Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Azərbaycan və Ermənistan sərhədində baş vermiş son vəziyyətlə bağlı bəyanat yayıb.
Teleqraf.com-un xəbərinə görə, bəyanatda deyilir:
"Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatı ilə bağlı dərin narahatlığını bildirir və qətiyyətlə qınayır.
TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır.
Katiblik şəhidlərin ailələrinə, qardaş Azərbaycan xalqına başsağlığı verir, qazilərimizə və xəsarət alanlara Allahdan şəfa diləyir".