Teleqraf.com politoloq Qabil Hüseynli ilə müsahibəni təqdim edir.
- ABŞ, Fransa, Almaniya və Böyük Britaniya liderlərinin Rusiyaya qarşı sərt bəyanatla çıxış etməsi nədən xəbər verir ?
- Dünyada anti-Rusiya meylləri güclənir. Rusiyanın təklənməsi prosesi dərinləşir. Dünyanın 4 böyük dövlətinin birgə bəyanat yayaraq Rusiyadan Qərbdəki neqativ fəaliyyətini dayandırmağı tələb etməsi bir tərəfdən qanunauyğunluqdur, digər tərəfdən isə Rusiyaya qarşı artan nifrətin göstəricisidir. Artıq bu 4 ölkənin hər birinin Rusiyaya qarşı müharibə ssenarisi də düşünülüb. Bu müharibə ssenarilərinin qərargah təlimləri də həyata keçirilir. Rusiya isə heç nə olmamış kimi davranır, Putinin simasında jurnalistlərin sualları cavablandırılmır. Digər tərəfdən, verdikləri cavablarda məsələləri ört-basdır etməyə cəhd edilir, guya heç nə olmayıb kimi Qərb xoflanmaqda və maniyada təqsirləndirilir. Ancaq vəziyyəti dəyərləndirəndə aydın olur ki, Londonda casusları öldürərkən kimyəvi silah hesab edilən zəhərli qazdan istifadə edilib. Bu qaz çox təsirli və qorxuludur. Hətta bir adam bu silahla az qala bütöv bir şəhəri zəhərləyə bilərsə, bu, əlbəttə, kimyəvi silahdır. Mənim qənaətimcə, hadisələr getdikcə daha dramatikləşəcək.
- Dramatikləşəcək deyəndə nəyi nəzərdə tutursunuz?
- ABŞ-da müəyyən kadr dəyişikliyi baş verir. Vaxtilə Rusiyada işləyən “Ekson Mobil” şirkətinin rəhbəri, Prezident Putindən mükafat alan Tillerson dövlət katibi vəzifəsindən kənarlaşdırıldı. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Pompeo bu posta gətirildi. Zənnimcə, bu dəyişiklik o deməkdir ki, ABŞ Dövlət Departamenti daha aqressiv, yeri gələndə xüsusi kəşfiyyat orqanlarının fəaliyyətinə söykənən siyasət yürüdəcək və qarşı tərəfi zəiflətmək, qorxutmaq və təhdid etmək kimi taktiki variantlardan istifadə etməyə çalışacaq.
- Konkret olaraq 4 dövlətin Rusiyaya qarşı birgə bəyanatının hansı nəticələri ola bilər?
- Artıq bu nəticə meydandadır. İngiltərə Rusiya ilə diplomatik əlaqələri dayandırıb, London Moskvanın diplomatik personalını ölkədən çıxarması üçün bir həftə vaxt verib. Rusiya isə buna qarşılıq verəcəyini, adekvat cavab tədbirləri görəcəyini elan etdi. Üstəlik, ABŞ tez-tez təkrar etdiyi müəyyən fəaliyyət proqramlarını sanki bu mərhələdə təxirə salır və əsas diqqəti Rusiyaya çevirir. Məsələn, Şimali Koreya ilə münasibətləri nizama salmaq xətrinə guya hər şeyin qaydada olduğunu, danışıqların effektiv nəticələrə gətirib çıxaracağını deyirlər. İran məsələsində əvvəlki ritorika və təhdid nisbətən azalıb. Amma Rusiya ilə bağlı kəskin fikirlərdən çəkinmirlər.
- Bu dörd ölkənin Rusiyaya qarşı əməkdaşlığı şimal qonşumuza hansı zərbələr vura bilər?
- Əvvəla, Rusiyaya qarşı sanksiyalar mexanizmi dərinləşdiriləcək. Yəni zəhərlənmə hadisələrindən sonra sanksiyalar konkret forma alacaq, konkret ünvanlar göstərilməklə tətbiq ediləcək. Xüsusilə, Böyük Britaniyada Rusiyanın əmlakına, banklarda olan pullarına həbs qoyulur. Bura Putinin əgər əmlakı və ya bank hesabı varsa, o da daxildir. Hətta fikirlər səslənir ki, bu mal və əmlakın müsadirəsi də gündəmdədir. Yəni Rusiya vətəndaşlarına, siyasi elitasına məxsus olan ev, malikanə, torpaq sahəsi, otel və digər daşınmaz əmlak növləri müsadirə olunaraq London hökumətinin xəzinəsinə verilə bilər. Eyni proseslərin ABŞ-da da həyata keçiriləcəyi gözləniləndir. İsveçrədən isə xahiş edilib ki, Rusiyanın bu ölkənin banklarında olan pullarının mənbəyini, sahiblərinin adını, miqdarını açıqlasın. Yəqin bu istiqamətdə də işlər aparılacaq.
- Bütün bu addımlar Rusiyaya, xüsusilə bu ölkənin iqtisadi-sosial həyatına ciddi təsir edə bilərmi?
- Artıq təsir etməyə başlayıb. Tillersonun “Ekson mobil” şirkəti artıq Rusiyanı tərk edib. Buna bənzər, amma bir neçə neft sahəsində ixtisaslaşan şirkətlər Rusiyadan getməyə başlayıb. Bu o deməkdir ki, Rusiya Arktikaya doğru tundra meşələrində neft-qazma proseslərini həyata keçirə bilməyəcək. Çünki burada neft dərindən çıxarılır, neft çıxarılan yerlərin ərazisi isə texniki əməliyyatların keçirilməsi üçün çətindir. Rusiyada isə texnologiya yoxdur ki, bu prosesi özü həyata keçirsin. Bu isə o deməkdir ki, neft və qaz istehsalı azalacaq. Eyni zamanda Rusiyada milli gəlirin artımı ötən il sıfır səviyyəsində idi, bu il isə bunun sıfırdan da aşağı düşəcəyi gözlənilir. Yəni reqressiya yaşanacağı realdır. Bu səbəbdən də sosial sahələrə ayrılan büdcə vəsaitləri azalacaq. Bir sözlə, təqaüdləri artırmaq mümkün olmayacaq, aztəminatlı ailələrə verilən təqaüdlər azala bilər. Diqqət edin, bu il Rusiya hərbi büdcəsini azaltmaq məcburiyyətində qaldı. Putin hakimiyyətə gələndən ilk dəfədir ki, Rusiyanın hərbi büdcəsi hiss ediləcək dərəcədə azaldıldı. Bu proses gələcəkdə də davam edə bilər. Bunun müqabilində Rusiyanın müxtəlif silahlar ixtira etməsi, guya bunların ölümcül silahlar olması haqda sözlər isə gözə kül üfürməkdən başqa şey deyil. Məsələn, bəlli olub ki, bu silahlar SSRİ dövründə hazırlanıb. Sadəcə olaraq onların texniki parametrləri dəyişdirilib. Rusiya öz əhalisinin ictimai-siyasi rəyini saxlamaq məqsədilə bu addımları atır, eyni zamanda Qərbi təhdid etməyə çalışır. Çünki Rusiya uzun müddətdir ki, Qərbi qorxutmaqla müəyyən uğurlara nail olub. Ancaq görünən odur ki, bu era başa çatır. Qərb nəinki bu təhdidlərdən qorxmur, əksinə, hətta əks-hücuma keçir və bundan sonra Rusiyanın özünün qorxudulması prosesi başlaya bilər.
- Bu, daxildə narazılığı nə dərəcədə artıra bilər?
- Rusiyada media hakimiyyətin nəzarətindədir. Jirinovski tipli “vətənpərvərlər” televiziya vasitəsilə əhalini qızışdırır, yalanlar hesabına militarist təfəkkürə söykənən düşüncə tərzini eyni səviyyədə saxlamağa çalışır. Sözsüz ki, Rusiyada Yavlinski tipli siyasətçilər və ya müxalifətin başqa qanadları, habelə ziyalılar anlayırlar ki, deyilənlərin çoxu ciddi əsaslara söykənmir, daha çox Putinin seçki təbliğatına köklənib. Amma Rusiya elə ölkədir ki, orada inqilabi şəraitin yaranması an məsələsi olur. Nəzərə almaq lazımdır ki, Rusiya çoxmillətli ölkədir, burada 250-dən çox xalq yaşayır. Onların içərisində Rusiyada həlledici rol oynayan tatarlar, başqırdlar və digər xalqlar var. Onlar Rusiya elmində və iqtisadiyyatında həlledici mövqe tuturlar. Onlar həm də narazıdırlar. Xüsusilə, tatarlar. Belə bir vəziyyətdə daxili siyasi sabitliyi qoruyub saxlamaq elə də asan olmaya bilər.