14 İyul 2017 15:17
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bir il öncə çox ciddi şəkildə xain çevriliş təşəbbüsü ilə qarşı-qarşıya qaldı. Türk milləti həmin gün həqiqətən də tarix yazdı.

Bunu Teleqraf.com-a açıqlamasında Türkiyə Böyük Millət Məclisindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Necdət Ünüvar deyib.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğandan tutmuş ən ucqarda yaşayan vətəndaşadək hər kəs canını-malını, bir sözlə hər şeyini ortaya qoydu və Türkiyəni işğal təşəbbüsü olan çevrilişdən qurtardı: “Xain çevrilişçilər hazırda mühakimə olunurlar. Biz də Türkiyənin 15 iyulda nələr yaşadığını, necə yaşadığını və xain çevriliş təşəbbüsünə qarşı necə dirəndiyini bütün dünyaya anladırıq. Bu gün TRT-nin təşkilatçılığı ilə Azərbaycandayıq. Azərbaycandakı siyasətçilərə, vətəndaş cəmiyyəti qurumlarına, ictimaiyyət nümayəndələrinə və digər şəxslərə 15 iyul xain çevriliş təşəbbüsündə nə olduğu, bizim necə davrandığımız və hal-hazırda gəldiyimiz nöqtənin nə olduğunu anlatdıq. Bundan sondan nələr etməyimizin lazım olduğunu da danışdıq”.

N.Ünüvar məlum olaylar zamanı və ondan sonra Azərbaycanın daim Türkiyənin yanında olduğunu bildirib: “Təbii ki, bunu da vurğuladıq. 15 iyul günü azərbaycanlı qardaşlarımızdan kimin Türkiyə ilə təması varsa, bizi aradılar. O cümlədən millət vəkilləri bizi aradılar. Hörmətli Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanı ilk arayanlardan və “keçmiş olsun” diləyi çatdıranlardan biri idi və bu da sürpriz deyildi. Çünki gözlədiyimiz bir hal idi. Bilirik ki, Türkiyə və Azərbaycandan hansı yıxılsa, digər onun əlindən tutar və qaldırar. 1918-ci ildə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən tutmuş bu günədək yaşadığımız o qədər çox hadisə var ki… 15 iyulda Azərbaycan tərəfinin bizə olan mənəvi dəstəyi, etdiyi telefon zəngləri və dəstək arzuları bizi heç təəccübləndirmədi. Çünki biz dost və qardaşıq. Eyni millətə mənsubuq və oxşar problemləri, oxşar acıları yaşayarıq. O yaşadığımız acılardan da dərs çıxarmağımız lazımdır”.

Millət vəkili daha sonra deyib: “Təbii ki, Azərbaycanın 15 iyul xain çevriliş cəhdinin ən mühüm icraçısı FETÖ ilə mübarizədə də hər zaman yanımızda olduğunu bilirik, görürük və bundan da məmnunluğumuzu ifadə edirik. Çünki FETÖ əslində təkcə Türkiyəni deyil, bütün dünyanı və olduğu hər yeri təhdid edən çox önəmli bir təhdiddir. Bu təhdidə qarşı bütün ölkələrin çox diri, ayıq olması lazımdır. Azərbaycanın da bu məsələdə çox ayıq-sayıq davrandığını və FETÖ ilə mübarizədə daim Türkiyənin yanında olduğunu görürük. Bir daha qeyd etmək istəyirəm ki, bundan da məmnunuq. Allah həm Türkiyəni, həm də Azərbaycanı hər cür fitnə-fəsaddan, pis niyyətli insanların, ölkələrin şərindən hifz etsin. Allah həm Azərbaycanı, həm də Türkiyəni qiyamətə qədər var etsin”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər