futbolçulardan ibarət yığmanın heyətində 1973-cü il martın 18-də Rumıniya milli komandasına qarşı oynadığı matçda debüt edib. Əsas milli komandada ilk matçı isə iki il sonra yenə də Rumıniya ilə qarşılaşmada baş tutub. Bu matçlardan başqa, 1980-ci ildə Şimali Kipr millisi ilə keçirilən qeyri-rəsmi yoldaşlıq oyununda da iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər