Uşaqlıqdan etibarən xalqımızı ələmli günlərdə bir araya gəldiyini görmüşəm. Bizi birləşdirən ağacları qırılan Topxana meşəsi, rus tanklarının üzərimizdən keçdiyi 19-20 yanvar hadisələri, Xocalı soyqırımı, işğal günləri idi. Qəribədir ki, bu ələmli günlər davam edər, gah metropolitendə partlayışlar olar, gah da hansısa terrorçu universitetə hücum edib gənclərimizi arzuları ilə birgə qətl edərdi. Bakıda bina yanğını olanda eyni hissləri keçirər, yenə birlik olardıq. Sanki əbədi zəncirin halqaları kimi bir-birini əvəzləyən bu ələmli günlər xalqın üzündən geyiminə qədər özünü hiss etdirər, bir ovuc xoşbəxtliyə həsrət qalardıq. Ələmdən nəşəyə keçmək üçün mübariz bir addıma ehtiyac vardı. Məğlubiyyət sindromunu qırmaq, Xocalı psixologiyasından qurtulmaq, əziklikdən xilas olmaq, özünə dönmək üçün sadəcə bir mübariz addıma ehtiyac vardı.
Bu addım 18 iyun 2010-cu ildə atıldı. Bugünkü qələbənin rüşeymi məhz həmin gün idi. Mübariz İbrahimovun addımı xalqı silkələdi, psixoloji üstünlük bəxş etdi, örnək oldu, mümkünlüyün insan iradəsindən asılılığını göstərdi.
İkinci addım yarımçıq qalan Aprel döyüşləri, Lələtəpəyə sancılan bayraq oldu. Üçüncü addım isə ötən ilin iyul ayında baş verən Tovuz hadisələri və toplumun hər kəsiminin qəlbində bir anda yer tutan general Polad Həşimovun şəhadəti oldu.
Nəhayət, 27 sentyabrda başlayan Vətən müharibəsi Mübarizdən Polada gedən yolu zəfərlə taclandırdı.
*
... Avqustun 17-də Füzulidən həmin yolun izi ilə Şuşaya doğru yola düşdük. “İşğaldan azad edilmiş bölgələrə giriş” yazısı olan lövhədən sonra Vətən müharibəsinin izi və yolu ilə Azərbaycanın mədəniyyət paytaxtına doğru irəlilədik. Dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzdən çox azərbaycanlı Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində Qarabağın ürəyinə doğru yol aldı.
Həmişə Şuşadan danışarkən “oxuduqlarım”, “eşitdiklərim” ifadələrini işlədir, “gördüklərim” qismində susaraq hüznü-ümumiyə qərq olardıq. Təsəvvürümüzdəki Şuşa köhnə açıqcalarda, fotoşəkillərdə yer alan təsvirlərdi. O Şuşa ki, hələ ki üçrəngli bayraq gəlməmiş, Latın qrafikası görməmişdi. Qala divarında kiril qrafikası ilə yazılan “Şuşa” sözü bəzən gözümüzə erməni əlifbasının hərfləri kimi görünür, qəribə bir üzüntü yaradırdı. O anda anlayırdın ki, bütün ələmli günlərimizin əsas səbəbi məhz Şuşanın süqutu idi.
... Zəfər yolunda bir tərəfdən müharibənin izləri, dağıdılmış evlərin qalıqlarının məsumanə baxışları, digər tərəfdən yeni salınan yolların, tikilən körpülərin və çalışan ustaların qürurlu baxışları vardı. Yolboyu bizi salamlayan polis, əsgər, usta birliyi hara getdiyimizi bildikləri üçün sevincimizə şərik olur, parıldayan gözləri ilə uğur diləyirdilər. Məhz bu anda mən ələmli günlərin artıq bitdiyini anlayırdım. Uzun illərdən sonra ilk dəfə idi ki bizi nəşəli günlər birləşdirirdi.
Bu nəşəli günləri biz yüz il öncə yaşamışdıq. Qarabağa müvəqqəti təyin edilmiş hərbi vali Xosrov bəy Sultanov 1919-cu il fevral ayının 12-dəki müraciətində belə demişdi: “Öz həyatını xalqına həsr etmiş bir ictimai xadim kimi bildirirəm ki, millətindən asılı olmayaraq qanunçuluğa və ədalətə ciddi əməl edəcəyəm və bildirirəm ki, general-qubernatorluğun rayonlarında yeganə hökumət Azərbaycan hökumətinin hakimiyyətidir və hamı məcburi şəkildə bu hakimiyyətə tabe olmalıdır”.
Şuşaya iddialı olan asilərin ümidləri qırılmış, Xosrov bəyin xəncərini ürəklərində hiss etmiş, iddialarında geri çəkilmişdilər. Problemin həllinin ancaq qılınc və qan hesabına mümkün olduğunu bilən Xosrov bəy ədaləti təmin, Azərbaycan hakimiyyətini bərqərar etmişdi.
“Şuşasız bizim işimiz yarımçıq qalar” devizi də məhz bu hakimiyyətin bir daha təsdiqi, Qarabağın Azərbaycan olduğunun ifadəsi idi.
*
... Avtobusdan Şuşa şəhərini əhatə edən qayaları gördüyümüzdə “eşq izah edilirsə, eşq deyildir” həqiqətini qəbul etdiyimiz üçün o ankı hisslərin də ifadəsinin mümkünsüzlüyünü söyləməliyik. Sadəcə deməliyəm ki, o anda Şuşanı dumanlı gördüm.
Şuşanın içərisindən irəlilədikçə pəncərədən nəyisə gözdən itirməyək deyə diqqətlə baxırdıq. Vaqifin türbəsini, məscidləri, bərpa edilən dövlət qurumlarının binalarını, marketlərin sayını əzbərləməyə çalışırdıq. Müharibənin izlərini daşıyan beşmərtəbə binaları, əski zamanlarda tikilmiş evləri kaşif kimi müşahidə edir, eyni zamanda “Şuşaya nə yaraşar” deyə hesablayırdıq.
Avtobus Cıdır düzündə saxladı. Torpağı öpüb, üzərində tarix yazılan ağ-qara fotolardan əzbərlədiyimiz düzə doğru qaçdıq. O anda bir təəccüb yarandı. Nə etməliyik? Cıdır düzündən əsrarəngiz təbiəti seyr etmək, bu anları fotoaparatın yaddaşına köçürmək, sadəcə bir daşın üzərində oturub səssiz şəkildə anı yaşamaq?! Hamısını eyni anda etmək istəyirdik...
Şərqilər oxundu, “Qarabağ Azərbaycandır!” şüarı səsləndi, nəhəng Azərbaycan bayrağı dalğalandırıldı.
Oranı mühafizə edən gənc əsgərlərimiz sevincimizə şərik olur, baxışları ilə “narahat olmayın, Cıdır düzü bir daha düşmən üzü görməyəcəkdir” mesajı verirdilər.
Məhz bu anda əsgərlərimizi imanlı gördüm.
Bir də Cıdır düzündən yaxın olan uzaqda Xankəndini gördüm...
*
... Nahardan sonra Şuşa küçələri ilə qala divarlarına doğru gedə biləcəyimiz söyləndi. “Xarı bülbül” hotelinin önündə şəkillər çəkdirib Üzeyir bəyin, Bülbülün, Natəvanın büstlərinin olduğu meydana doğru yürüdük. Hələ ki əhalinin dönüşü baş vermədiyi üçün bəzi evlərdə ustalar, müxtəlif qurumların əməkdaşları yaşayırdılar. Küçədə yalnız polis və hərbi maşınların hərəkəti sükutu pozur, bir də hər gördüyü anı əbədiləşdirməyə çalışan zəvvarların.
Üzeyir bəyin güllələnmiş heykəlinin qarşısındayıq. Bizə elə gəlir ki, ermənilər üçün Azərbaycan xalqının vahid obrazı Üzeyir bəyin şəxsində idi. Ona görə də Üzeyir bəyi gün gəlib öldürmək istəmiş, əsərlərini oğurlamış, hirsləri soyumayaraq büstünü də güllələmişdilər. Çünki bir şuşalı olaraq Üzeyir bəy “Azərbaycan” qəzetindəki yazılarında Andronikin timsalında ermənilərin fitnəsini sərt şəkildə tənqid etmişdi.
Bu ərazidə tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. O bəyannamə ki Azərbaycan və Türkiyə müttəfiqliyinin, qardaşlığının növbəti təsdiqi idi.
*
... Sosial mediada bir yoldaş “madam ki, Şuşaya gedirsən, arzusunda olduğun Ağaoğlu ev muzeyi üçün də yer bax” demişdi. Şair Natəvanın dağıdılmış ev muzeyinin qarşısından keçərkən həmin sözlər yadıma düşdü. Elə məhz bu yerdə, Şuşa Bəyannaməsinin imzalandığı yerlə Natəvanın muzeyinin arasında Ağaoğluna xatirə muzeyini qurmağın mümkünlüyünü gördüm. Ağaoğlunun üzərində xüsusi dayanmağımızın səbəbləri çoxdur. Əvvəla o, Azərbaycanda erməni fitnəsinin qarşısının alınmasının hər zaman keçərli yolunu tapmışdı. Onlarla necə mübarizə aparmağın həm siyasi, həm mətbu, həm də əsgəri tərəfini bilirdi. Azərbaycanlıların Bakı kəndlərindən sürgün edilməsinin qarşısını almışdı. Digər tərəfdən Ağaoğlu ömrünün böyük hissəsini Türkiyənin istiqlal mücadiləsinə və inkişafına həsr etmişdi. Türkiyə ilə ortaq dəyərimizdir. Əgər Şuşanın girişində Azərbaycan və Türkiyə bayraqları birgə dalğalanırsa, Ağaoğlu ev muzeyi də Şuşa Bəyannaməsinin imzalandığı yerdə qurulmaqla tarixi bir xidmət olardı.
Cıdır düzü qədər bizi ən çox həyəcanlandıran yer Şuşa qala divarlarının önü oldu. Orada da musiqi ifa olundu, birlik mesajı verildi. Xarı bülbül simvolu qarşısında fotoşəkillər çəkildi. Ardınca Yuxarı Gövhər ağa məscidinə doğru irəlilədik.
Şuşadakı məscid, bəlkə də, yeganə məscid idi ki, müsəlman üzünə həsrətdi. İndi isə məscid zəvvarlarla dolu idi. Dualar edildi, namaz qılındı.
Şükür ki, məscidi müsəlmanlı gördük.
*
Səfərdən öncə komitədə görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov demişdi ki, Şuşanı görəndən sonra biləcəksiniz ki, o cür ərazi necə itirilə və necə azad oluna bilərdi. Həqiqətən də, qayaların arasında o hündürlükdə yerləşən şəhərin işğaldan qurtarılması hərb tarixində xüsusi yeri olacaq haldır. Bir müddət öncə dövlət başçısı çıxışında buna işarə edərək belə demişdi: “Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik”.
Əlbəttə ki, əməliyyatın detalları gələcəkdə açıqlanacaq.
Amma burası şübhəsizdir ki, bu qələbələr məhz şəhidlərimizin qanı, canı hesabına əldə edilib, qalibiyyəti zabitlər, əsgərlər və “Dəmir Yumruq” əməliyyatına start verən Ali Baş Komandan bizə bəxş edib.
P.S. Şuşa səfərini təşkil edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, başda Kənan Arif olmaqla komitənin əməkdaşlarına, tarixi yolçuluqda birlikdə olduğumuz dəyərli dostlara minnətdaram.