- Qüdrət bəy, növbəti seçkilərə təqribən bir il vaxt qalır. Qarşıdakı dönəm üçün siyasi durumu necə qiymətləndirərdiniz?
- Ümumən ölkədəki vəziyyəti kafi qiymətləndirmək olar. Neftin qiymətinin düşməsindən sonra iqtisadiyyatda ilkin dövrlərdə müəyyən gərginlik müşahidə olunsa da indi iqtisadi vəziyyət qismən sabitləşib. Etiraf edilməlidir ki, son zamanlar kənd təsərrüfatının və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində ciddi işlər görülür.Yaxın illərdə bunun müsbət nəticələrini görəcəyik. Daha yaxşı olardı ki, neft - kimya sənayesini inkişaf elətdirib xam neft ixrac edən ölkədən neft məhsulları ixrac edən ölkəyə çevrilək. Əvvəllər də bu barədə fikirlərimizi bəyan etmişik ki, bu sahənin inkişafı üçün biz bütün imkanlara malikik.
Siyasi vəziyyətə gəldikdə isə əvvələr də söyləmişdim ki, Azərbaycanda həm hakimiyyətin mənbəyinin xarici dövlətlər olduğunu düşünən, həm də bundan istifadə edib hakimiyyətə gəlmək istəyən adamlar var. Son vaxtlar bəzi, zamanında ifşa olunmuş, “siyasi” - kriminal elementlərin zühur etmələri də özlərini seçki ərəfəsi yenidən xarici dövlətlərə təklif etmələri ilə bağlıdır. Təəssüf ki, iqtidar və müxalifət daxilində də bu cür düşünən insanlar mövcuddur. Amma kimsə düşünməsin ki, prezident və xalqımız belələrinə şans tanıyacaq. Keçmişin acı dərslərindən ciddi nəticələr çıxarılıb. Hər birimiz ürək ağrısı ilə ərazilərimizin hansı şəraitdə işğal olunduğunu xatırlayırıq.
- Ölkədəki demokratiyanın vəziyyəti və demokratik proseslərin inkişafı barədə hansı fikirdəsiniz?
- Təəssüf ki, dünyada demokratiya böhran yaşayır. Biz hər zaman ölkədə qərb standartlarına uyğun sivil cəmiyyət quruculuğu üçün çalışmışıq və bu mübarizəyə hər kəs qoşulmalıdır. Amma xalqımızın inkişaf səviyyəsi və vərdişləri bu gün buna imkan vermir. Hər bir müqayisə qüsurlu olsa da bu ona bənzəyir ki, sən bir mühəndisə çiy kərpic verirsən və deyirsən ki, bununla 21 mərtəbəli yaraşıqlı bina tik. Ağıllı mühəndis isə həmin materialla 3 yaxud 5 mərtəbəli bina tikir və deyir ki, mən siz dediyinizə əməl etsəm yaraşıqlı bina əvəzinə xarabalıq qazanacağıq. Rəhmətlik Elçibəy zamanında buna cəhd etdi və acı nəticələrini yaşadıqdan sonra dedi ki, ”elə məsələlər var ki, onun həllinin zamana ehtiyacı var”. Əlbəttə, mən əminəm ki, yaxın gələcəkdə Azərbaycan demokratik inkişaf istiqamətində daha böyük uğurlara imza atacaq.
- Bu uğurlara biz hansı iqtidarın dövründə imza atacağıq? Yəni bu uğurları yaxın gələcəkdə görmək imkanı varmı?
- Mən öncə söylədim ki, demokratiya məsələsi təkcə iqtidarlardan asılı deyil. İqtidarlar prosesləri bir az sürətləndirə, yaxud yavaşlada bilər. İlham Əliyev böyük dövlət adamının ailəsində, həm də ziyalı bir ailədə tərbiyə alıb. Şəxsiyyət kimi özü və ailə üzvləri bizdən daha çox inkişaf etmiş ölkələrdə formalaşıb. Keçən dövr də göstərib ki, o, kifayət qədər qətiyyətli və praqmatik bir siyasətçidir. Tam əminliklə söyləyirəm ki, başqa birisi Prezident olsaydı, ətrafı və cəmiyyət onu diktatora, Azərbaycanı isə Türkmənistana çevirmişdi. Hazırda cəmiyyət inkişaf edir və biz prosesləri sürətləndirməli, islahatları genişləndirməliyik. Bəzi şizofrenniklərin və xaricdən maliyyələşən, hakimiyyətə gəlmək üçün hər şeyə hazır olan yaramaz ünsürlərin çığır - bağırına fikir verməməliyik. Sabitlik və inkişaf bizi məqsədlərimizə catdıracaq.
- Sabitlik müharibə vəziyyətində olan ölkə üçün həyati əhəmiyyət daşıyır. Amma hər seçki dönəmlərində Azərbaycana qarşı çeşidli çirkin oyunlar oynanıldığını ötənlərdə görmüşük. Sizcə gələn ilki seçki zamanı xarici güclər sabitliyi poza bilərmi?
- Prezident öz komandasına nəzarəti gücləndirmək və sabitliyi təmin etmək üçün bir neçə ugurlu qərarlar qəbul edib. İlk növbədə Mehriban Əliyeva birinci vitse - prezident təyin olunub. Düşməni və rəqibi dost etmək siyasətini yürüdən, xəyanəti isə bağışlamayan prezidentin komandasındakı zamanın sınağından çıxmış dostları onun ciddi dəstəyinə malikdirlər. Bu amil cəmiyyət tərəfindən təqdir olunur və iqtidarı ciddi təlatümlərdən qoruyur. Eyni zamanda onu xarici təsirlər qarşısında daha dayanıqlı edir. Bundan başqa iqtidar çalışır ki, xarici təzyiqləri azaltsın və xam xəyala düşənləri başa salsın ki, bu tipli cəhdlər əbəsdir. Belə cəhdlər olacaqsa 2013 - cü ildə olduğu kimi uğursuzluğa düçar olacaqlar.