9 Mart 11:46
19 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

1879-cu ildə Meydston həbsxanasının rütubətli və soyuq kamerasında Enni Parker adlı kentiyalı qadın vardı. Enni sərxoşluğa görə həbsə düşmüşdü, amma ilk dəfə deyildi ki, o, dəmir barmaqlarının arxasında idi. Son 365 gününün 350-ni həbsxanada keçirmişdi. Altı il sonra vəfat edənə qədər sərxoşluq və digər cinayətlərə görə təxminən 400 dəfə həbs edilmişdi. Kamerada olarkən kətan üzərində çarpaz tikişlə işləyirdi. Tikişləri isə sapla yox, öz saçı ilə atmışdı.

Təxminən 1847-ci ildə naməlum yerdə doğulan Enni Parker həyatının çox hissəsini sərxoşluğa görə Meydston və ya Bedford həbsxanalarında keçirdi. Məlum məlumata görə, ilk dəfə 1871-ci ildə tez-tez həbs olunmağa başlamışdı, 1872-ci ilin yanvarına qədər - 12 ay ərzində 20 dəfə həbs edilmişdi. Həmin ilə aid Qrinviç Reformatoriyasının qeydlərində Enni Parkerin heç bir məşğuliyyəti, evi və dostlarının olmadığı bildirilir. Müasir nəşrlər isə həbsdən çıxanda tanışlarının ona spirtli içki təklif etdiyini yazırlar.

Bəzi davranışları şiddətli idi, pəncərələri sındırmaq, oğurluq etmək kimi cinayətlərdə ittiham olunmuşdu. Dosyesində intihara cəhd də var, buna görə iki il həbs cəzası almışdı. Amerikaya mühacirət etmək şərtilə dörd ay əvvəl azad edilsə də, Parker orada İngiltərəyə qayıtmazdan əvvəl cəmi bir həftə qaldı.

İslah evində keçirdiyi günlərdə özünə məşğuliyyət tapdı. Enni qəhvəyi saçlarından kətana çarpaz tikişlər atır, bəzən də naxışlara qırmızı, açıq yaşıl və ya qəhvəyi saplar əlavə edirdi. Amma onun kətan, iynə, biz və ya sapı necə əldə etdiyi barədə dəqiq məlumat yoxdur.

Parker tez-tez kətan üzərinə dini ayələri də toxuyurdu. Saçlarını qoparıb xırda tikişlərə çevirərkən kəffarə, hüzn və paklanma axtarışlarını əks etdirən dini ayələri seçirdi. Bunları edərkən tez-tez pəncərədən səmaya baxır, “Evin cənnətdir”, “Mükafatın cənnətdir” deyirdi. Bu dini məzmun onunla bağlı tarixi qeydlərdə də özünü göstərir. Məsələn, “Hər kəs fərqli ola bilər, amma Uca Tanrı mənə yaxşılıq edir” deyərək iman və Tanrının mərhəmətindən danışırdı. Parker üçün həbsxanadan tutmuş sığınacaqlara, ömrünün son illərini keçirdiyi küçələrə kimi həyatının hər mərhələsində din təsəlli mənbəyi olub.

Kentiş Merkurinin 20 aprel 1878-ci il tarixli məqaləsində Enni və Tomasın ən azı dörd uşağının olduğu, hamısının Meydston həbsxanasında doğulub öldüyü bildirilir. Ərinin ölümü Enniyə o qədər dərindən təsir etmişdi ki, ümidsizliyi, tənhalığı və axirətinin bu dünyasından daha yaxşı olacağı ümidini əks etdirən əsərlər hazırlamağa başlamışdı.

Enni Parker təkcə dini motivli əsərlər yaratmırdı...

Parkerin saç sənətinin ən erkən işlərindən biri əri Tomas Parkerə olan dərin sevgisi və sədaqətini əks etdirən fədakarlıqla hazırlanmışdı. Bu əsər təkcə bədii deyil, həm də emosional ifadə, yaddaş kimi dəyərə malikdir. İncə işlənmiş saç telləri Enninin duyğuları və sədaqətini hiss etdirsə də, onun Tomasa həsr olunması bu işə xüsusi anlam verir. Bu, Enni Parkerin daxili dünyası və duyğusal dərinliyini əks etdirən sənət əsəri kimi seçilir.

Enni Parker 1885-ci ildə Qrinviç Reformatoriyasının xəstəxanasında həddindən artıq spirtli içki qəbulundan vəfat edəndə həbsxanada qeyi-adi davranışı və əla təhsili ilə yadda qaldı. Bu, onun vaxtilə Deptford və Lyuşam küçələrində yaşadığı həyatdan fərqli bir keçmişə sahib ola biləcəyini göstərir.

Çoxsaylı həbsləri ilə bağlı xəbərlər Enni Parker haqda yaddaşlarda pis təəssürat yaratmışdı, əslində isə kədərli ana, zorakılığa məruz qalmış həyat yoldaşı idi.

Enni Parkerin əsərlərinin çoxu Oksfordşirdəki Antikvar Uitni kolleksiyasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər