Fransadakı seçkilərdə birinci turda ən çox Makron səs alıb. İkinci tura onunla bərabər Le Pen keçib. Təbii ki, ikinci turda Makron qalib gələcək. Millətçiləri qəbul etməyən qüvvələr növbəti turda Makronun ətrafında toplaşacaqlar.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Birinci turun nəticələrini şərh edən Z.Əlizadə qeyd edib ki, Fransada Fransau Ollandın siyasəti davam edəcək:
"Əvvəlki kimi qərbpərəst, avroatlantik strukturlara inteqrasiya siyasəti davam etdiriləcək. Avropa İttifaqının möhkəmləndirilməsi, inkişafı, Fransa-Almaniya tandeminin gücləndirilməsi, Amerika ilə yaxınlıq xətti əsas götürüləcək. Beləliklə, Ollandın siyasəti davam edəcək, Fransanın xarici və daxili siyasətində heç bir dəyişiklik edilməyəcək".
Z.Əlizadə qeyd edib ki, Fransada oturuşmuş sistem var: "Hakim elita öz mövqelərini yürüdülən siyasətlə müdafiə edir, dəyişiklik istəmir".
Bəs, Marin Le Penin ikinci yerə çıxması Avropada millətçilərin güclənməsinin daha bir göstəricisi sayıla bilərmi? Bu suala cavab olaraz politoloq qeyd edib ki, 1995-ci ildə də Marin Le Penin atası Jan-Mari Le Pen Milli Cəbhənin namizədi kimi ikinci tura çıxmışdı: "Həmin seçkidə də hamı Şirakın ətrafında birləşdi və o, qalib gəldi. Yəni,istənilən cəmiyyətdə millətçilərin, antiqlobalistlərin müəyyən qədər, deyək ki, 20 faizlik payı var. Kim bacarırsa, onu səfərbər edib ikinci yerə çıxır. Amma bundan yuxarıya onların şansları yoxdur. İndi də Jan-Mari Le Penin qızı ikinci tura çıxıb. Yenə də hamı ən çox səs toplamış namizədin ətrafında birləşəcək və o qazanacaq".
Qeyd edək ki, birinci turun nəticələrinə görə, sosialistlərin namizədi Benua Amon 6,35 faiz səs toplayaraq beşinci yerlə kifayətlənməli olub. Halbuki, hazırkı Prezident Fransua Olland da Sosialist Partiyasının namizədidir. Bu baxımdan Fransa əhalisinin sol ideyaya inamının itdiyini güman etmək olarmı? Z.Əlizadə qeyd edib ki, onların özləri deyil, adları sosialistdir:
"Onlar iri kapitalın nökərləridir. Fransua Ollandın prezidentliyi dövründə zəhmətkeşlərin hüquqlarını məhdudlaşdıran çoxlu qanunlar qəbul olundu. Ona görə də onlar sosialist deyil".
Z.Əlizadənin sözlərinə görə, Qərb siyasi sistemində sağlarla sollar bir-birinə o qədər yaxınlaşıb ki, bəzi hallarda sollar kapitalistlərə daha üstünlük verir, nəinki sağ partiyalar: "Fərz edin, leyboristlər Toni Blerin dövründə ingilis kapitalına daha yaxşı xidmət etdilər, nəinki mühafizəkarlar. Yəni, belə şeylər olur. Fransada da sosialistlər sinfi mahiyyətlərini itiriblər, yalnız və yalnız iri kapitala xidmət edirlər. İri kapitalın sifarişi ilə zəhmətkeşlərin nə vaxtsa əldə etdikləri
nailiyyətləri məhdudlaşdırırlar".
Onu da bildirək ki, bu seçkidə Rusiyanın prezident seçilməsini arzuladığı şəxslər Milli Cəbhənin namizədi Marin Le Penlə Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon idi. Ancaq Z.Əlizadə deyir ki, onların uduzması Rusiyanın heç vecinə də deyil: "Bu, Fransanın, Qərbin problemidir. Rusiyanın problemi deyil. Onlar sadəcə daxili siyasi mübarizədə xal qazanmaq üçün Rusiyaya yaxınlıqlarını nümayiş etdirirlər. Unutmayaq ki, Amerikada da Tramp siyasi mövqeyini gücləndirmək üçün əsas rəqibi olan Rusiyaya qənim kəsilən Hillari Klintonun acığına Putin barədə müsbət fikirlər söyləyirdi. Amma seçkidən sonra daxili siyasi mübarizə üçün istifadə edilən bu ehtiyac itdi və Tramp o biri üzünü göstərməyə başladı. Düşünürəm ki, Makron da Rusiyaya qarşı olacaq. Lakin əgər Fransanın maraqları tələb etsə o, Putinlə mehriban
olacaq. Siyasətdə əbədi dostlar yoxdur, əbədi maraqlar var. Bu marağı təmin etmək üçün hansısa dövlətlə münasibətləri pisləşdirir, sonra dönüb can-ciyər olursan".
Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkisi keçirilib. Birinci turda İrəli Partiyasının namizədi Emmanuel Makron seçicilərin 23,86 faizinin səsini toplayaraq qalib gəlib. İkinci yerə 21,43 faiz səslə Milli Cəbhənin namizədi Marin Le Pen çıxıb. Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon 19,94 faiz səslə üçüncü yerdə qərarlaşıb.
Səxavət HƏMİD