4 Oktyabr 2023 11:25
3 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun antiterror tədbirlərindən bir neçə gün əvvəl ABŞ, Avropa Birliyi və Rusiyanın yüksək rütbəli rəsmiləri Qarabağdakı vəziyyətlə bağlı Türkiyədə gizli danışıqlar aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, bu, Ukraynada müharibənin başlamasından sonra Rusiya ilə Qərb arasında “mühüm təhlükəsizlik məsələsi” üzrə nadir, amma nəticəsiz ilk görüşdür.

Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat “Politico”ya deyib ki, görüş sentyabrın 17-də İstanbulda baş tutub. Onun sözlərinə görə, görüşün əsas mövzusu Azərbaycanın razılığı alınmadan Ermənistandan Qarabağ erməniləri üçün göndərilmiş yük maşınlarının Qarabağa buraxılması olub.

ABŞ-ı müzakirələrdə Vaşinqtonun Qafqaz üzrə baş müşaviri Lui Bono, AB-ni xüsusi nümayəndə Toivo Klaar, Rusiyanı isə Ermənistan və Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndə İqor Xovayev təmsil edib.

Bir AB rəsmisi məsələ ilə əlaqədar ABŞ nəşrinə belə deyib: “Anlaşılmazlıqların qarşısını almaq üçün müvafiq həmsöhbətlərlə ünsiyyət xətlərini saxlamağın vacib olduğuna inanırıq”.

Rəsmi həmçinin qeyd edib ki, Klaar son illərdə bir çox cəbhələrdə, o cümlədən Xovayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə danışıqlarda rabitə xətlərini saxlamağa çalışıb.

ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edərək, yalnız “biz özəl diplomatik müzakirələri şərh etmirik” deyib.

Bununla belə, məsələ ilə tanış olan amerikalı rəsmi söyləyib ki, müzakirələr Kremlin bölgədəki vəziyyətə nəzarətini davam etdirməsi anlayışından irəli gəlir.

“Bu məsələdə ruslarla işləməyi bacarmalıyıq, çünki onlar həqiqətən tərəflərə təsir göstərirlər, xüsusən indi təhlükəli məqamda olduğumuz bir vaxtda”, - Amerika rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər