“Elə saat gəldi ki, bütün azərbaycanlılar bir nəfər kimi birləşərək təcavüzkarlar tərəfindən həyasızlıqla ələ keçirilmiş torpaqlarımızın işğaldan azad edilməsinə başlayan Azərbaycan Ali Baş Komandanını və ölkə ordusunu dəstəkləməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyarder Fərhad Əhmədov deyib:
“Bir xarici ölkənin ərazilərinə zorla girən azərbaycanlılar deyildi, qeyri-qanuni şəkildə işğalı davam etdirməyə hər cür səy göstərən azərbaycanlılar deyildi, onilliklər boyu danışıqları dəfələrlə ləğv edən və beynəlxalq vasitəçilərə məhəl qoymayan azərbaycanlılar deyildi.
Düşmənlərimiz ermənilər deyil - düşmənlərimiz yaşayış məntəqələrini çıxılmaz vəziyyətə gətirən, bütün nəsilləri nifrət və illüziya içində böyüdən avantüristlərdir.
Düşüncələrim, hislərim və dualarım bu gün ədalətli bir döyüşdə mübarizə aparan əsgər və zabitlərimizdədir. Ədalət bizim tərəfimizdədir və bu səbəbdən qələbə bizim olacaq”.