Rusiyalı sahibkar Alişer Usmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Prezidenti seçkilərində qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Uca Yaradan Sizə dahi rəhbərə xas olan möhkəm iradə, xalqına sədaqət və uzaqgörənlik nəsib edib.
Bu parlaq qələbə həmrəyliyi və azərbaycanlıların öz milli Liderinə inamını, Sizin rəhbərliyinizlə ölkənin nail olduğu möhtəşəm uğurların onlar tərəfindən yüksək qiymətləndirildiyini əks etdirir.
Bu gün Azərbaycan geniş beynəlxalq əlaqələrə və dinamik iqtisadiyyata malik müasir, inkişaf edən dövlət, Türk dünyasının nüfuzlu liderlərindən biri və regionun hərəkətverici qüvvəsidir.
Siz Prezident vəzifəsində ölkəni bütövləşdirməyə və möhkəmləndirməyə nail oldunuz, xalq isə bu səyləri layiqincə dəyərləndirdi ".
***
Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Keniya Prezidenti bununla bağlı X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ürək dolusu təbriklərimi çatdırıram. Sizin inamlı qələbəniz uzun illər ərzində Azərbaycan xalqının məharətinizə və liderliyinizə inamını bir daha təsdiqlədi. 2004-cü ildən bəri diplomatik münasibətlərimizin əsası qoyulduqdan sonra uzun illər ərzində Keniya və Azərbaycan arasında güclü, davamlı, səmimi və dostluq münasibətlərindən məmnunluğumu bildirirəm. Biz diplomatik münasibətlərimizin 20-ci ilini qeyd edərkən razılaşdırılmış prioritetlər çərçivəsində ikitərəfli əlaqələrimizi daha da gücləndirmək və onları qarşılıqlı maraq doğuran yeni sahələrə də genişləndirmək üçün mükəmməl fürsətimiz olduğunu məmnunluqla bildirirəm.
Fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz ticarət, investisiyalar, enerji, iqlim dəyişikliyi və turizm kimi müxtəlif sahələrdə əmərəli tərəfdaşlıq imkanlarını tədqiq edəcəyik.
Zati-aliləri, mənim və Keniya xalqının ən yüksək ehtiramını qəbul edin".
***
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
Zati-aliləri, hörmətli Prezident.
Bütün futbol ictimaiyyəti adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu, ölkənizin Sizin liderliyinizə olan etimadının göstəricisidir.
Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına olan sadiqliyiniz, liderlik məharətiniz və şəxsi keyfiyyətləriniz son illərdə ölkənizi irəliyə doğru aparmaqda çox mühüm rol oynayıb. Şübhə etmirəm ki, yeni Prezidentlik dövrünüzdə Siz ölkənizin sabit inkişafına və tərəqqisinə mühüm töhfələr verməkdə davam edəcəksiniz.
Mən, həmçinin ölkənizdə futbolun inkişaf etdirilməsi və onun dəyərlərinin təşviqi istiqamətindəki bütün səylərinizə görə Sizə və hökumətinizə təşəkkürümü bildirmək istəyirəm. Sizin səyləriniz mədəni və ictimai maneələrin aradan qaldırılmasında futbolun əhəmiyyətini, eləcə də onun bütün sərhədləri aşan və inklüzivliyi qəbul edən bir idman növü olduğunu nümayiş etdirir.
Sizə yeni mandatınız dövründə fəaliyyətinizdə uğurlar və tükənməz enerji arzu edirəm. Cənab Prezident, tezliklə yenidən görüşüb Sizi şəxsən təbrik etməyi səbirsizliklə gözləyirəm.
***
Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru, xarici işlər nazirinin Qafqaz mənşəli yəhudilər üzrə müşaviri Pavel Yelizarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin adından Sizə və bütün Azərbaycan xalqına seçkilərdə qələbəniz münasibətilə səmimi təbriklərimizi çatdırıram.
Azərbaycan ilə İsrail arasında əməkdaşlıq inkişaf edir və möhkəmlənir. Bu istiqamət atanız, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Siz isə bu yolu uğurla davam etdirərək, Azərbaycanın İsraildə səfirliyini açaraq münasibətləri daha da möhkəmləndirdiniz. Bütün yəhudilər, xüsusən dağ yəhudiləri sevincli və kədərli vaxtlarda həmişə azərbaycanlılar üçün qardaş xalq olublar.
Prezident seçkilərində Azərbaycan xalqının seçimi bizi çox sevindirir. Mütləq əksəriyyət növbəti dəfə sübut etdi ki, Sizə tam etimad göstərir. Onlar müəyyənləşdirilmiş yolun gələcəkdə də davam edəcəyinə inanırlar".
***
14:45
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifəyə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinə rəhbərlik etmək şərəfinə nail olmuşam. Seçkilər zamanı nümayiş olunan mütəşəkkillik, ədalət və inklüzivlik bizim komandamızda dərin xoş təəssürat yaratmışdır.
Son iyirmi il ərzində Azərbaycanın bənzəri olmayan yüksəlişinin təmin edilməsində Sizin uzaqgörən rəhbərliyiniz mühüm rol oynamışdır. Sizin iqtisadi inkişaf, infrastruktur və sosial təminat sahələrində nailiyyətləriniz Azərbaycanı dünya arenasında yüksəltməklə yanaşı, digər ölkələr üçün ilhamverici nümunə olmuşdur. Əminəm ki, yeni prezidentliyiniz dövründə Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti daha çox uğur əldə edəcəkdir.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı və “ŞƏT ailəsi”nin vacib üzvüdür. Bu xüsusda, ŞƏT-in fəaliyyətində Azərbaycan Respublikasının fəal iştirakına, həmçinin Sizin təşkilatımızın fəaliyyətinə göstərdiyiniz şəxsi dəstəyə görə minnətdarlığımı ifadə edirəm.
Zati-aliləri, Sizinlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm. Qoy, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq qarşılıqlı anlayışı, sülhü və rifahı təşviq edərək daha da möhkəmlənsin!
Bizim Azərbaycana səfərimiz zamanı ŞƏT nümayəndə heyətinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik.
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yeni zirvələrə çatacaq".
***
13:22
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Baş katib İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayıb, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı dövlət başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək, öz növbəsində Azərbaycanın bundan sonra da İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təşkilatın inkişafı, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfəsini verəcəyini qeyd edib.
Dövlət başçısı Hissein Brahim Tahanı yenidən Azərbaycanda görmək istəyini ifadə edərək, onu ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.