1 Oktyabr 2020 15:10
2 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin “Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə" verilişinə verdiyi müsahibə proqrama baxan hər kəsə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı olduğu sübut edildi. Cənab Prezidentin açıq-aydın, tutarlı şəkildə ölkəmizin mövqeyini beynəlxalq platformalarda əks etdirməsi ilk dəfə deyil baş verir. Bundan öncə də bütün beynəlxalq təşkilatlarda dövlətimizin rəhbəri Azərbaycanın mövqeyini kifayət qədər ardıcıl, səlis formada geniş auditoriyaya çatdırıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, işğalçı Ermənistanın baş naziri həmin verilişdə səsləndirdiyi fikirlər ilə yenidən gülüş hədəfinə çevrilib:

"Sonuncu müsahibəsində də Paşinyan gətirdiyi arqumentləri, qeyri-ciddi yanaşmaları, əlaqəsiz fikirləri ilə sosial şəbəkələrdə belə ironiya ilə qarşılanmışdı. İlk növbədə bu çıxışlardan da məlum olur ki, Ermənistan baş naziri kifayət qədər siyasi təcrübəsi olmayan bir şəxsdir. Onun məhz təsüdüf nəticəsində hakimiyyətə gəlməsi səsləndirdiyi hər bir arqumentdə belə özünü büruzə verir. Ermənistan işğalçı bir dövlətdir. Azərbaycan torpaqları bu işğalçı tərəfindən zəpt edilib. Artıq bütün dünya ictimaiyyəti də Ermənistanın Azərbaycan ərazilərini işğal faktını tanıyıb. Bu ölkə eyni zamanda beynəlxalq hüquq normalarını pozub və pozmaqda da davam edir.

Deputat vurğulayıb ki, hazırda Azərbaycan torpaqlarının bütövlüyünü təmin etmək, düşmənin təxribatına qarşılıq vermək üçün əks-hücum əməliyyatları həyata keçirir:

“Belə bir şəraitdə Ermənistan baş nazirinin səsləndirəcəyi hər bir arqument əsassızdır. Azərbaycanın indiki halda apardığı vətən müharibəsini kifayət qədər informasiya ilə təmin etməsi bütövlükdə ümumi qələbimizə verilən töhvədir. Çünki indiki Azərbaycanın gücü son 24-25 ilə müqayisədə çox böyükdür. Azərbaycan kifayət qədər hərbi, iqtisadi, siyasi gücə malikdir. Dövlət siyasəti də kifayət qədər müasirdir”.

Tahir Mirkişili əlavə edib ki, əks-hücum əməliyyatları bütün cəbhəboyu zonalarda aparılır:

“Ordumuz cəbhədə böyük uğurlar qazanır. Diplomatiyamız Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasında məharətlə çalışır. Dövlət rəhbəri ardıcıl olaraq Azərbaycanın istəyini, şərtini bütün dünya ictimaiyyətinə açıqlayır. Həmin şərt də kifayət qədər aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan parlamenti də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Bütün ölkələrin parlamentlərinə, dostluq qruplarına məktublar göndərməklə Azərbaycanla bağlı həqiqətlərin çatdırılmasında öz vəzifəsini uğurla icra edir. Ölkə mətbuatı da öz üzərində düşən vəzifələri layiqincə icra edərək, peşəkar formada hadisələrin işıqlandırılmasını təşkil edir".


Müəllif: Tapdıq Qurbanlı