5 Noyabr 2020 09:30
4 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa haqqında çox eşitmişdim, dedim bir görüm. Ora bizim mədəniyyət beşiyimiz sayılır. Nəhayət, 1986-cı ildə bu şəhəri görmək mənə qismət oldu. Həm təbiəti, havası, həm də memarlığı, mədəniyyət ocağı olması məni özünə aşiq etmişdi. Şuşa böyük şəxsiyyətlərimizin vətənidir. Təsəvvür edin ki, yolla, buludların arasında gedirsiniz, çox gözəldir...

Bu fikirləri Teleqraf.com-a müsahibəsində əməkdar rəssam, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib.

Müsahibəni təqdim edirik.

- Qələbə dolu günlər yaşayırıq. Hansı hissləri keçirirsiniz?

- Bu gün hamımız səbirsizliklə qələbə xəbərini gözləyirik, çox az qalıb. Ali Baş Komandanın sayəsində ordumuz böyük müvəffəqiyyətlərə nail olub. Qarabağ 30 il işğal altında idi, bu yara hamımızı göynədirdi. Hansısa uğura nail olsaq da, bu, bizim üçün problem olaraq qalırdı. Azərbaycan xalqı istedadlı, işgüzar, böyük elmi potensiala malik xalqdır. Xalqımız tarix boyu heç vaxt ədalətsizliklə barışmayıb. Azərbaycan türkü olaraq xalqımız hər zaman ədalətin tərəfində olub, müharibədə baş verən hadisələr də bunu göstərir. Biz bu xəbərləri necə böyük sevinclə qarşılayırıq və ümid edirik ki, işğal tezliklə bitəcək. Halbuki 30 il ərzində problem beynəlxalq səviyyələrdə, müxtəlif ölkələrin nümayəndələri arasında çeynənilirdi, bir ay ərzində torpaqlarımızı azad etdik.

Prezidentimizin də dediyi kimi, müharibə zonasında qurulan istehkamlar sübut etdi ki, düşmənin torpaqları qaytarmaq fikri yox idi. Misli görünməmiş, heç bir kvotaya uyğun olmayan balaca respublikada silahların miqdarı görünür. Onlar üzdə özlərini mələk kimi göstərirdilər, guya Ermənistan əyilən xalqdır, hər kəs onların qayğısını çəkməlidir. Belə edərək arxadan öz işlərini görürdülər. Döyüşdə onların sıradan çıxardığımız, qənimət götürdüyümüz texnikalarının sayı, eyni zamanda informasiya məkanında ermənipərəst qüvvələrin əl-ayağa düşməsi, belə məqamda kimin kiminlə olduğunu göstərir. Ermənipərəst qüvvələr aləmi qarışdırırlar. İş o yerə çatıb ki, hər cür çirkin əməllərə əl atırlar, onların atdığı ballistik raketlər nəticəsində bizim Gəncədə həlak olan uşaqlarımızın fotolarını dünya mediasına təqdim edərək deyirlər ki, guya bu vəhşiliyi Azərbaycan törədib. Həyasızlığın həddi, dərəcəsi yoxdur.

- Ermənistanın türk milləti ilə düşmənlik etməsi nədən qaynaqlanır?

