13 Oktyabr 2020 09:22
4 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Şahnaz Haşımova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Şahnaz xanım, Gəncədə yaşayırsınız, ermənilərin Gəncəyə raket atəşi nəticəsində 34 mülki şəxs yaralandı, 9 nəfər şəhid oldu. Hazırda şəhərdə vəziyyət necədir?

- Neçənci dəfədir ki, ermənilər Gəncəni atəşə tuturlar. Şəhərin əhəmiyyətli nöqtələrini hədəfə alırlar, yaşayış binalarına və mülki obyektlərə atəş açırlar. İnsanlara həm mənəvi, həm də mülki ziyan yaşadırlar. İnsanlarımız həlak olub, yaralılarımız çoxdur. Düşmənimiz yaşlı, qadın, uşaq demədən şəhərə atəşə tuturlar. Amma onu deyə bilərəm ki, heç uşaqlarımız belə ruhdan düşmürlər. Biz Ali Baş Komandamızın və ordumuzun yanındayıq. Rəhbərimizə və əsgərlərimizə inanırıq.

Gecə saat 2-nin yarısı idi. Son günlər yatmıram. Amma həmin gün necə oldusa yatırdım, baş ağrısına oyandım. Gecə yuxudan ayılan kimi Vətənim üçün dua edirəm. Birdən möhkəm səs eşitdim. Onun dalınca ikinci səs gəldi, üçüncü səs bir az zəif idi. Sonra hamı bir-birinə zəng etməyə başladı və şəhərə axışdı. Bütün dövlət orqanları, insanlar hadisə baş verən əraziyə toplandı.

- Atəşə tutulan yaşayış binası sizin yaşadığınız əraziyə yaxındır?

- Mənim yaşadığım yerdən on dəqiqəlik yoldur. Raket sanki mənim ürəyimə düşdü. O dağıntını gözlərimlə gördüm. Orada adam çox idi, hazırda bağlayıblar. Yaşayış binaları, obyektlər dağıdılıb, insanlar həlak olublar.

Gəncənin hər daşı, hər torpağı gözümüz, ürəyimiz qədər əzizdir. 40-a yaxın insan yaralıdır, beş qadın, beş kişi rəhmətə gedib. Uşaqlarımız, körpələrimiz yaralıdırlar. Çox acınacaqlı vəziyyətdir, insanlar xəstəxanalardadırlar.

- Gəncə sakinlərində əhval-ruhiyyə necədir? Hər hansı narahatlıq varmı?

- Hamı yüksək əhval-ruhiyyədədir. Ordumuza güvənirik. İnsanlar qorxmurlar. Bu cür ordusu və rəhbəri olan insanlar nədən qorxmalıdırlar? Gəncəlilər qorxmaz və cəsurdurlar, eləcə də bütün azərbaycanlılar...

- Cəbhə bölgəsindəki vəziyyəti necə dəyərləndirirsiniz?

- Mən siaysətçi deyiləm, amma bildiyim bir söz var. Ali Baş Komandanımız sərkərdədir, otuz il əvvəl alınan torpaqlarımızı geri qaytarır. Ordumuz yüksək səviyyədə hazırlıqlıdır. Ölkəmiz Ali Baş Komandanımızın başçılığı ilə hər şeyə hazırdır. İnsanlarda inam var.

Böyük oğlum 39 yaşındadır. Kiçik də, böyük də - ikisi də könüllü olaraq orduya yazılmışdılar, lakin onları çağırmırdılar. Böyük oğlumun özü müraciət edərək cəbhə bölgəsinə getdi. Yalnız mənim deyil, hamının oğlu əsgərlərimizin yanında olmağa çalışır.

- Necə düşünürsünüz, ermənilər niyə məhz Gəncəni atəşə tuturlar?

- Gəncə Azərbaycanın döyünən ürəyi, ikinci böyük şəhəridir. Ordumuz qələbə çalır və bu da onları qıcıqlandırır. Düşünürlər ki, bizə zərbə vururlar və ruhdan salmaq istəyirlər. Ruhdan düşmürük, qələbəyə inanırıq. Allahın izni ilə Ali Baş Komandanımız və ordumuz tərəfindən torpaqlarımız işğaldan azad olunacaq. Allah arzumuza çatdırsın!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər