21 Noyabr 2023 09:25
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibələr həyat nişanəsi saxlamır. 30 il işğalda qalan Laçın da belə idi. İndi Azərbaycan işğalçı Ermənistanın törətdiyi müharibənin izlərini silmək üçün xarabalığa çevrilmiş ərazilərini yenidən qurur. Laçındakı sürətli bərpa və yenidənqurma işlərinin miqyası böyük və qürurvericidir.

“Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev Teleqraf.com-a açıqlamasında Laçında görülən bərpa-quruculuq işləri ilə yanaşı, yeniliklər barədə də məlumat verib.

O, ilkin mərhələdə Laçın şəhərində 712 obyekt üzrə tikinti-quruculuq işlərinin davam etdiyini bildirib:

“Bunlardan 75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, 144 mənzildən ibarət 9-u isə ümumi yaşayış evləridir. Cənab Prezident mayın 28-də Laçına səfəri zamanı 20 ailəyə evlərin açarlarını təqdim etdi. O vaxtdan bu günə qədər şəhərə 325 ailə, yəni 1300 nəfərdən çox sakinin daimi məskunlaşması təmin edilib. Ümumilikdə Zabux kəndinə 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib. Yaxın gələcəkdə Laçına 16-18 min insanın köçürülməsi nəzərdə tutulub.

Doğma yurdlarına köçürülən sakinlərin işlə təminatı diqqətdən kənarda qalmayıb. Bu məqsədlə şəhərdə sosial layihələr icra olunur. Laçın şəhərindən 8 kilometr məsafədə salınan Zerti Aqro və Sənaye Parkında 46 müəssisənin fəaliyyəti nəzərdə tutulub. Bu da 1169 nəfər vakant iş yeri deməkdir. Hazırda həmin parkda 7-yə yaxın müəssisə fəaliyyətini davam etdirir, yaxın gələcəkdə digər müəssisələr də işə başlayacaq.

Aqroparkda hər biri 2400 kvadratmetr olmaqla ümumi istehsal sahəsi 4800 kvadratmetr olan “Aydınoğlu” mebel fabriki artıq fəaliyyətə başlayıb. Ümumən 54 işçidən ibarət fabrikin 42 əməkdaşı yerli sakindir. Gələcəkdə iş həcminin artmasını nəzərə alınaraq fabrikin daxili imkanları hesabına yeni kadr hazırlığı da aparılır.

İkinci böyük müəssisə balıqçılıqdır. Məlum olduğu kimi, Laçında “Həkəri Balıq Təsərrüfatı” qurulub. Burada çalışan insanlar da yerli sakinləridir.

Ümumilikdə bu gün 430 nəfərdən çox şəhər sakini işə qəbul olunub. Onların içərisində şəhər sakini olub, amma köç etməyən insanlar da var. Sakinlərin əksəriyyəti fərqli ixtisas üzrə təhsil alıblar. Bu zaman onların sosial durumlarının yaxşılaşdırıması və məşğulluğu kimi məsələlər gündəmə gəldi. Bu məqsədlə fevral ayından başlayaraq sakinləri qrup şəklində ixtisasdəyişmə kurslarına dəvət etdik. Hətta bir neçə qrupu təlim üçün Türkiyəyə göndərdik. Onlar yaşıllaşdırma, balıqçılıq, ətçilik, südçülük, tekstil və digər sahələr üzrə kursları bitirib Laçında işə cəlb olunublar.

Yəni burada prioritet məsələ təkcə Laçına qayıdış deyil, eyni zamanda insanların işlə təmin olunmasıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən noyabrın 24-də Laçın şəhəri 2 nömrəli orta məktəbdə növbəti dəfə əmək yarmarkası keçiriləcək”.

Elnur Abdullayevin sözlərinə görə, hazırda şəhərdə içməli su təchizatı tamamilə həllini tapıb: “Ümumilikdə 9 su anbarı, 3 yağış sularının toplanma deposu, 1 ədəd çirkab suların təmizləmə qurğusu istifadəyə verilib. Su təchizatının artırılması üçün dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Xırmanlar kəndi ərazisindən alternativ su xətti çəkilib. Həmin kəmərin uzunluğu 8900 metrdir, çəkilişində isə 20 min kubmetrdən artıq torpaq işləri görülüb.

Paralel olaraq noyabrın 7-dən etibarən Laçın şəhəri və Zabux kəndi “mavi yanacaq”la təmin olunub. Hazırda 150-dən çox evdə qaz xəttinə birləşmə işləri aparılır. Mərhələli şəkildə digər evlərin də qaz təchizatı tamamlanacaq. İqlimin sərtliyi nəzərə alınaraq istismara verilən evlərin hamısında kombi sistemi quraşdırılıb. Ümumilikdə bütün evlərin istilik sistemi ilə təchiz olunması nəzərdə tutulub. Günəş düşən evlərin dam örtüklərinə elektrik panelləri quraşdırılıb. İnsanlar buna əlavə istilik mənbəyi kimi baxır, amma bu panellər evlərin elektriklə təmin olunması üçün alternativ enerji mənbəyidir.

Onu da qeyd edim ki, hazırda Laçına köçüb yaşayan insanlar bütün kommunal ödənişlərdən azaddırlar. Hətta internet xətti də sakinlərə ödənişsiz verilir”.

Qurum nümayəndəsi Laçında quruculuq-abadlıq işlərinə ötən ilin sentyabrından başlanıldığın xatırladıb: “İlkin mərhələdə bərpaya yararlı evlərin təmirinə başlanıldı. Bu proses mərhələli şəkildə aparılacaq. İşğaldan öncə şəhər ərazisində 2020 fərdi, 29 ümumi yaşayış evi vardı. İşğal dövründə onların 1500-dən çoxu dağıntılara məruz qalıb. İkinci mərhələdə digər evlərin tikintisi nəzərdə tutulub.

Nəzərə alsaq ki, mayın 28-dən sakinlər köçürülməyə başlayıb, demək olar ki, şəhər 8 ayın içərisində təhvil verilib”.

Şəhərin ümumi memarlıq panoramından danışan müsahibimiz deyir ki, burada xalq və klassik, o cümlədən qərb memarlıq elementləri öz əksini tapıb: “Evlərdə fərqlilik yoxdur. Prezidentin tapşırığına uyğun olaraq, Laçın olduğu kimi bərpa olunur. Şəhərin gözəlliyi amfiteatr şəklində yerləşməsindədir. Yəni istənilən nöqtədən baxanda çox gözəl bir mənzərə seyr etmək olur. Bu baxımdan evlərdə şərq, qərb və digər fərqli memarlıq üslublarından istifadə olunub.

Şəhərin estetik görünüşünü pozmamaq üçün yeraltı kommunikasiyalar – elektrik, təbii qaz, içməli su, yağış suları, rabitə xətləri yeraltı aparılıb. Şəhər ərazisində yeraltı kommunikasiyalarının cəmi uzunluğu 3303 metrdən artıqdır. Laçının sərt relyefi var, bu, bir qədər çətinlik törətsə də, amma qış aylarında işlərin öhdəsindən gələ bildik.

İşğal zamanı Laçında tək evləri deyil, həm də şəhərin bütün fauna və florası ekoloji terrora məruz qalıb. Bunu nəzərə alaraq şəhərdə yaşıllıq zolaqları salınıb və yeni ağaclar əkilib. Hətta Laçının iqliminə uyğun bitki örtüklərinin əkilməsi üçün kənd təsərrüfatı mütəxəssisləri ilə də məsləhətləşmələr apardıq.

Şəhərin abadlaşması aparılarkən sakinlərin fərdi həyətyanı sahələrində bəzi bostan bitkilərini əkməsi üçün yeni üsullar tətbiq olunub. Abadlaşmış həyətyanı sahələrin korlanmaması üçün sifarişlə xüsusi qutular gətirilib. Hansı ki içərisində torfla doldurulmuş münbit torpaq var, insanlar həmin qutuların içərisində istədikləri bostan məhsullarını əkə biləcək. Hətta o qutulara damlama üsulu ilə suvarma sistemi də quraşdırılıb”.

Elnur Abdullayev vurğulayıb ki, şəhərinin inkişafına dair dövlət proqramı var: “Laçında tək sakinlərin yaşayışını təmin etmək üçün evlər tikilmir. Həmçinin əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün idman-sağlamlıq kompleksi, market, kinoteatr, parklar, kafe-restoranlar və digər iaşə obyektləri tikilib istifadəyə verilib. Bundan əlavə, mayın 1-dən etibarən şəhərdə modul tipli xəstəxana, eləcə də aptek fəaliyyət göstərir.

9 Noyabr – Bayraq Günü münasibətilə şəhərdə kinoteatrının fəaliyyəti bərpa olundu. Bu mərkəz 1974-cü ildə Laçında istifadəyə verilmişdi. İşğal zamanı tamamilə dağıntıya məruz qalmışdı. Hətta işğalçılar onun içərisində kiçik bir emal müəssisəsi də qurmuşdu. Bina tamamilə yararsız idi, ancaq sakinlərin nostalji hisslərini nəzərə alaraq həmin kinoteatrı sıfırdan bərpa etdik. Kinoteatr 230 yerdən ibarətdir, standartlara cavab verən ən müasir texnologiyalarla təchiz olunub.

Ümumilikdə yaxın gələcəkdə iaşə obyektlərinin sayının artırılması nəzərdə tutulub”.

Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq

Mütəxəssis şəhərin yol infrastrukturuna da diqqət çəkib: “Laçın çox böyük şəhər olmasa da, hazırda yolların uzunluğu 50 kilometrdən çoxdur. Magistral yolların layihəsinə görə küçələr enli olmalıdır, amma iqlim şəraiti, relyef və şəhərin olduğu kimi bərpa olunması nəzərə alaraq küçələrdə genişlənmə işləri aparmaq mümkün olmadı. Nəticədə məhəlləarası küçələri bərpa etdik ki, gələcəkdə Laçında tıxacların qarşısı alınsın.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə Laçın şəhərində ictimai nəqliyyatın fəaliyyəti üçün elektron xəritə hazırladıq. Yaxın günlərdə Laçında ictimai nəqliyyatla sərnişindaşıma xidməti sakinlərin ixtiyarına veriləcək. Marşrut xətləri əsasən üç istiqamətə - Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi və şəhərdaxili hərəkət edəcək.

Laçının mərkəzi küçəsi tam fərqli konseptdə qurulur. Burada açıq və qapalı olmaqla müasir dizaynda teatr binası, konsert və gənclər mərkəzinin inşası davam edir. Konsert mərkəzi 370 yerdən ibarət olmaqla 366 normal, 4 fiziki məhdudiyyətli şəxslər üçün yerlər nəzərdə tutulub. Eyni zamanda teatr binasında aktyorluq kursları da təşkil olunacaq. Mərkəzi küçə konsept olaraq turistlik bir məkan olacaq. Bayraq meydanından konsert mərkəzinin qarşısına qədər olan 530 metrlik məsafədə gündəlik tramvay xəttinin çəkilişi də planlaşdırılıb”.

İnvestisiya qoyuluşu çoxalır...

Elnur Abdullayev deyir ki, quruculuq-abadlıq işlərinə başlayarkən insanların qayıdış məsələsində müəyyən tərəddüdlər olub: “Amma şükürlər olsun, Laçına insanların axını düşündüyümüzdən də artıq səviyyədədir. Şəhərə investisiya qoyuluşu da çoxalır. Bu gün Laçını regionun ən aparıcı rayonlarından birinə çevrilir. Bu məqsədlə yaxın gələcəkdə şəhər ərazisində yarmarka tipli açıq və qapalı böyük bir bazarın tikintisi nəzərdə tutulub. Layihə artıq hazırdır, yeri də bəllidir. Hətta bazara ətraf rayonlardan gələn insanların qalması, dincəlməsi üçün qonaqlama xidməti də olacaq. Burada məqsəd Laçında istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının rahat şəkildə bazarda satışını təmin etməkdir.

Laçında ayaqqabı, tekstil, mineral sular, efir yağlarının istehsalını həyata keçirən iri müəssisələrin tikintisi də nəzərdə tutulub. İşlərdə heç bir durğunluq yoxdur. Yaxın gələcəkdə bu müəssisələr tamamilə istifadəyə veriləcək.

Laçındakı bütün tikililər və obyektlər dövlət reyestrinə alınıb. Rayona investisiya qoyuluşunda heç bir qadağa yoxdur, iş qurma istəyən insanlara qapılar açıqdır. Bunun üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) və İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır. Bu gün rayona hər hansı bir investisiya yatırımı dövlətin və laçınlıların maraq dairəsindədir”.

“Laçın” brendi yaradılır...

Nümayəndə bildirib ki, Zerti Aqro və Sənaye Parkında daxili bazarda böyük tələbat duyulan, həmçinin ixrac potensialı yüksək olan məhsulların istehsalı nəzərdə tutulub: “Konsept layihəyə başlamadan öncə müəssisələrin marketinq və strateji planlaşdırma məsələləri gündəmə gəldi. Gələcəkdə rayonda istehsal olunan məhsullar xüsusi qablaşdırmada xarici bazarlara “Laçın” brendi adı altında ixrac olunacaq. Xarici bazarlarda “Laçın” berndinin tanınması üçün kompleks işlər görülür. İnsanlar bilməlidir ki, Laçında tamamən təmiz ekoloji məhsul əldə etmək imkanı var.

Zertidə hər birinin sahəsi 1000 kvadratmetrə yaxın olan 12 istixana kompleksi qurulub. Burada heç bir qatqı olmadan ekoloji cəhətdən təmiz və təbii məhsullar yetişdirmək mümkündür.

Aqroparkda hər biri 240 kvadratmetrdən ibarət olan beş ferma tipli seleksiya mərkəzi yaradılıb. Burada seçilən müxtəlif növ cins heyvanlar südçülükdə, ətçilikdə daha məhsuldar olur. Ucqar dağ rayonu olmasına baxmayaraq Laçında müasir düşüncələr irəli sürülüb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər