9 Oktyabr 2020 14:51
54 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bütün beynəlxalq təşkilatlar və ən yüksək statusa malik olan qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən qətnamələr qəbul edib. Ona görə də ərazi bütövlüyümüzlə bağlı məsələdə heç bir şübhə yeri ola bilməz.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Millət vəkili bildirib ki, ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiasının heç bir hüquqi əsası yoxdur:

“Yadımdadır, tələbəlik illərində ermənilər Martunidə bu ərazilərə gəlmələri ilə bağlı şənliklər təşkil edirdilər. Hətta ermənilər bununla bağlı bir abidə də qoymuşdular. Həmin abidənin də üzərində ermənilərin Qarabağa gəlişi ilə bağlı yazı yazılmışdı. Tarixə nəzər salsaq, ermənilərin bu ərazilərə gəlmə olduğunu açıq şəkildə müşahidə etmək olar. XX əsrin əvvəllərindən başlayaraq ermənilər daha kütləvi şəkildə Azərbaycan ərazilərində məskunlaşmağa başladılar. Ermənilər Qarabağa köç etməklə yanaşı, burada özləri üçün yeni ərazilər də tutmaq iddiasına düşdülər. Dağlıq Qarabağ ətrafındakı hadisələr alovlanmamışdan öncə də ermənilər Azərbaycana qarşı torpaq iddiası irəli sürürdülər. Həmin vaxtlar Qazax istiqamətində ermənilərə sovet rəhbərliyi tərəfindən bir sıra ərazilər də güzəştə gedilib".

Ağsaqqallar Şurasının sədrinin sözlərinə görə, ümummilli lider Heydər Əliyev nə qədər ki sovet rəhbərliyində təmsil olunurdu, ermənilər Azərbaycandan torpaq almaq iddiasına düşməyə ehtiyat edirdilər:

"Hətta ulu öndər Heydər Əliyev Moskvada olanda Azərbaycanın mövqeyi daha da gücləndi. Amma 1987-ci ilin sonunda ümummilli lider vəzifədən gedəndən sonra ermənilər fəallaşdılar. 1988-ci ilin fevral ayında artıq ermənilər Qarabağda torpaq iddiasına başladılar. Çox təəssüf ki, sovetlər dönəmində Heydər Əliyevdən sonra rəhbərliyə gələnlər ermənilərin bu iddialarına qarşı çıxmağa cəsarət etmirdilər. Kamran Bağırovun dövründə bu hal daha da genişlənmişdi. Xatırlayıram, 1988-ci ildə Mixail Safonov iclasda dedi ki, Kamran Bağırov, mənə icazə verin 24 saata bu saqqalı erməniləri Qarabağdan qovum. Amma Kamran Bağırov hansı səbəbdən bunu etmədi. O, ya Moskvanın qorxusundan, ya da vəzifəsini itirməməkdən ötrü bu addıma razı olmadı. Amma o başa düşməliydi ki, burada bir millətin müqəddəratı həll edilir”.

Eldar Quliyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin vəzifədə olmamasından istifadə edən ermənilər azərbaycanlıları tarixi dədə-baba torpaqlarından zorla çıxarmağa başladılar:

“Paralel olaraq burada bir zəruri məsələ o idi ki, o zaman tarixi torpaqlarından çıxarılan insanlar Dağlıq Qarabağda, Xankəndində yerləşdirilməli idi. Sonra dedilər ki, Moskva buna icazə vermir. Məhz bundan sonra ermənilər özləri üçün daha geniş meydan qurmağa başladılar. O dövr hakimiyyətdə olan qüvvələrin bacarıqsızlığı ucbatından torpaqlarımızın işğalı reallaşdı”.

Şura sədri əlavə edib ki, sonradan münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu yaradıldı:

“Orada da təmsil olunan dövlətlər heç də Ermənistan üçün yad ölkələr deyildi. Amma az qala bu 30 ildə Minsk Qrupu da heç bir ciddi addım atmadı. BMT-nin qəbul etdiyi 4 qətnamə də bu günə qədər icra olunmayıb. Bu günlərdə erməni baş nazirin BMT qətnamələri ilə bağlı fikirləri də beynəlxalq hüquqa olan hörmətsizlikdir. Azərbaycan torpaqlarını Ermənistandan başqa heç bir dövlət işğal etməyib. Ona görə də, hazırda Azərbaycan cəbhədə Vətən müharibəsi aparır. Bu gün hər bir əli silah tutan vətəndaşımız cəbhəyə getməyə, torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırdır. İnşallah çox yaxın zamanlarda Ali baş komandanın rəhbərliyi altında ordumuz bütün işğalda olan torpaqlarımızı azad edəcək".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər