Artıq Xocalının Fərrux kəndi Azərbaycan Ordusunun nəzarəti altındadır. Bəs bu kənd haqqında nə bilirik?
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, Fərrux Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində aiddir, eyni adlı dağ da bura daxildir.
Onun sözlərinə görə, Zori Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndi və yaxınlıqdakı dağın tarixi barədə müxtəlif versiyalar var.
Bir versiyaya görə, hərfi mənası "Ədalət tərəfdarı" olan Faruq, yaxud Farux 1907-ci ildə sosial-demokrat qrupunun adı ilə bağlı ola bilər. Digər bir versiyaya inansaq, Fərrux adlı xan nəslinə mənsub bir kişinin torpaq sahəsi olduğu üçün belə adlanıb. Bu faktı hörmətli alimlər Budaq Budaqov, Qiyasəddin Qeybulayev də təsdiq edirlər.
1999-cu ildə Bakıda nəşr olunmuş Azərbaycan toponimləri lüğətində Xocalı rayonunda olan Fərrux kənd adının Fərrux şəxs adı ilə bağlı yarandığı göstərilir”.
Zaur ƏIiyev bildirib ki, digər versiyaya görə, bu dağ və kənd İslam peyğəmbəri Məhəmmədin kürəkəni və əmisi oğlu Həzrət Əlinin bir ləqəbi olan Faruqla bağlıdır: “İslamın fəxri olan Həzrət Əlinin Faruq ləqəbi ilə kənd və dağın adlanması 9-cü əsrə gedib çıxır.
1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum ediblər.
Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer kimi tanınıb. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusuna aid Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatını uğurla aparmışdılar”.
Zaur Əliyevin fikrincə, Fərrux yüksəkliyinin azad olunması ilə Ağdam şəhəri üçün təhlükə aradan qalxıb: “Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsiləsi Ballı Qayaya, oradansa Vəngə qədər gedib çıxır. Xaçın çayının yatağı o dağın ətəyi ilə gəlir.
Fərrux kəndi 40-50 evdən ibarətdir, Kolanı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. Bu kəndin azad olunması ilə Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir”.