29 Sentyabr 2020 17:54
3 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hər zaman sülhə sədaqətli olub. Torpaqlarımızın 30 ilə yaxındır erməni işğalında qalmasına da məhz sülhün təmin edilməsi üçün səbr nümayiş etdirmişik. 1994-cü il mayın 12-də Bişkek protokolu imzalanıb. Bu tarixdən də Azərbaycan hər zaman danışıqlarda beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe sərgiləyib. Amma bunun əksinə olaraq erməni tərəfi R. Köçəryanın, S. Sərkisyanın istərsə də Nikol Paşinyanın hakimiyyəti illərində hər zaman sülh danışıqlarından boyun qaçırıb. Ermənistan hər zaman sülh danışıqlarını pozub, status-kvonun dəyişilməsinə qarşı çıxıblar. Eyni zamanda işğalçı dövlət Azərbaycan topaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT-nin 4 qətnamasəni də icra etməkdən imtina edib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müxtəlif görüşlər, danışıqlar keçirilib.

"Madriddə, Sankt Peterburqda, Kazanda və s ünvanlarda konkret olaraq münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb. Bu görüşlərin hər birində imzalanmış razılaşmalara da Azərbaycan səbrlə, təmkinlə yanaşıb. Amma buna baxmayaraq, Ermənistan tərəfi və münaqişənin sülh yolu ilə həll edilməsində məsul olan ATƏT-in Minsk Qrupu prosesi bilərəkdən uzatmağa çalışıb. Xalqımızın isə bu məsələdə səbri tükənməz deyil. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, biz istənilən halda torpaqlarımızı işğaldan azad edəcəyik”.

Komitə sədri vurğulayıb ki, hazırda davam edən əks-döyüş əməliyyatları da məhz erməni təxribatının qarşısını almağa, işğalçını sülhə məcburetməyə əsaslanır:

“Bundan sonra işğalçı və onu dəstəkləyən dairələr sülh prosesində daha real mövqe sərgiləməyə məcbur olacaqlar. Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib. Dövlətimiz heç bir qonşu ölkənin ərazisində işğalçılıq müharibəsi aparmayıb və aparmır. Azərbaycan öz ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu da xalqımızın şərəf məsələsidir. Ölkəmizin ərazi bütövlüyü heç bir prinsiplə müqayisə olunacaq məsələ deyil. Cənab Prezident də işğalçı ölkənin qarşısında yeganə bir tələb qoyub ki, erməni əsgəri Azərbaycan torpaqlarından tamamilə çıxmalıdır. İşğalçı könüllü şəkildə torpaqlarımızı təhvil vermədiyi halda əsgərimizin gücü ilə bu proses həyata keçiriləcək”.

Deputat əlavə edib ki, hazırda bir şıra beynəlxalq təşkilatların, dövlətlərin Azərbaycana sülhü bərpa etməklə bağlı çağırışları birtərəfli qiymətləndirilməməlidir:

“Azərbaycan tərəfi hər zaman sülhə hazırdır. Amma bir şərtlə ki, torpaqlarımız işğalçılardan təmizlənsin. Ermənistan rəhbərliyi bu gün öz quldur dəstələrini ərazilərimizdən çıxaracağını elan etsə, Azərbaycan xalqı da öz sülhsevərliyini nümayiş etdirə bilər. Amma xalqımızın sülhdən də müqəddəs bir arzusu torpaqlarımızın işğaldan azad edilməsidir. Biz torpağımıza, vətənimizə bağlı bir xalqıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər