“Müharibə göstərdi ki, Qarabağ ordusunun (separatçı qüvvələr-red.) komandanlığında kifayət qədər təcrübə və bacarıq yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın bir çox təcrübəli generalı ordudan uzaqlaşdırdığını söyləyib.
Vrtanesyanın sözlərinə görə, müharibədən sonrakı aylar göstərdi ki, nadir hallar istisna olmaqla, generallar Qarabağda baş verənlər haqda danışmaq istəmirlər:
“Generalların susması başa düşüləndir, mövqelərindən yapışmağa davam edirlər, digərləri isə hələ danışmağa vaxt olmadığını, həll edilməli məsələlərin vacibliyini düşünürlər. Ordunu yenidən təchiz etmək, ordu qurmaq üçün aktiv addımlar görsəydim, yəqin başqa sözlər deyərdim, amma bu belə deyil”.
Vrtanesyan bildirib ki, Ermənistan rəhbərliyi bir müddət sonra Türkiyə və Azərbaycanla yaxşı qonşuluq münasibətlərinin qurulacağını ümid edir.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağ müdafiə ordusunu maksimum dərəcədə azaltmaq və ya onları polis qüvvələrinə çevirmək niyyətindədir: “Hər halda Silahlı Qüvvələrdəki vəziyyəti qəti şəkildə mənfi qiymətləndirirəm, gedişat təhlükəlidir”.