“ABŞ dövlət katibi Entoni Blinken erməni həmkarı Ararat Mirzoyanın Qarabağ məsələsinin sülh müqaviləsinə salınması təklifinə cavab verməyib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.
Erməni nəşri Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüşə diqqət çəkir:
“Noyabrın 7-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilib. Rəsmi açıqlamaya görə, Mirzoyan və Bayramov mümkün sülh sazişinin müddəaları ilə bağlı fikir mübadiləsi aparıblar və qeyd ediblər ki, hələ də həllini gözləyən bir sıra problemlər var.
Tərəflər danışıqlara təkan vermək və yaxın həftələrdə daha bir görüş keçirmək barədə razılığa gəliblər. Əldə etdiyimiz məlumata görə, Mirzoyan Vaşinqtonda Blinkenə izah etməyə çalışıb ki, mümkün Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı “Brüssel paketi” adlanan sənəddə hansısa yolla Qarabağla bağlı hansısa müddəanın yer alması arzu edilir.
Diplomatik mənbəmizin bildirdiyinə görə, Mirzoyan qeyri-müəyyən və mücərrəd ifadələrlə də olsa, “Qarabağ” ifadəsinin daxil edilməsinin zəruri olduğunu deyib və bu addımla Ermənistanın ictimai sferasında əhval-ruhiyyədə kəskin dəyişiklik olacağına eyham vurub.
Xarici İşlər Nazirliyindəki mənbəmizin dediyinə görə, Ararat Mirzoyan qeyd edib ki, Qarabağla bağlı ən kiçik eyham belə müqavilənin Qərb variantının xeyrinə dönüş nöqtəsi ola bilər. Bizdə olan məlumata görə, Amerika tərəfi yekun cavab verməyib və sualı hələlik havada saxlayıb”.