3 Yanvar 2021 19:31
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın öz ərazilərini erməni işğalından azad etdiyi savaşda şəhid olan tankçı baş leytnenant Valeh Məmiyev işğaldakı torpaqları azad edəcəyinə dair Türkiyə Müdafiə naziri Hulusi Akara söz vermişdi.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” aganetliyi yazıb.

Valeh Məmiyev Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində Hulusi Akaradan mükafat alıb və ona “Torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verib.

Tankçı baş leytenant 44 günlük savaşda Qubadlı rayonunun bir çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi zamanı şəhid olub.

Müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Gülər və Hərbi Qüvvələrin digər komandanları Azərbaycana səfəri zamanı Müdafiə naziri Zakir Həsənovla Azərbaycan Silahlı Qüvvələrinin Təlim Mərkəzində bir fotosərginin açılışında iştirak etmişdilər. Sərgi “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” adlanırdı. Sərgidə Müdafiə naziri Akarın Azərbaycana bundan əvvəlki səfərlərində lentə alınmış bir foto diqqət çəkmişdi.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Abdulla Qurbani həm Akarı duyğulandıran o foto, həm də şəhid baş leytenant Məmiyevin hekayəsi haqda “Anadolu”ya danışıb.

Qurbani ötən il avqustun 13-də keçirilən hərbi təlimdən sonra Akarın mükafat təqdim etdiyi bəzi hərbçilərlə söhbət etdiyi və foto çəkdirdiyini deyib.

MN rəsmisi qeyd edib ki, Türkiyə müdafiə nazirindən mükafat alanlar arasında Məmiyev də olub:

“Akar hərbçilərlə söhbətində bildirdi ki, hərbi təlimlərdə gücünüzü və peşəkarlığını göstərməyiniz çox gözəldir, amma əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı azad etməkdir, buradakı uğurlarınızı savaş meydanında da təkrarlamalısınız.

Məmiyev isə nazirə belə cavab verdi: “Biz Ali baş komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”.

Polkovnik Qurbani baş leytenant Məmiyevin Qubadlı rayonunun işğaldan azad edilməsi ilə yadda qalan hərbi əməliyyatdan əvvəl Akarla çəkdirdiyi fotonu döyüş yoldaşlarına göstərdiyini söyləyib: “Məmiyev yoldaşlarına dedi ki, “Bu, qardaş Türkiyənin Müdafiə naziri Hulusi Akardır. Akar təlimdən sonra mənə mükafat vermişdi və təlimdə öyrəndiklərimiz savaşda həyata sübut etməyimizin vacib olduğunu demişdi. Bizə güvənərək Akara söz verdim. Söz verdim ki, düşməni məğlub edib torpaqlarımızı azad edəcəyik, otuzillik həsrətə son qoyacağıq”.

Abdulla Qurbani Məmiyev və döyüş yoldaşlarının verdiyi sözü yerinə yetirərək, Qubadlı rayonunu işğaldan azad etdiklərini bildirib: “Təəssüf ki, savaş və zəfər itkisiz mümkün olmur. O əməliyyatlarda Məmiyev ağır yaralandı. Son anında gülümsəyərək “Mən artıq məqsədimə çatdım. Mən qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözü tutdum. Vətən sağ olsun” dedi və şəhid oldu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər