Sonuncu dəfə 1991-ci ilin dekabrın ortalarında Xocalıdan vertolyotla Şuşayada-Cıdır düzünə getmişəm. Oradan Şuşa icra hakimiyyətinə, Şuşa polisinə getmişəm. Hərbi hissələrə baş çəkdikdən sonra həmin gündə vertolyotla Xocalıya qayıtmışam. Allah nəsib etdi, 30 ildən sonra azad Şuşaya getdim.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Şuşada "Xarıbülbül" festivalının keçirilməsi özündə çox böyük tarixi, mədəni hadisələri birləşdirir:
“Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan bu festivalın Şuşada keçirilməsi və bunun yaşatdığı hisləri sözlə ifadə etmək asan deyil. Şuşaya gedərkən Qırmızı bazar yolundan istifadə etdik. Hətta ermənilər yaşayan bir neçə kəndlərdən keçdik. Şuşaya gedən avtomobil karvanı ermənilər yaşayan bu kəndlərdən keçərkən onların yaşadıqları güzəranın mənzərəsini də açıq görmək olur. Onlar çox acınacaqlı bir durumda yaşayır. Yaşayışları belə çox aşağı səviyyədədir. Ona görə də artıq ermənilər də bunu anlamalıdır ki, bu torpaqların əsl sahibləri geri qayıdıb”.
Deputat xatırladıb ki, Şuşada sonuncu "Xarıbülbül" festivalı 1989-cu ildə keçirilib:
“Azad Şuşada müstəqil Azərbaycan dövləti səviyyəsində ilk dəfə "Xarıbülbül" festivalı keçirildi. Bu möhtəşəm bir tarix idi. Cənab Prezident festivalda çıxışında çox mühüm məqamlara toxundu. Musiqi festivalında Azərbaycanda yaşayan bütün xalqların təmsilçiləri iştirak edirdi. Vətən müharibəsində də ölkəmizdə yaşayan bütün millətlərin təmsilçiləri böyük qəhrəmanlıqla düşmənə qarşı döyüşüb. Şuşadan ucalan bayram sədaları Xankəndində də eşidilirdi. Şuşadakı atəşfəşanlıq isə düşmənin bağrını çatladan bir olay idi. Düşmən bununla bütün çirkin niyyətlərinin puça çıxdığının bir daha şahidi oldu”.
Millət vəkili ermənilərin Şuşada törətdikləri dağıntılardan da bəhs edib:
“Azərbaycan xalqına məxsus bütün dini, tarixi, mədəni abidələr ermənilər tərəfindən barbarlığa məruz qalıb. Amma bu gün bütün Şuşada quruculuq, abadlıq işlərinin şahidi olduq. Şuşadan zəfər yolu ilə qayıtdıq. Yol boyu görülən işləri müşahidə etdik. Şuşada yaşanan bu tarixi hadisələri, verilən mesajları hər kəs gördü. Dönüşdə Xocalıya da nəzər saldım. İnşallah növbəti milli tədbirlərimiz Xocalıda keçiriləcək”.