“Qondarma rejimin istənilən başçısı reinteqrasiya müzakirələrində Qarabağ iqtisadi rayonunun erməni sakinlərini təmsil edə bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
“Separatçıların yeni liderinə (Samvel Şahramanyan) gəlincə, bu saxta rejimdəki dəyişiklik Azərbaycan üçün fundamental heç nəyi dəyişmir. Bu “kukla başçılar”ın nə etmək istədikləri, kimlərin maraqlarını təmsil etdikləri fərziyyələri ilə özünüzü yormağa dəyməz. Onların heç biri Bakını maraqlandırmır, çünki heç biri bizimlə həmsöhbət olacaq şəxslər deyil.
Azərbaycan hakimiyyətinin rəsmi nümayəndələri ilə mümkün dialoqda separatçı rejimdə yer almayan şəxslər iştirak etməlidir. Onlar Azərbaycan cəmiyyətinə inteqrasiyada maraqlı olan sosial qrupları təmsil edən Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri ola bilər. Eyni zamanda, onlar “siyasi qruplar”ın maraqlarını təmsil etməməli və saxta rejimin liderlərinin təsirinə düşməməlidirlər. Əlbəttə, bunun üçün nəzəri olaraq rejimin özünü dağıtmaq lazımdır. Yəqin ki, yaxın gələcəkdə bunun üzərində işləməli olacağıq”, - ekspert bildirib.