- Biz onların xislətini bilirik, tarixə baxdıqda, onların haradan, necə gəldiklərini görə bilərsiniz. 1811, 1813, 1828-ci illərdən etibarən onları İran, Türkiyə və digər ərazilərdən Azərbaycana köçürdülər. Münaqişələr xüsusilə yay fəslində baş verirdi. Bizim əhali yayda həmişə dağlara çəkilir, yaylağa gedirdi, boş olan evlərə onları gətirib yerləşdirirdilər. İnsanlar qayıdanda görürdülər ki, evləri zəbt edilib. Pyotrın vaxtında göstəriş belə idi ki, bütün erməni-türk münaqişələrində ermənilərin tərəfini saxlamaq vacibdir. Qafqaz xalqları hər zaman dostluq, mehribanlıq içində yaşayıblar, aranı qarışdıran isə gəlmələr olub. 1905, 1914-1915-ci illərdə ermənilərin bir çox hissəsi Türkiyədə yaşayıb, vəzifə başında idilər, orduda zabitləri var idi. Amma rus-türk müharibəsi başlayanda xaincəsinə öz vətənlərindən üz döndərib, türklərə arxadan zərbə vurdular. Arxivlərə nəzər yetirsək, daha çox türk, müsəlman xalqlarına ziyan vuran elə ermənilər olub. Qafqazda və başqa yerlərdə məskunlaşıblar. Onların din xadimləri də silahlanmanı, müharibəni dəstəkləyir. 18-ci əsrin sonları, 19-cu əsrin ortalarından başlayaraq Avropada, mətbuatda mütəmadi olaraq ermənilərin xeyrinə yazılar dərc olunub. Onlar siyasi partiyalarını bizdən 100 il əvvəl yaradıblar. Dövlət kursunda özlərinə yer edib, xülyalarında "dənizdən dənizə böyük Ermənistan" yaratmaq istəyiblər. Tarixi saxtalaşdırıblar, onlara heç bir aidiyyatları olmayan, qədim Urartu dövləti guya onların olub. Məşhur rus alimlərinin tarixçiləri deyirlər ki, Ermənistan tarixi daha çox erməni tarixçilərinə borcludur, nəinki tarixə. İndi görürük ki, gürcülərin rəqsini, bizim mahnıları, maddi irsimizi, memarlıq abidələrimizi mənimsəyirlər.

- Sizcə, münaqişə sülh yolu ilə həll edilə bilərdimi?

- Biz qəhrəman olmaqla yanaşı, humanitar xalqıq, qurbanların olmasını istəmirdik. Hər vasitə ilə çalışırdıq ki, münaqişə sülh yolu ilə həll edilsin. Hələ 70-80 il əvvəl ruslar onları dəstəkləyirdi, eyni zamanda bizim xalq onlara daha yaxşı şərait yaradırdılar ki, qonşuluq. 1986-cı ildə Şuşa haqqında çox eşitmişdim, dedim bir görüm. Ora bizim mədəniyyət beşiyimiz sayılır. Həm təbiəti, həm memarlığı, həm havası, həm də mədəniyyət ocağı olması məni özünə aşiq etmişdi. Şuşa böyük şəxsiyyətlərimizin vətənidir. Təsəvvür edin ki, yolla, buludların arasında gedirsiniz, çox gözəldir.

1986-cı ildə Xankəndindən oraya avtobusla getdik, dedim bir şəhərə baxım, mənə çox qəribə gəldi. Rus və erməni dillərində reklamlar qeyd olunmuşdu. Azərbaycanca bir kəlmə də yox idi. Dözmədim, orada bir polis gəzirdi, rusdilli idi. Dedim ki, “bu nədir?”, soruşdu “nə”? Dedim “Bu nədir, rusca, ermənicə yazmısız, niyə azərbaycanca yoxdur?” Laqeyd şəkildə çiyinlərini çəkərək, "Mən nə edim?!" dedi. Bəs bunu görən yox idi? Neçə illərdir bu baş verirdi...

Bir misal var, deyir balıq dərin su axtarar, insan daha yaxşı yer. Daha yaxşı yer axtaran elə bu ermənilərdir. Əvvəl Paşinyan hakimiyyətə gəldi, guya bu fərqlidir, ABŞ tərəfdədir. Sonra aranı qarışdırdı, Rusiyaya tərəf oldu. Bu ikiüzlülük onlarda var. Bir ifadə var, "nə edirsən et, qalib gəl" . Onlar da bununla hərəkət edir. Müharibə yaxşı addım deyil, amma müharibədən müharibəyə fərq var. Bizim müharibə vətən müharibəsidir. Bir var dövləti işğalçıdan azad edəsən, bir var humanitar prinsiplərə xidmət edəsən. Bizi məcbur etdilər. Oturublar orada, nə oyunlardan çıxırlar. Azərbaycan xalqı hər an onların cavabını verə bilərdi, amma arxalarında onları dəstəkləyənlər var idi.

- Qarabağ xatirələrinizdən danışdınız. Bəzi insanlar ümidsizliyə qapılmışdı. Siz necə, qələbə gözləyirdinizmi?

- Mən heç vaxt ümidimi itirmədim. Azərbaycanla düşmənin ordusunu müqayisə etmək gülməli gəlir. Son vaxtlar ölkəmizin inkişafı ilə onların siyasəti, istiqamətini analiz edirəm. Geci-tezi vardı. Biz istəmirdik ki, qurbanlarımız olsun. Bizə mənəvi cəhətdən zərbələr endirdilər, Şuşada qondarma "andiçmə" mərasimi keçirib, rəqs edirdilər. Beynəlxalq təşkilatlar buna baxmalı idi. Amerikada, Fransada, Rusiyada çoxlu sayda erməni var, indi onların hər biri dövlət qurmalıdır? Bizdə niyə olmalıdır? Mədəni muxtariyyətləri var, yaşasınlar da.

- Qarabağla bağlı həyata keçirəcəyiniz layihəniz, planınız varmı?

- Mən Şuşanın mənzərəsini işləmişdim. Zəfər çalaq, təbii ki, yaradıcılığımda öz əksini tapmalıdır. Ötən gün bir tələbəm zəng edib ki, məni diplom işində ona elmi rəhbər təyin ediblər. Adətən, uşaqlar mənzərə işləyirlər, mövzusunun nə olduğunu soruşanda, cavabında hərbi mövzuda çalışmaq istədiyini dedi. Söylədi ki, atası da hərbçidir, dedim o zaman cızma-qara göndərsin. İndi pandemiya olduğu üçün əyani müzakirə etmək olmur. Bu, yeni reallıqdır. Azərbaycan güclü türk dövlətidir. Arzu edirəm ki, iki güclü türk dövləti olan Azərbaycan və Türkiyə arasındakı dostluq heç vaxt sarsılmasın. Bunun çox böyük əhəmiyyəti var.

- Yeni reallıqdan danışdınız. Bu gün baş verən hadisələri hansı çalarlarla ifadə edərdiniz? Yaradıcılığınızda öz əksini necə tapar?

- Toqquşmalar, müharibələr, bir-birini tapdalamaq, qan içində boğmaq, qanın su yerinə axması tarix boyu olub. Biz illərdir bunu gözləyirdik. Neçə qəhrəmanlarımız həlak olub, milli qəhrəman Mübariz İbrahimov, general Polad Həşimov, generalımızın qisasını alan Cəbrayıl Dövlətzadə və başqaları... Onlar canı, qanı bahasına bu torpaqları azad edir, anaların göz yaşı, qurban verdiyimiz körpələrin canı bahasına vuruşur. Bu mövzu elə mövzudur ki, hansı tərəfdən yanaşırsan yanaş, insanın ruhunu, qəlbini titrədir. Qurbansız heç nə başa gəlmir. Tarix belə gətirib, təbii ki, əsərlərdə əksi zamanı sevincli anlar ön plana çəkiləcək. İnsanlarda inam, ruh yüksəkliyi, gələcəyə ümidlə baxmaq, gələcəkdə azad olunmuş torpaqlarda daha yaxşı yaşamaq, yüksək humanist prinsiplər əks olunacaq.

- Əsərlərində münaqişə təsvir edən dünya rəssamı varmı?

- Məşhur rəssam Pablo Pikassonun yaradıcılığının çox hissəsi Fransa və Almaniyada keçib. Əslən ispan olsa da, 18 yaşından Fransada yaşayıb. Paris o vaxt dünya rəssamlarının mərkəzi sayılırdı. Hər yerdən gənc rəssamlar gəlib, həm Fransa, həm Avropa mədəniyyətini öyrənir, eyni zamanda özlərini sınaqdan keçirirdilər. Yeni cərəyanlar yaranırdı. Pikasso ispan rəssamı olaraq öz vətəninə aid tablo işləyir. İkinci dünya müharibəsi ərəfəsində almanlar İspaniyanın Gernika şəhərini yerlə yeksan ediblər, eynilə bizim Xocalı kimi... O mövzuya aid Pikasso böyük tablo işləyib. Sözügedən tablo hazırda BMT-nin ekspozisiyasındadır. Alman zabiti bu işi görərkən Pikassoya üz tutub deyir ki, "Bunu siz yaratmısınız?". O da deyir ki, "Yox, siz etmisiniz".

