Prezident İlham Əliyev dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamla “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.
Siyahıya “Azərbaycan Beynəlxalq Bankı” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” və “Aztelekom” MMC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QSC-lər, Dövlət Neft Şirkətinin strukturuna daxil olan "Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu daxildir.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etməli və aparılacaq təhlillər əsasında aşağıdakılar barədə təkliflərini 9 ay müddətində dövlət başçısına təqdim etməlidir:
- dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması;
- dövlət müəssisələrinin qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları;
- potensial investorların dairəsi;
- müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları;
- dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları;
- Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilmiş maliyyə vəsaitinin istifadə istiqamətlərini müəyyənləşdirərək, həmin dövlət müəssisələrinin təşkilati hüquqi formasının dəyişdirilməsi, özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satışı üsulları, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.