13 Dekabr 2022 20:37
3 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəla bu vəziyyəti Ruben Vardanyan yaradıb. Bu şəxs Qarabağa gəlib və düşünür ki, Moskvada kimlərdənsə dəstək alaraq qızıl mədənini istismar edə bilər. O, hansı müəssisə aça bilər? Düşünür ki, Qızılbulaq mədəni hazır vəziyyətdədir, onu istismar etsin. Bir tərəfdən cibini dolduracaq, digər tərəfdən saxta qurumun büdcəsinə də nəsə gedəcək. Kimdir gedib mədəni ölçən, oradan nə qədər qızılın çıxdığını araşdıran, onun qiymətini hesablayan?.. Dağıtmaq niyyəti var və elə bilirdi ki, bu keçəcək. Fərz edirdi ki, ən azı bu məsələyə dair biz Vardanyanla danışıqlara gedəcəyik, razılaşma olacaq və s. Azərbaycan da açıq bildirdi ki, onu tanımır və danışmaq niyyətimiz də yoxdur”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Deputat əlavə edib ki, bu, Azərbaycanın Ruben Vardanyan və o ağılda olanlara hələlik mülayim cavabıdır:

“Mən bizim ekoloqların apardığı işi və Laçın dəhlizini bağlamasını nəzərdə tuturam. Xankəndidə bunu başa düşmədikləri təqdirdə başqa vasitələr də ortaya çıxacaq. Bunu anlamasalar, havadan həmin mədəni darmadağın edə bilərik. Lazım gələrsə, mədəndən nəsə daşımaq niyyətləri olsa, yola daxil olaraq avtomobilləri yükləri ilə birlikdə müsadirə edə bilərik. Və nəhayət unutmasınlar ki, onlara gedən mavi yanacağa, elektrikə də nəzarət Azərbaycanın əlindədir. Yəni özlərini çətin vəziyyətə salmaq istəyirlərsə, buyurub davam etsinlər”.

Deputat deyib ki, Azərbaycanın əlində kifayət qədər təzyiq alətləri var:

“Biz sadəcə ən mülayimini işə salmışıq. İstəmirik ki, dünyaya zarıyıb yalandan desinlər ki, qışın oğlan vaxtında bizi pis vəziyyətə salıb buradan qovmaq istəyirlər. Amma bununla paralel onlar ağıllanmalıdırlar. Azərbaycanla oynamağa cəhd etməsinlər. Düşünürəm ki, bunun sonu onlar üçün yaxşı olmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər