Prezident İlham Əliyev fevralın 14-də ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə Syu Saarnioya minnətdarlığını bildirərək, ABŞ-ın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasının layihənin icrası baxımından önəmini vurğulayıb. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı bu layihənin yaxın zamanlarda reallaşacağından məmnunluğunu ifadə edərək Məşvərət Şurasının sabah keçiriləcək iclasının görülən işlər və qarşıda duran planların müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Layihə üzrə işlərin cədvələ uyğun getdiyini deyən dövlətimizin başçısı bütün bunları layihəyə cəlb olunmuş ölkələrin hökumətlərinin, şirkətlərinin, maliyyə institutlarının birgə səylərinin nəticəsi kimi dəyərləndirib.
ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğuladı. O, ABŞ Prezidentinin, Dövlət katibinin, ABŞ hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğuladı və bu layihənin başa çatmaqda olmasının önəmini qeyd edib.
Prezident İlham Əliyev ötən il Bakıda keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisinə ABŞ Prezidentinin təbrik məktubu göndərməsini məmnunluqla xatırlayaraq Birləşmiş Ştatların yeni administrasiyasının bu layihəyə dəstəyini yüksək qiymətləndirib.