Qarabağda yaşayan radikal ermənilər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam yolu ilə Xankəndiyə çatdırmaq istədiyi humanitar yükün qəbulundan imtina edirlər.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, erməni revanşistlər Ağdam-Xankəndi yoluna toplaşaraq Bakının humanist təklifinə qarşı etiraz edirlər.
Bu arada qondarma rejimin sözçüsü Davit Babayan Azərbaycanın bu addımına qarşı çıxaraq humanitar yükləri daşıyan maşınların nömrələrinin "44"lə başlamasına diqqət çəkib: "44 müharibənin simvoludur. Bizim azərbaycanlıların bu təklifilə bağlı qərarımız yoxdur. Amma biz yükü qəbul etmək istəmirik".
Ermənilərin humanitar yükdən imtina etmələri Xankəndidə ərzaq çatışmazlığına dair iddiaları alt-üst edir. Yaxud da ermənilər humanitar böhran mövzusu ilə siyasi manipulyasiya edirlər.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırıblar.
Qurumun əməkdaşları qeyd ediblər ki, onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki TIR Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Humanitar yükün Xankəndiyə çadırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.