ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun bu gün Kopenhagendə keçirilən Büro iclasında Dağlıq Qarabağ separatçılarının təmsilçilərinin ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirib:
"Təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçisiləri bu yaxınlarda ABŞ və Fransaya qanunsuz səfər ediblər. Separatçılar ABŞ Konqresində və Fransa Senatında və Milli Assambleyasında görüşlər keçirmişlər.
Onu da qeyd etməliyəm ki, separatçı rejimin nümayəndələrinin bu kimi səfərlərinin sistematik hal alması Azərbaycanın Fransa və ABŞ ilə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına ziddir və ən vacibi isə bu ölkələrin Minsk qrupunun həmsədrləri kimi mandatlarına uyğun deyil. Belə səfərlərin təşkil olunması Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün danışıqlara mane olur və separatizmi və işğalı təbliğ edir.