“Azərbaycan ordusu Turşsu-Xəlfəli-Xankəndi yolunu sürətlə və ciddi peşəkarlıqla nəzarətə götürdü”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vigen Akopyan deyib.
“Azərbaycanlılar buna ciddi hazırlaşmışdılar, hər şeyi çox sürətlə etdilər. Nəinki o yüksəklikləri və torpaq yolunu tez nəzarətə götürdülər, bundan dərhal sonra orada mühəndis-istehkam işinə başladılar. Yəni ciddi peşəkarlıq nümayiş etdirdilər: qısa vaxtda nəzarətə götürdülər və möhkəmləndilər. İndi üçüncü dövlətlərin onları oradan çıxarmaları çətin olacaq. Bu mənada kifayət qədər sistemli, ciddi, operativ və peşəkardırlar. Ermənistan rəhbərliyindən fərqli olaraq, qətiyyətlidirlər. Yəni qoşunları bir yerə dislokasiya olunursa, o qoşunlar tövlədə, çadırda qalmırlar, normal binalarda, insani şəraitdə işləyir və o yüksəklikləri qorumaq üçün hər cür şərait yaradırlar”, - ekspert vurğulayıb.
Akopyan Rusiya sülhməramlılarının da Xankəndi ətrafında irəliləyən Azərbaycan ordusunu dayandıra bilmədiyini söyləyib:
“İndi ruslar istəyirlər ki, azərbaycanlılar ordan getsinlər, hətta bunun üçün qabaqlarına da getdilər. Amma təcrübə göstərir ki, azərbaycanlılar ölkələrinin suveren ərazisi hesab etdikləri ərazini heç bir şəkildə tərk etmirlər. Eyni zamanda, sülhməramlılar istəsələr belə, hər hansı tərəflə birbaşa silahlı münaqişəyə girmək mandatı yoxdur”.