Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunub. Həmin yerdə, yolun qırağında isə iki başdaşı var. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri – dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilib. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları da var, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir.
Bunu Teleqraf.com-a açıqlamsında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir: “Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib.
Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir”.
Zaur Əliyev bildirib ki, Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir: “Bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikildiyi, Eldəgizlər dövləti zamanında daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə ikinci körpünün eramızdan əvvəl 558-529-cu illərdə ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir.
Qəzvini qeyd edir ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var.
Körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb.
Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub”.
Alimin sözlərinə görə, tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub: “Bu körpülər həm də yüzillər boyu yadellilərin Azərbaycanın quzeyinə basqınlarına da şərait yaradıb. Hər halda bu körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır.
Xudafərin körpüsünün dağıdılması haqqında ilk dəfə “Qarabağnamə”lərdə məlumat verilir. Yazılır ki, Ağaməhəmməd Şah Qacarın Qarabağa ikinci hücumundan (1797) əvvəl İbrahimxəlil xanın əmri ilə Xudafərin körpüsü dağıdıldı. Bəzi hissələri salamat qaldı. Lakin Ağaməhəmməd Şah Qacar körpünü yenidən təmir etdirdi”.
Zaur Əliyevin sözlərinə görə, Xudafərin körpüsü bizim üçün həm tarixi, həm də strateji baxımdan çox əhəmiyyətlidir: “Həmin körpünün işğaldan azad edilməsi, əlbəttə, tarixi hadisədir. Körpünün yerləşdiyi ərazi də strateji baxımdan mühümdür. Xudafərin körpüsü körpü olmaqdan əlavə, həm də zaman-zaman Azərbaycanı birləşdirən simvol rolunu da oynayıb.
Sovet dönəmində Xudafərin körpüsü üzərində sərhəd xidmətinin yerləşməsi, eləcə də körpünün yaxınlığında su elektrik stansiyasının tikilməsi onun müstəsna strateji əhəmiyyət daşıdığını göstərir. Araz üzərində çoxlu körpü atılsa da, onlardan ən bəllisi Xudafəriin körpüləridir.
Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olub. Burada genişlənən çay yatağında iri qayalıq sahələr var. Qədim dövr və orta əsrlərdə həmin keçidin kommunikasiya vasitəsi olaraq necə böyük rol oynadığına qayalıqlar üstündə ucaldılan iki qədim körpü şahidlik edir.
Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı”.