29 Oktyabr 2023 15:34
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işləri var?”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, separatçıların keçmiş lideri Samvel Şahramanyan Ermənistanın “İctimai” telekanalına müsahibəsində ermənilərin Qarabağa geri dönüşünün mümkün olduğunu söyləyib:

“Onun fikrincə, ermənilərin Qarabağa qayıdışı qlobal güclərin – Avropa, ABŞ və Rusiyanın maraqlarına cavab verir. Şahmaranyan ermənilərin geri dönüşünü Azərbaycanın da istədiyini iddia edərək, bu istiqamətdə danışıqlara başlamağın mümkün olduğunu vurğulayıb. Maraqlıdır ki, Şahramanyan jurnalistin “Siz də qayıtmaq istəyirsinizmi” sualına cavabdan yayınaraq “Bunun vaxtı gəlməyib” deməklə kifayətlənib. O, Ermənistanın Qarabağ ermənilərinin vətəni olduğunu söyləməyi də unutmayıb.

Şahramaynanın bu açıqlamalarından hansı nəticə hasil etmək olar?

Birincisi, o, ermənilərin geri dönüşü mövzusunu Bakı ilə müzakirə etmək istəyir. İkincisi, Şahramanyan hesab edir ki, rəsmi Bakı Ermənistana köç edən ermənilərin geri qayıdışında maraqlıdır. Onun məntiqinə görə, Azərbaycan ermənilərin geri qayıdışını beynəlxalq təzyiqdən qurtulmaq üçün həyata keçirmək istəyir. Amma Şahmaranyan qatarın getdiyini anlamaq istəmir.

Bakı Qarabağ ermənilərinə Ermənistana köç etmədən öncə müraciət etmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edin və evlərinizdə yaşayın. Qəbul etmədilər, getdilər. Digər tərəfdən, gedənlərin hamısının cibində Ermənistan pasportu var. Azərbaycan ermənilərə Ermənistan pasportları ilə Qarabağda yaşamağa icazə verməyəcək. Dünya qarışıb, Yaxın Şərqdə vəziyyət gərgindir. Şahmaranyana isə elə gəlir ki, beynəlxalq birlik ermənilərin Qarabağa geri dönüşü ilə bağlı Azərbaycana təzyiq edir. Bunun da reallıqla əlaqəsi yoxdur. Şahramanyanın nə deməsindən asılı olmayaraq, Ermənistana köçən ermənilərin geri qayıtmaq fikirləri yoxdur, “Biz türklərlə birgə yaşamaq istəmirik” deyib dururlar. Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işləri var?”.

Elxan Şahinoğlu separatçıların keçmiş liderinin başqa bir fikrinə də diqqət çəkib:

“Şahramanyan bildirib ki, sentyabrın 19-da səhər saatlarında Rusiya sülhməramlı kontingentinin komandanının otağında olub: “Azərbaycan ordusunun hücuma keçəcəyini onda anladım ki, Azərbaycan hərbçiləri Rusiya sülhməramlılarının Şuşa yaxınlığındakı postuna yaxınlaşaraq, onlara təhlükəsiz yerə keçmələri barədə xəbərdarlıq ediblər. Azərbaycan hərbçiləri rusiyalılara deyiblər ki, bir azdan artilleriya atəş açmağa başlayacaq”.

Şahmaranyanın bu sözləri ona dəlalət edir ki, separatçılar Azərbaycan ordusunun hücuma keçəcəyini bir neçə saat əvvəl öyrəniblər və bu haqda onları Rusiya hərbi kontingentinin komandanlığı məlumatlandırıb. Əks halda Şahramanyan hardan öyrənə bilərdi ki, Azərbaycan hərbçiləri Şuşa postundakı Rusiya hərbçilərini hücum barədə məlumatlandırıblar. Sentyabrın 19-da səhər saatlarında separatçıların lideri məhz buna görə Rusiya hərbi komandanlığının qərargahına çağırılıb. Təəccüblü heç nə yoxdur, həmişə belə olub. Elə buna görə də Rusiya hərbi kontingentinin Azərbaycan ərazisini qısa müddətdə tərk etməsinə nail olmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər