Rusiyanın nə müdafiə naziri, nə də Baş Qərargah rəisi mövcud durumda rus qoşunlarının Qarabağda hansı tapşırıqları yerinə yetirməsini izah edə bilir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiyalı generallar Cənubi Qafqazdakı vəziyyət barədə ya tam məlumatlı deyillər, ya da bilərəkdən yanlış açıqlamalar verirlər. Rusiya müdafiə naziri Sergey Şoyqu bir gün əvvəl demişdi ki, Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulub. Halbuki Qarabağda sülh və sabitlik bərpa edilib.
Bu gün oxşar açıqlama Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovdan gəlib. O bildirib ki, Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır və Rusiya qoşunları Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir.
Birincisi, 19 sentyabr antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu, Cənubi Qafqazda ümumi ab-havaya müsbət təsir edib. İkincisi, Rusiyanın nə müdafiə naziri, nə də Baş Qərargah rəisi mövcud durumda rus qoşunlarının Qarabağda hansı tapşırıqları yerinə yetirməsini izah edə bilir”, - ekspert bildirib.