5 Noyabr 2020 09:57
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Yaponiyadakı səfirliyində Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı son təcavüzü mövzusunda Yaponiya ictimaiyyətinin məlumatlandırılması məqsədilə növbəti tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Yaponiyada yüksək nüfuza malik olan “The International Friendship Exchange Council” (FEC) təşkilatı üçün təşkil olunan tədbirdə bu təşkilatın prezidenti Ken Matsuzava və digər rəhbər üzvləri iştirak ediblər. Qeyd edək ki, FEC təşkilatının rəhbər heyətinə Yaponiyanın ictimai-siyasi dairələrinin, kütləvi-informasiya vasitələrinin nümayəndələri və sabiq diplomatlar daxildirlər.

Tədbirdə çıxış edən səfir Gürsel İsmayılzadə Azərbaycan, onun tarixi, coğrafi mövqeyi, müstəqilliyin bərpasından sonra əldə edilən uğurlar barədə ətraflı məlumat verib. 1918-1920 illərdə müsəlman dünyasında ilk parlament respublikası modeli əsasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) çoxpartiyalı demokratik dövlət olduğunu vurğulayıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən ölkəmizin qarşılaşdığı çətinliklərdən bəhs edib. Müasir Azərbaycan respublikasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışıb.

1918 -1920-ci illərdə mövcud olmuş AXC-nin xəritəsini nümayiş etdirən səfir, keçmiş Sovet İttifaqının hakimiyyəti tərəfindən ölkəmizin tarixi torpaqları olmuş Zəngəzurun və digər ərazilərin Ermənistana verildiyini bildirib. Qeyd edib ki, 1920-ci ildə yaradılan Ermənistan Respublikasının əhalisinin 500 minini azərbaycanlılar təşkil etsə də, Sovet İttifaqı dövründə onlar tədricən buradan ya köçürülüb, ya da qovulublar. 1988-ci ildə başlayan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan diplomat, 1991-1994-cü illərdə davam edən döyüşlər, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri haqqında geniş məlumat verib. Bu xüsusda ermənilərin törətdiyi Xocalı soyqırımından danışıb.

Ermənistanın Azərbaycana qarşı cari il sentyabrın 27-də başlanan son təxribatı haqqında geniş məlumat verən səfir bildirib ki, həmin tarixdə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

G.İsmayılzadə qeyd edib ki, Ermənistan terrorçu qüvvələrinin məhz mülki əhalinin sıx yaşadığı yerlərə məqsədyönlü atəşləri nəticəsində bu günədək 91 nəfər azərbaycanlı mülki şəxs qətlə yetirilib, iki yüzdən artıq insan yaralanıb, minlərlə yaşayış binası və mülki obyektlər dağıdılıb.

Səfir bildirib ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri olan Mingəçevir, habelə Azərbaycanın digər rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və mühüm əhəmiyyətli infrastrukturun Ermənistan ərazisindən məqsədyönlü şəkildə raket hücumlarına tutulması hərbi əməliyyatlar zonasını genişləndirmək və münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdən təxribatdır. Oktyabrın 27-28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raketlər nəticəsində 25 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 70-dən çox insan ciddi xəsarət alıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkə arasında münaqişənin həlli istiqamətində fəaliyyəti, haqqında məlumat verən səfir, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni də xatırladıb. Qeyd edib ki, ATƏT-in Minsk qrupu 28 illik fəaliyyəti nəticəsində münaqişənin həlli istiqamətində heç bir nəzərəçarpacaq addım atmayıb. Qətnamələr Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də 27 il ərzində bu qətnamələrin tələbləri yerinə yetirilməyib.

G.İsmayılzadə vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələbləri yerinə yetirmədiyinə görə dünya dövlətləri, o cümlədən Yaponiya tərəfindən təzyiqin göstərilməməsi nəticəsində özünü cəzasız hiss edən Ermənistan yeni təxribatlar törədir.

Çıxışının sonunda Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunun səfir qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlər ümumi maraqlar, qarşılıqlı anlaşma və hörmət prinsiplərinə əsaslanır. İki ölkə arasındakı dostluq münasibətləri və iqtisadi əməkdaşlıq davamlı inkişaf edir. Ölkələrimiz enerji sektoru da daxil olmaqla, digər sahələrdə sıx əməkdaşlıq edir. Azərbaycan və Yaponiya arasında qarşılıqlı maraq kəsb edən müxtəlif sahələri əhatə edən sıx əlaqələr mövcuddur.

Tədbirdə çıxış edən FEC təşkilatının prezidenti Ken Matsuzava münaqişə barədə ətraflı məlumata görə minnətdarlığını bildirib. Döyüşlər zamanı həlak olmuş mülki əhali və hərbiçilərin ailələrinə baş sağlığının çatdırılmasını xahiş edən təşkilatın rəhbəri, yaralanmış insanların tezliklə sağalmasını arzuladığını söyləyib.

Azərbaycan - Yaponiya ikitərəfli münasibətlərinin inkişafına səfir G.İsmayılzadənin xüsusi töhfələr verdiyini vurğulayan K.Matsuzava, onun bundan sonra da iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün çalışacağına əmin olduğunu bildirib.

Azərbaycan və Yaponiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edən FEC prezidenti, əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, tibb, nəqliyyat sahələrində genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər