5 Oktyabr 2020 12:28
6 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gecə səhər saatlarınadək düşmənlə bütün cəbhə boyu inadlı və ağır döyüşlər aparılıb. Düşmənin aşkar terrorçucasına, barbarcasına davranaraq şəhərlərimizi və rayon mərkəzlərimizi raket-artilleriya atəşlərinə məruz qoymasının cavabı verilib”.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu bildirib.

Onun sözlərinə görə, düşmənin bu barbar atışları Azərbaycanın özünümüdafiə haqqını aktuallaşdırıb:

“BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, təcavüzə məruz qalmış dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil. Beləliklə, KTMT anlaşması və ikitərəfli müqavilələr çərçivəsində Rusiyanın Ermənistanı müdafiə etmək öhdəliyi duruma implimentasiya olunmur. Çünki Azərbaycanın şəhər və rayon mərkəzlərini vurmaqla Ermənistanın özü özünə qarşı real təhlükə yaradıb, KTMT-nin şərtlərini pozub, Rusiya üçün yeni və əlavə təhlükə formalaşdırıb. Yəni Azərbaycan artıq döyüş əməliyyatlarını asanlıqla Ermənistan ərazisinə keçirə bilər. Beynəlxalq hüquq bizə bu haqqı tam verir”.

Elçin Aloğlu bildirib ki, ordumuz şimalda Tərtər-Heyvalı istiqamətdən aşağı, cənubda Füzuli istiqamətdən şərqə doğru, qərbdə isə Murovdağdan aşağıya hərəkət edir:

“Füzuli praktiki olaraq ordumuzun əlindədir. Rayon mərkəzinə tam nəzarət hələlik əldə olunmayıb. Murovdağın azad edilməsi və təmizlənməsi istiqamətində işlər davam etdirilir. Ermənistandan Dağlıq Qarabağa gedən və qarabağlı ermənilərin əsas iki təminat yollarından biri olan şosse tam nəzarətdə saxlanır. Eyni zamanda, Qarabağda ermənilərin şimal-şərq müdafiə rayonları artilleriya atəşləri ilə məhv edilir. Suqovuşandan cənubda olan Ağdərənin mühasirəsi başa çatdırılıb. Oradakı qarnizon aviasiya və artilleriya ilə məhv edilir.

Heyvalının azad edilməsi uğrunda döyüşlər gedir. Heyvalı ermənilərdən təmizlənərsə, düşmənin bütün şimal-şərq müdafiə xəttinin fası çökəcək, şərq müdafiə xətləri isə çox ağır vəziyyətə düşəcək. Çünki ordumuzun artilleriyası düşmənin arxasında olacaq, daimi atışlar olacaq, düşmənin təminat və kommunikasiya marşrutları pozulacaq.

Qarabağdakı ermənilərin əsas nəqliyyat qovşağına çevrilmiş Ağdamın azad edilməsi dərhal düşmən nəzarətində olan ərazilərin 76 faizini atəş altına salır, ermənilərin əsas müdafiə rayonlarına atış imkanları verir və ən başlıcası, Ermənistandan Qarabağa gələn iki təminat yolunun sonuncusunu ələ keçirməyə imkan verir. Bu, Qarabağdakı erməni qoşunlarının sonu olacaq. Ordumuz çox əla döyüşür”.

Jurnalistin sözlərinə görə, işğalçı tərəf döyüşlərin başlamasından bu günədək hava hücumundan müdafiə sistemlərinin 78, ağır zirehli texnikasının 65, orta və yüngül zirehli texnikasının 62, nəqliyyat vasitələrinin 71, artilleriya sistemlərinin 62 faizini itirib:

“Ermənilərin Qarabağdakı 9 Müdafiə Rayonlarından ikisi darmadağın olunub. Qarabağda ermənilərin cəbhəsinin ümumi uzunluğu 300 kilometr, səfərbərlikk potensialı isə cəmi 30 min nəfərdir. Yəni cəbhənin hər 1 kilometrinə 99 nəfər, dağlıq ərazilərdə isə relyef nəzərə alınmaqla 1,54 nəfər düşür.

Belə müdafiə sistemi ötən 20 il ərzində effektiv olsa da, indi ordumuzun yüksək texnologiyalı və ən müasir silahlarla hərbi texnologiyaları qarşısında darmadağın olur, çökür, məhv olur. Düşmən gec də olsa, anlayır ki, geri çəkilməsə, ət maşınından keçiriləcək. Bu səbəbdən ermənilər müdafiə xətlərinin 2-ci və 3-cü eşelonlarına çəkilməyə başlamağa çalışırlar.

Amma o eşelonlar yoxdur. Çünki ermənilər əsla 1-ci xətdən geri çəkiləcəklərini, müdafiə xətlərinin yarıla biləcəyini düşünmürdülər. Bunu ermənilərin “müdafiə xətləri”ndəki dayaq müdafiə məntəqələrinin keyfiyyəti göstərir. Orada əsas mühəndis-istehkam vasitəsi qismində avtomobil şinlərindən istifadə olunması hər şeydən xəbər verir.

Səfil və yoxsul Ermənistan heç bir halda Qarabağda 3 işlək müdafiə xətti qura bilməzdi, onları normal səviyyədə və vəziyyətdə saxlaya bilməzdi, bilmir də. Bunun üçün həddən ziyadə böyük maliyyə vəsaiti lazımdır. Ermənilərin ön cəbhədəki dayaq məntəqələrinin və mövqelərinin tam əksəriyyəti 4-12-35 nəfərlik kiçik mövqelərdir”.

Elçin Alıoğlu qeyd edib ki, 8 sutka sərasər daim səmaya baxıb hərəkət etmək, qəflətən səmadan raketin gələrək mövqeləri və tankları, topları və sistemləri məhv etməsi ermənilərin psixikasını pis günə qoyub:

“Ordumuzun strategiyası işləkdir. Düşməninsə “dərin eşelonlanmış müdafiə sistemləri” mifi alt-üst oldu. Ermənilər hələlik geri çəkilərək müdafiə olunurlar. Amma çox az qalıb. Az sonra ermənilərin müdafiəsi çökəcək. Konkret şəraitdə unikal və optimal strategiya ilə döyüşürük. Hərbi kəşfiyyatımız da öz yerindədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər