5 Oktyabr 2020 09:14
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab prezidentin son çıxışlarına diqqətlə qulaq asıram. Bu gün prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti təhlil edərək gəldiyim bu qənaətə inanaraq deyirəm ki, İlham Əliyev ən böyük azərbaycanlıdır. Bu titul hər insana verilmir. Ölkə başçısı "Əl-Cəzirə" televiziyasına müsahibəsində çox böyük məsələlərə aydınlıq gətirdi, strategiyamızı müəyyənləşdirdi:

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, professor İsaxan Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan danışıqlardan qaçmır, əksinə dəfələrlə danışıqlar yolu ilə konfliktin həll edilməsinə hazır olduğunu bəyan edib: "Qarabağ məsələsinin də danışıqlar müstəvisindən keçirilməsinin əleyhinə deyilik. Ancaq bir şərtlə ki, təcavüzkar erməni qoşunları Qarabağı tərk etsinlər, Azərbaycanın sərhədləri bərpa olunsun, bundan sonra məsələni danışıqlar müstəvisində keçirək. Ölkə başçısı yol da göstərdi ki, burada hətta erməni qoşunlarının Azərbaycan ərazisindən çıxmaq prosesini mərhələli şəkildə həyata keçirmək olar. Yalnız bundan sonra danışıqlar masasına keçmək olar.

Bəlkə bu zaman elə məsələlər gündəmə gələcək ki, doğrudan da o məsələlərin həlli Ermənistanı blokadadan çıxaracaq. Bizim bütün energetika ilə bağlı uğurlarımıza şərik olacaq, o da Qafqazdakı layihələrin iştirakçısı olacaq, monomillətçilikdən çıxıb, digər xalqlarla qarışacaq, problemlərin həllində iştirak edəcək".

Ermənistanın öz problemləri ilə dünya dövlətlərini Qafqaza cəlb etmək istədiyini deyən İsaxan Vəliyev Fransa Prezidenti Emmanuel Makronun bəyanatlarına toxunub: "Öz ölkəsində siyasi resurslarını axıra qədər xərcləmiş biri başa düşmür ki, Ermənistanı dəstəkləməklə, Türkiyə və Rusiya arasında münasibətləri kəskinləşdirməyə çalışmaqla, Livandakı işğalçı generalı dəstəkləməklə xalqına başucalığı gətirmir. Bir şeyi dərk etmək lazımdır ki, Fransa xalqı Makrondan ibarət deyil.

Fransızlar çox inkişaf etmiş xalqdır, mən onların ziyalıları ilə daima təmasda oluram. Mən prezident seçkiləri zamanı Fransanın Nitşa şəhərində Sofiya-Antipolis Universitetində çıxış edirdim. Universitetin kollektivi danışırdı ki, xalqın arasında elə bir lider yoxdur ləyaqətlə ona səs verəsən. Nə edək ki, bəxtimizə Makron düşdü. Bu, ziyalıların nöqteyi nəzəridir. Nə edəsən ki, bu gün Makron heç də öz xalqının iradəsini ifadə etmir. Təsəvvür edin, çox da böyük olmayan Azərbaycana fövqəl qüvvəyə malik olan dünya dövlətləri təsir etmək istəyir, atəşkəsin dayandırılması xahişi və ya tələbi ilə çıxış edirlər.

Siz bilirsiniz ki, bu təzyiqə dözmək nə qədər çətindir? Ancaq cənab prezident xalqın iradəsinə, maraqlarına uyğun siyasət formalaşdırıb və deyir ki, yalnız Ermənistan qoşunları Azərbaycan ərazisini tərk etdiyi halda danışıqlar masasına keçəcək. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qərarının icrası tələbini irəli sürür. Düşünürəm ki, bu, Azərbaycan xalqının iradəsinə uyğun mövqedir və bu yanaşma bu gün cəbhədə dəstəklənir. Xalqın gənclərinin könüllü döyüşə getməsi, vətənin müdafiəsinə qalxması ilə bu özünün təsdiqini tapır" - deyə İsaxan Vəliyev qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər