Sentyabrın 19-da Azərbaycan ordusunun antiterror tədbirlərinin başlamasından sonra separatçıların başçısı Samvel Şahramanyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, baş separatçı dərhal atəşkəs və özünün yerinə danışıqlarda başqa, daha məqbul bir şəxsin iştirakını təklif edib.
“Joqovurd” Şahramanyanın konkret adlar çəkdiyini, məsələn, Samvel Babayanı danışıqlara cəlb etmək istədiyini, amma Bakının onu yalançı və dezinformator hesab edərək bundan imtina etdiyini bildirir.
Məlumatda qeyd olunur ki, Şahramanyan Vitali Balasanyanın namizədliyini də irəli sürüb, amma buna da müsbət cavab almayıb.
“Samvel Şahramanyanın digər təklifləri ilə razılaşmayan Azərbaycan təkid edib ki, tələbləri yerinə yetirilməlidir, “artsax respublikası”nın buraxılması haqda sənədə imza atmalıdırlar, bundan sonra əməliyyat dayandırılacaq”, - qəzet vurğulayır.
Nəşr qeyd edir ki, Şahramanyan sonda rəsmi Bakının tələblərini qəbul etməyə məcbur olub.