11 Fevral 2018 09:15
3 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir.

- Sabir bəy, Türkiyə artıq 20 gündür Suriyada hərbi əməliyyat aparır, Afrin ətrafı əraziləri terrorçulardan təmizləyir. Türkiyə siyasi mühitini yaxından izləyən biri kimi vəziyyəti necə şərh edirsiniz?

- Türkiyənin başqa yolu qalmamışdı. Bu vaxta qədər Türkiyə bölgədə gedən proseslərə, onun ərazilərinə bitişik yerlərdə baş verənlərə çox səbrlə yanaşıb. Amma indi Türkiyənin çevrəsində terror dövləti yaratmaq istəyi var. Orta Şərq proyektinə baxsanız Naxçıvandan Ağ dənizə qədər uzanan bölgədə yeni dövlət yaratmaq niyyəti görünür. Əlbəttə, hər xalqın azadlıq istəyinə hörmətlə yanaşmaq lazımdır. Yox, əgər bu proses başqa xalqların hüquqlarının pozulması, silah və terror vasitəsilə başqa ölkələrin ərazilərinin işğalı ilə müşahidə olunursa, artıq buna göz yummaq olmaz. Hazırda Türkiyənin əməliyyat apardığı bölgə ilə bağlı videogörüntülərə baxanda bəlli olur ki, burada müasir müdafiə istehkamları, yeraltı tunellər, mağaralar qurulub. Bunların hamısı Türkiyəyə qarşı hazırlanan işlərdir. O bölgədə türkmənlər, ərəbələr, kürdlər birgə yaşayır. Orada dinc əhali var. Bu silahlanma, qurğular hər halda xoş məramla yaradılmayıb. Üstəlik, bu ərazidən Türkiyəyə raketlər atılır.

İkincisi, bu ərazilər Osmanlı dövründən və ondan sonra bir müddət Türkiyənin əlində olan ərazilərdir. İndi orada Türkiyəyə qarşı bir yuvalanmanın olması sözsüz ki, Türkiyə dövləti tərəfindən susqunluqla qarşılana bilməzdi.

- Dünya bu prosesi sona qədər səbrlə qarşılayacaqmı?

- Əslində, dünya bunu səssiz qarşılayır. Yəni müqavimət yoxdur. Sadəcə, ABŞ İraqdan çıxardığı silahları PKK vasitəsilə bu ərazidəki silahlı qruplara ötürür.

Avropa tez-tez terrorçuları müdafiə kampaniyaları keçirir. Normalda bütün bunlar ABŞ və Avropanın apardığı siyasətə ziddir. NATO daxil olmaqla Avropa ölkələri əslində terroru pisləyir, özlərində terror hadisəsi olanda dünyanı ayağa qaldırır. Burada isə NATO üzvü olan dövlət terrora qarşıdır və terrorla üz-üzədir. Amma ona yardım etmirlər. Əksinə, fürsət tapan kimi terrorçu qruplaşmalara dəstək verirlər. Bu da qoca Avropanın köhnə ikili standartının nümayişi və türk düşmənçiliyi siyasətinin davamıdır. Əslində Türkiyəni zəiflətmək, bu bölgədə bütün dövlətləri ayaq altına atmaq və öz siyasətlərini həyata keçirmək məqsədi var. Türkiyə sərhədi boyu belə dövlətin yaradılması, daha sonra ölkə daxilində separatizmi gücləndirmək, onu müsəlman və türk dünyasından qoparmaq istəkləri göz önündədir. Türkiyə normal və böyük dövlət kimi bütün bunlara göz yuma bilməzdi.

- ABŞ-ın da bu məsələdə ciddi təsiri var?

- Amerikanın bir ayağı Veytnamda, bir ayağı Koreyada, bir ayağı İraq və Suriyadadır. Guya bu ona görə belədir ki, ABŞ üçün təhlükə yaradır, onun demokratiyasına təhdid olur. Okeanın üstündən gəlib Türkiyə sərhəddində istədiyini edir. İraqda 1 milyondan artıq dinc əhali qırıldı və buna görə ABŞ-a bir söz deyən yoxdur. Amma Türkiyə mülki insanlara toxunmadan terrorçuları zərərləşdirir. ABŞ və dünya da bunu normal qəbul etməlidir.

- Hazırda faktiki müharibə gedir, terrorçular və hərbçilər itkilər verir. Bu nə vaxta qədər davam edəcək?

- Nəzərə almaq lazımdır ki, dünənə qədər bu terrorçular Türkiyənin daxilində terror hadisələri törədirdi və Türkiyə şəhidlər verirdi. İndi bu şəhidlər Türkiyədən kənarda olur. Müharibə gedir, ölkənin və millətin taleyi həll olunur. Burada şəhid vermədən və dinc danışıqlarla nəsə əldə etmək mümkün deyil. Türkiyə qədim dövlətdir və mənafelərini müdafiə etməlidir. Mənafelərini müdafiə etməsə, başqalarının yemi olacaq. Türkiyə kimi böyük ənənəsi və dövlətçilik təcrübəsi olan türk xalqı ona qarşı cızılan xain planları qəbul edə bilməz.

- Türkiyə Suriyada çətinə düşə, müharibə aylarla davam edə, iqtisadiyyat üçün əlavə yük yarana bilərmi?

- Yox. Çətinə düşmə onsuz da var. Sərhədləri boyunca terror yuvalarının qurulması və terrorçuların gizlənməsi onsuz da Türkiyəni böyük çətinliklərlə üzləşdirə bilərdi. Bu baxımdan Türkiyə vaxtında bunun qarşısını almalıdır. Bu şəhid vermək hesabına olsa da, həyata keçirilməlidir. Amma göz qabağında olan məsələlər var. Ora ABŞ və müxtəlif yerlərdən silahlar gəlir. Məncə, Türkiyə bu addımı atanda yarana biləcək bütün çətinlikləri nəzərə alıb.

İkincisi, İraq və Suriyadan çıxarılan və Türkiyəyə sığınan ərəblər, türkmənlər və digər xalqların nümayəndələrinin sayı 3 milyondan çoxdur. Onlar onsuz da türk iqtisadiyyatı üçün problem yaradıblar. Avropanın heç bir ölkəsi 200 mindən çox qaçqın qəbul edə bilmir, amma Türkiyə uzun illərdir ki, bu yükü daşıyır. Afrin bölgəsi terrorçulardan təmizləndikdən sonra yerli əhali oraya qayıdacaq. Bu isə Türkiyənin müəyyən yüklərdən azad olması deməkidir.

- Amerika-Türkiyə münasibətləri ən soyuq dönəmini yaşayır. Bu münasibətlərin gələcək perspektivi necə olacaq?

- Amerika ilə Türkiyə hər zaman yaxın müttəfiq olub. Amma təəssüflər olsun ki, Qərb ölkələri müttəfiq olmağı “sən mənim dediyimlə otur-dur, sözümdən çıxma, düşünmə və deyilənə əməl et” prinsipi ilə yanaşır. O halda bu cür yaxınlıq müttəfiqlik deyil, dövlət maraqlarını qarşı tərəfə təslim etməkdir.

Həyat göstərdi ki, NATO-nun ən etibarlı üzvü və Avropaya, ABŞ-a sıx bağlı olan Türkiyə istənilən an meydanda yalnız buraxıla bilər. Bu cür müttəfiqlik sonda Türkiyəni çıxılmaz vəziyyətdə qoya bilər. Türkiyə əslində 30-cu illərdən başlayaraq sənaye və texnoloji inkişafını təəssüflər olsun ki, Qərb ölkələrinə etibar edərək, çox şeylər uduzdu. Məncə, indi bu səhvlərdən nəticə çıxarmaq vaxtıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər