“Ermənistan-Türkiyə münasibətlərində ciddi yaxınlaşma yoxdur. Əslində Türkiyə açıq elan edib ki, Ermənistan Azərbaycanla münasibətlərini tam tənzimləməyənə qədər Türkiyədən heç nə gözləməməlidir. Odur ki, Türkiyə-Ermənistan münasibətləri həm də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsindən asılıdır”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Musabəyov əlavə edib ki, əslində Türkiyənin Ermənistanla diplomatik əlaqələri bərpa etməyə elə də böyük ehtiyacı yoxdur.
Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında 30 il diplomatik əlaqə olmayıb: “Amma Türkiyə bu müddətdə inkişaf edib, bundan sonra ds inkişaf edəcək. Amma Ermənistan geri gedib. Bu baxımdan Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması daha çox İrəvanın marağında olmalıdır”.
Milli Məclisin deputatı xatırladıb ki, əslində həm Türkiyə, həm də Ermənistan hökuməti dialoqun aparılması üçün xüsusi nümayəndə müəyyən ediblər: “Səhv etmirəmsə, onlar iki dəfə görüşərək dialoq aparıblar. Əlbəttə, bu proses uzun çəkə bilər”.
Deputat deyib ki, indi Ermənistanın əsas işi Azərbaycanla normal əlaqələr qurmaqdır: “Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan arasında görüş oldu. Hələlik hiss olunur ki, liderlərin görüşü üçün hazırlıq yoxdur”.