2 Oktyabr 2020 13:09
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Döyüşlərin dayandırılması və danışıqların bərpa edilməsi ilə bağlı səslənən fikirlər Azərbaycan ictimaiyyəti üçün yeni bir yanaşma deyil. Uzun illər biz bu cür mövqeləri müşahidə etmişik. Amma indiki halda atəşkəsin bərpası üçün bu qədər narahat olanlar nədənsə 30 ilə yaxın bir müddətdə qətiyyətli mövqe ortaya qoymağı bacarmayıblar. Xüsusən də Fransa prezidenti Emmanuel Makronun son günlər sərgilədiyi mövqe heç bir siyasi məntiqlə uzlaşmır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına bilavasitə məsul olan bir dövlətin başa düşülməz mövqeyi indiki halda qəbul edilən deyil:

"Fransa prezidenti Minsk Qrupunun üzvü olaraq bu məsələdə öz müsbət mövqeyini nümayiş etdirmək əvəzinə, açıq şəkildə işğalçı Ermənistanı dəstəkləyir. Eyni zamanda işğalçını dəstəkləməklə yanaşı, yalan informasiyaların da dövriyəyə buraxılmasında iştirak edir. İddia edilir ki, guya Suriya və digər ərazilərdən Dağlıq Qarabağda Azərbaycan tərəfindən hansısa silahlı birləşmələr iştirak edir. Sözsüz ki, bütün bu informasiyalar yalan və cəfəngiyyatdan ibarətdir. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuz bu gün özünün tarixi missiyasını uğurla icra edir. Güclü Azərbaycan ordusu heç bir kənar yardım olmadan qarşısına qoyulmuş hədəflərə nail olmaq üçün uğurlu əməliyyatlar həyata keçirir”.

Aydın Hüseynovun sözlərinə görə, sülhün bərpası ilə bağlı çağırışlar müsbət haldır:

“Cənab Prezident İlham Əliyev tərəfindən də dəfələrlə vurğulanıb ki, sülh Azərbaycanın işğaldakı torpaqları azad edildikdən sonra təmin ediləcək. İndiki halda hansısa sülhdən danışmaq qeyri-real görünür. Azərbaycan torpaqlarının işğalda saxlanılması müddətində hansısa sülhdən danışmaq mümkün deyil. Ona görə də, bölgədə sülhün başlıca şərti Azərbaycan torpaqlarının erməni işğalçılarından təmizlənməsidır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər