İşğalçı Ermənistan ordusu cəbhəboyu ərazidə yaşayan mülki azərbaycanlı əhali arasında qorxu və xof yaratmaq üçün onları hədəfə alır. Təbii ki, qarşı tərəf bununla Cenevrə konvensiyasının 49-cu maddəsini, ümumiyyətlə konvensiyanın III bəndinin bir çox maddələrini kobud şəkildə pozmuş olur.
Bunu Teleqraf.com-a açıqlamasında Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bildirib.
O qeyd edib ki, hərbi əməliyyatların getdiyi bir dövrdə mülki əhalinin hədəfə alınması bağışlanılmaz cinayətdir:
“Azərbaycan tərəfi bunu konkret faktlarla toplayıb sübut edə bilərsə, demək olar ki, o əməliyyatların aparılması ilə bağlı əmr verən və icra edən hərbçilərin cəzalandırılmasına nail ola bilər. Düzdür, Azərbaycan və Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil. Ancaq müxtəlif beynəlxalq instansiyalarda o insanların cəzalandırılması və onların beynəlxalq ictimaiyyət tərəfindən təqib olunması üçün çox ciddi addımlar atmaq olar. Məncə, əgər belə faktların sayı çoxalacaqsa, Azərbaycan tərəfi bu imkanlardan yararlanacaq. Azərbaycan tərəfi təbii ki, bu faktlardan yararlanıb o insanların cəzalandırılması üçün nələrsə edə bilər”.
Əvəz Həsənov qeyd edib ki, bu məsələlər eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin də səlahiyyəti çərçivəsindədir:
“Cəbhəboyu ərazidə yaşayan mülki insanların təhlükəsizliyinin təmin olunması üçün tərəfləri müharibə dövrünün bütün humanist qaydalarına əməl olunmasına təhrik etmək Beynəlxalq Qırmızı Xaç Komitəsinin birbaşa mandatı daxilindədir”.
Həmsöhbətimiz deyib ki, cəbhəboyu ərazidə azərbaycanlı mülki əhali daha çox yaşayır, nəinki qarşı tərəfdə:
“Hazırda ermənilərin nəzarəti altında olan bizim işğal olunmuş ərazilərdə mülki əhalinin sayı ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Orada əsasən hərbçilərdir. Yaxınlıqdakı məntəqələrdə məskunlaşanlar isə postları qoruyan erməni hərbçilərinin ailə üzvləri ola bilər. Ancaq biz tərəfdə cəbhə xətti boyunca sırf mülki əhali yaşayır. Onlara qarşı atılan istənilən raket, istənilən mərmi qeyd olunmalıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən çox ciddi qınağa səbəb ola biləcək bir faktdır. Azərbaycanın müvafiq qurumları Ermənistan tərəfinin mülki əhaliyə qarşı belə hərbi cinayətlərini sübut edəcək faktları toplamaq, ümumiləşdirmək və sənədləşdirməklə gələcəkdə məhkəmə mübahisələndirməsi üçün sərf edə bilər. Təbii ki, müharibədirsə, müharibədə mülki əhali zərər çəkəcək, onlara ziyan dəyəcək. Ancaq birbaşa mülki əhaliyə ünvanlanan, birbaşa mülki əhaliyə yönələn hərbi addımların qeydiyyatı mütləq aparılmalıdır ki, gələcəkdə bu faktlardan istifadə etmək mümkün olsun”.