"Azərbaycanımızın uzatdığı yardım əlini hüzurunuzda bir daha minnətdarlıqla yad etmək istəyirəm. Məlum olduğu kimi, çox böyük bir acını geridə qoymağa çalışırıq. Bu dövrdə Zati-alinizin liderliyi ilə Azərbaycanın qardaş köməyi nəcib millətimiz tərəfindən heç vaxt unudulmayacaq".
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sentyabrın 7-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
"Yardımımıza ilk gələn Azərbaycan olduğu kimi, ən son ayrılan axtarış-xilasetmə heyətləri də yenə Azərbaycanın heyətləri olmuşdur. Bütün maddi və mənəvi dəstəklərini bizə çatdırmaq üçün səfərbər olan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı nə qədər ifadə etsək azdır", - türkiyəli nazir söyləyib:
Türkiyənin daxili işlər naziri təbii fəlakət və fövqəladə halların idarə edilməsi sahəsində həyata keçirdikləri fəaliyyət barədə məlumat verib, Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıqdan danışıb və bu əməkdaşlığı hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinə əsaslanaraq daha da gücləndirəcəklərini bildirib.