Böyük rəssamlar, yazıçılar, yaradıcı insanların əsərlərində o mövzular mütləq yer tapır.

- Uşaqlara vətənpərvərlik hissi necə ötürülməlidir? Bu istiqamətində hansı təbliğat işi aparılmalıdır?

- İndi yatmırıq, müharibəni izləyirik. Bir tanışımla əyləşmişdik, nəvəsi televiziyadan Azərbaycanda baş verən hadisələri izləyirdi. "Rəis əmi, Rəis əmi, Azərbaycan, Azərbaycan!" deyərək mənə tərəf yüyürdü. Onlar uşaqlıqdan bu hissləri mənimsəyirlər. Düşmən muzdluları, terrorçuları, az qala 50-60 yaşlı kişiləri döyüşə cəlb edirsə, bizim 18-19 yaşında oğullarımız döyüşüb şəhid olur. Döyüşə könüllü gedən tələbələrim var.. Vətənpərvərlik cəmiyyətdən, mühitdən, valideyndən, tərbiyədən asılıdır. Qanında olmalıdır.

- Hazırda iki düşmənlə mübarizə aparırıq - koronavirus və Ermənistan. Necə düşünürsünüz, koronavirusu ciddiyə almamaq ordumuz üçün hansı təhlükələri yaradır? Virus cəbhədəki mübarizəmizə mane olurmu?

- Hər şey məsuliyyətdən başlayır. Əgər ilk gündən hər kəs məsuliyyətlə yanaşıb, elementar qaydalara riayət etsəydi... Həkimlərimiz qəhrəmancasına çalışırlar, elə mənim də tanıdığım həkimlər var ki, bu mübarizəyə qoşulublar, evlərinə getmirlər. Bu, çox ciddi məsələdir və ciddi yanaşmaq lazımdır. Bu, müharibədən kiçik bəla deyil. İndi televiziyada deyirlər ki, biz qaydalara riayət etməklə orduya dəstək oluruq. Eyni zamanda, bütün cəmiyyətə, öz varlığımıza dəstək oluruq.

- Hazırda elə bir vəziyyət yaranıb ki, xalqla prezident bütünləşib, siyasi partiyalar prezidentə dəstək olur. Bu birlikdən gələcək üçün necə istifadə edə bilərik?

- Türkiyədə də baş verən hadisələrə nəzər salaq, orada da xeyli müxalif partiyalar var. Amma milli məsələlərdə hamı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir, bir yumruq kimi birləşir. Bizdə də eyni haldır. Ali Baş Komandan deyir ki, yumruq kimi birləşməliyik. Doğrudan da elədir. Burada kürsü məsələsi yoxdur, hamımız birik. İş naminə müxtəlif fikirlər, təkliflər normal cəmiyyətdə var. Amma bu o demək deyil ki, düşmən olmaq lazımdır. Əksinə, əl-ələ verməliyik. Hazırkı vəziyyət də buna da nümunədir.

- Necə düşünürsünüz, bütün baş verənlərdən sonra ermənilər bizlə yaşaya bilərmi? Şəxsi fikriniz maraqlıdır...

- Bu barədə Prezident danışıb. Xoş niyyətlə yanaşanlarla yanaşı, qərəzli mövqedə olanlar da bu sualı verib, mümkünlüyünü soruşublar. Elə mən də o fikri təkrarlayıram. Almaniya ilə Rusiya arasında İkinci Dünya müharibəsi olmasına baxmayaraq, hazırda birlikdə yaşayırlar. Yaxud hazırda Rusiya, Gürcüstanda həm ermənilər, həm azərbaycanlılar yaşayır. Əgər aranı qızışdıran olmasa, yaşaya bilərlər. Mədəni muxtariyyət verilsə, niyə də olmasın?! Amma Azərbaycanın ərazisində başqa bir dövlət yaratmaq mümkün deyil.

Foto: Pərviz Həşimi


Müəllif: Aysel Azad