“Düşünürəm ki, İrəvanda hakimiyyət əleyhinə mitinq keçirən Ermənistan müxalifəti heç bir nəticə əldə edə bilməyəcək. Çünki “Qarabağı xilas etmək” və verdikləri vədləri yerinə yetirmək o qədər də asan deyil. Rusiyadan çox şey asılıdır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni əsilli fransız müğənni-bəstəkar Marten Yorqants deyib.
“Siyasətçi deyiləm, amma uzaqdan gördüyüm budur ki, bu adamlar heç nə edə bilməyəcək. Əksinə, ölkəyə daha çox zərər verirlər. Onların etdikləri və dedikləri (Qarabağı yenidən işğal etmək – red.) mümkün deyil. Ermənistanın daxili işlərini yaxşı bilmirəm, amma gördüyüm və duyduğum budur: Ermənistanda uzun illər hakimiyyətdə olan indiki müxalifət liderləri keçmişdə etmədiklərini bu gün Nikol Paşinyanın etməsini istəyirlər”, - Yorqants bildirib.
Bəstəkar Ermənistanın Azərbaycanla müharibə edəcək gücdə olmadığını da etiraf edib:
“Ermənistan hazırda çox zəifdir. Ermənistan müharibə edəcək vəziyyətdə deyildi, buna görə də savaşa imkan verilməməli idilər. Böyük itkilər vermişik. Bu durumda yeni müharibə və gərginlik yarada bilmərik. Qarabağla bağlı vəziyyəti 44 günlük müharibədən əvvəlki duruma qaytarmaq mümkün deyil. Bizim güclü ordumuz yoxdur. Rusiyanın öz müharibəsi, problemləri var və bizə kömək edə bilməyəcək, ona görə də yenidən təxribat törədib vətəni zəiflətmək lazım deyil”.