Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası ilə bağlı rəsmi Bakı və Moskva arasında anlaşma var.
Teleqraf.com xəbər verir ki, bu iddia Ermənistan mətbuatında yayılıb.
Ermənistanın “Hraparak” qəzetinin iddiasına görə, Rusiya sülhməramlıları azərbaycanlılarla sıx əməkdaşlığa başlayıb:
“Rusiya sülhməramlıları azərbaycanlılarla ilkin razılıq əsasında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya planına uyğun əməliyyat həyata keçirirlər”.
Erməni politoloq Saro Saroyan “Hraparak”ın bu iddiası ilə razılaşır. Onun fikrincə, bu yöndə Rusiya və Azərbaycan arasında razılaşma əldə edilib.
“Rus sülhməramlıları öz fəaliyyətlərində müstəsna olaraq Rusiya rəhbərliyinin göstərişlərini rəhbər tuturlar. Bütün bunlar Kremldən razılaşdırılır. Kreml də öz növbəsində sülhməramlılar və Qarabağla bağlı bütün fəaliyyəti rəsmi Bakı ilə əlaqələndirir. Kremllə Bakı arasında daimi koordinasiya var. Bunun nəyə görə olduğuna gəlincə, deyə bilərəm ki, bu, hər iki ölkənin maraqlarından irəli gəlir”, - Saroyan deyib.
Ekspert Türkiyənin regiondakı gəlişmələrdə roluna da diqqət çəkib:
“Bu maraqlar həm də Rusiya-Türkiyə maraqlarının uzlaşdırılması ilə bağlıdır. Bu iki ölkə dünyada öz mövqelərini möhkəmləndirməyə çalışır, sıx əməkdaşlıq edir. Cənubi Qafqazla yanaşı, Qara dəniz və Mərkəzi Asiyada da uzlaşmağa çalışırlar. Bir sıra regionlarda Rusiya və Türkiyənin maraqları üst-üstə düşür. Müxtəlif maraq sahələri var, ola bilsin ki, onların razılaşa bilmədiyi məsələlər mövcuddur, amma həll oluna bilən məsələlərdir”.
Saroyanın iddiasına görə, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi həm də Rusiya-Türkiyə maraqları kontekstindədir.